Şuşa bizi gözləyir...

Ölkə başçısının da vurğuladığı kimi, bu gün Azərbaycanın böyük inkişafa nail olması, dünya dövlətləri səviyyəsində tanınması, iqtisadi-siyasi, hərbi güc qazanması ölkəmizin istər xaricində, istərsə də daxilindəki ermənipərəst qüvvələri daha da qıcıqlandırır və onlar bu gün də anti-Azərbaycan fəaliyyətlərindən əl çəkmirlər.

Son iki yüz ildə Azərbaycan ərazisində xarici havadarların məqsədli şəkildə məskunlaşdırdıqları ermənilər “Böyük Ermənistan” yaratmaq xülyası ilə türk xalqlarına qarşı insanlığa sığmayan ən qanlı faciələr törədiblər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ermənilərin işğalçılıq və etnik təmizləmə, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, imperiya əsarəti xalqımıza qarşı törədilən hadisələrin qarşısının alınmasına və araşdırılmasına imkan verməyib. Əksinə, erməni vandalizmini, məruz qaldığımız soyqırımı və digər bu kimi tarixi həqiqətləri gizli saxlayaraq bizə unutdurmağa çalışıblar. Elə bunun nəticəsində də sonrakı dövrlərdə Azərbaycanın yenidən 20 faizdən artıq torpağı erməni işğalına məruz qalıb. Lakin tarix elə bir zaman ölçüsüdür ki, bu çərçivədə baş verənləri insanlar yalnız uzun müddət keçdikdən sonra dərk etməyə başlayır.

Uzun illər gizli fəaliyyət aparan ermənilər 1988-ci ilin əvvəllərindən başlayaraq, Dağlıq Qarabağın və digər ərazilərimizin işğal edilməsi siyasətini planlı şəkildə həyata keçirirdilər. Həmin illərdə Azərbaycan Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qalmışdı. Bir tərəfdən dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyət, rayon və şəhərlərin itirilmə təhlükəsi, digər tərəfdən isə ölkə daxilində baş alıb gedən intiriqalar, hakimiyyət kürsüsünü mənimsəyənlərin bir-biri ilə savaşması, bunun da nəticəsində hakimiyyətlə xalq arasında uçurumun dərinləşməsi, özbaşınalıq işğalı daha da sürətləndirir, məkrli düşmənə şərait yaradırdı.

XIX əsrdən etibarən Azərbaycan torpağında, o cümlədən Qarabağda məskunlaşmağa başlayan ermənilər öz mənfur niyyətlərini gerçəkləşdirmək üçün Şuşaya da göz dikmişdilər. Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmış Qarabağ vilayətinin, 1840-cı ildən isə Şuşa qəzasının mərkəzinə çevrilən şəhərdə çar hökumətinin himayədarlığı ilə çoxalan ermənilər azərbaycanlıları sıxışdırmaq üçün qanlı hadisələr törədirdilər. Həmin dövrdə şəhər ermənilər tərəfindən hücuma məruz qalaraq dağıdıldı. 1920-ci ildə ikinci dəfə Şuşa erməni vandalizminə məruz qaldı. Şəhərin üçüncü dəfə belə aqibətlə üzləşəcəyi heç kimin ağlına gəlmirdi.

Əgər zaman-zaman düşmənçiliklərini həyata keçirən ermənilərin gizlin şəkildə Zəngəzurda, Qarabağda və digər bölgələrimizdə törətdiklərini, ələxsus da Şuşada baş vermiş “Bağrıqan” kimi qanlı hadisələri unutmasaydıq, onda, bu gün Parisə bərabər tutulan, bəlkə də, ondan da üstün olan Şuşa şəhəri erməni işğalına məruz qalmazdı. Azərbaycanın bugünkü və gələcək nəsillərinin həmin hadisələrdən xəbərdar olmalarına böyük ehtiyac var.

1905-1906-cı illərdə ermənilərin azərbayanlılara qarşı qanlı cinayət kimi tarixə yazılan “Bağrıqan” hadisəsini xatırlamaq istərdik. Mənbələrdə göstərilir ki, Şuşa qalasının şərq tərəfində “Bağrıqan dağı” deyilən yerdə uca qaya varmış. Avan koxa adlı bir erməni öz təbəələri ilə həmin dağda yaşayırmış. O öz adamlarına tapşırır ki, harda müsəlman görsələr, tutub onun hüzuruna gətirsinlər. Onlar Avanın əmri ilə tutduqları azərbaycanlını çılpaqlayıb üzü üstə yerə yıxıb kürəyinin dərisində dörd barmaq enində bıçaqla boynundan qom ətinəcən iki tərəfdən xətt çəkir və dərinin ucunu aşağı əyidilmiş ağacın qüvvətli bir budağına bənd edib budağı buraxırmışlar. Ağacın budağı qüvvətlə yuxarı qalxanda həmin insanın dərisi də boynuna kimi soyulurmuş və bağırtısı o dağda əks-səda olurmuş. Yüzlərlə müsəlman faşist xislətli ermənilər tərəfindən bu üsulla məhv edildiyinə görə həmin dağa el arasında “Bağrıqan dağı” deyilir.

Amma nə yazıq ki, bu cür qan donduran dəhşətli hadisələri unutduq. Və sonrakı illərdə bundan da dəhşətli faciələri yaşamağa məhkum olunduq.

Bir tərəfdən özümüzün unutqanlığımız, digər tərəfdən isə ölkəmizdəki müxtəlif qrupların, xəyanətkarların siyasi maraqları naminə Şuşa da digər şəhər və bölgələrimiz kimi belə mənfur düşmənin qarşısında diz çökdürüldü. Lakin bu, vandal Ermənistan ordusunun Azərbaycan ordusu üzərində qələbəsi deyildi. Şuşanın işğalı sırf xəyanətin nəticəsi idi. Bütün bunların əsas səbəbkarı isə o zamankı hakimiyyət və dövlət idarəçiliyini silah gücünə ələ almağa çalışan AXC-Müsavat cütlüyü idi.

Havadarları tərəfindən təpədən-dırnağadək silahlandırılmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də milli mədəniyyətimizin, musiqimizin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni, Qarabağın canevi olan Şuşanı işğal etdi. Artıq iyirmi yeddi ildir ki, Şuşa təcavüzkar Ermənistanın işğalı altındadır. Yağı tapdağı altında olan Şuşa ölüm sükutuna qərq olub. Dünya dövlətlərinin işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün var qüvvələri ilə çalışırlar. Qarabağın tacı sayılan, təbii gözəllikləri, xarı bülbülü, zəngin meşələri, şəlalələri, Cıdır düzü, İsa bulağı, Turş suyu ilə bir vaxtlar təkcə yerli sakinlərinin deyil, eyni zamanda respublikanın bütün bölgələrindən, xaricdən gələn qonaqların könlünü oxşayan Şuşa 27 ildir öz xilaskarını gözləyir.

İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl siyasət nəticəsində işğal altında olan torpaqlarımız azad ediləcək, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq.

Tahirə AĞAMİRZƏ 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993