Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş üzrə düşünülmüş və səmərəli dövlət siyasəti həyata keçirilir

 

Aprelin 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin ölkəmizdə səfərdə olan direktoru Aleksandra Bilakla görüşüb.

Dövlət Komitəsinin sədri qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdiyi məhrumiyyətlər, məruz qaldıqları maddi və mənəvi itkilər, bu problemin həllinə beynəlxalq təşlikatların münasibəti, dövlətimizin öz imkanları daxilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Qeyd olunub ki, Azərbaycan­da qaçqınlar və məcburi köçkün­lərlə iş üzrə düşünülmüş və effektiv dövlət siyasəti həyata ke­çirilir. Prezident İlham Əliyev məc­­buri köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, maddi rifahının yüksəldilməsini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin prob­lemlərinin həlli üçün məqsədyönlü iş aparır.

Qonaqlara məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədi ilə keçirilən əmək yarmarkaları, eləcə də onların müvəqqəti məskunlaşdıqları yerlərdə yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunmaları üçün keçirilən aksiyalar haqqında ətraflı məlumat verilib.

Cenevrədə yerləşən Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsindəki dövlət siyasətini, onların sosial problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirib, ölkəmizdə mövcud təcrübənin dünyada nümunə olduğuna diqqət çəkib.

Mərkəz haqda məlumat verən A.Bilak bildirib ki, mərkəz hər il Daxili Köçürülmə üzrə Qlobal Hesabat tərtib edir. Hesabatda son statistik və ölkələrdə vəziyyətlər üzrə məlumatlar, eləcə də tematik və siyasi təhlillər təqdim edilir. Qlobal Hesabatda həmçinin dünyada münaqişə və təbii fəlakətlər nəticəsində ölkə daxilində köçürülmüş şəxslərin sayı açıqlanılır. Hesabatda ölkə daxilində köçürülmələr üzrə təqdim edilən statistik məlumatlar və təhlillər dövlətlər, beynəlxalq təşkilatlar, beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalistlər və elmi dairələr tərəfindən əsas məlumat mənbəyi kimi istifadə edilir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak qəbula görə minnətdardılığını bildirib.

***

Mayın 1-də Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak nümayəndə heyəti ilə birgə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub.

Uzun müddət Ermənistanın işğalçı qüvvələrinin nəzarəti altında qalan, 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun uğurlu əks-həmlə əməliyyatı nəticəsində azad edilən kənddə Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilmiş bərpa-quruculuq işləri barədə qonaqlara ətraflı məlumat verən Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib ki, respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış sakinlər artıq öz ata-baba yurdlarına qayıdaraq burada təhlükəsiz şəraitdə yaşayırlar. Cocuq Mərcanlıya qayıdış işğal altındakı digər ərazilərin də tezliklə işğaldan azad edilcəyinə və “Böyük Qayıdış”ın başlancağına ümid və inam yaradıb.

Cəbrayıl rayonunun icra hakimiyyətinin başçısı Kamal Həsənov qonaqlarla görüşdə kəndə qayıtmış əhalinin sosial-iqtisadi vəziyyəti, məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən tədbirlər barədə söz açıb. Qeyd edilib ki, burada iş yerlərinin yaradılması məqsədilə yerli və xarici təşkilatlar tərəfindən layihələr həyata keçirilir.

Daha sonra qonaqlar Cocuq Mərcanlı sakini Oqtay Həziyevin evində olublar. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hələ 1994-cü ildə aparılan uğurlu Horadiz əməliyyatından sonra işğaldan azad edilsə də, kənd işğalçı qüvvələrin yaxın məsafədəki mövqelərindən daim atəşə tutulurdu. Aprel döyüşləri nəticəsində təcavüzkarlar geri çəkilməyə məcbur edildilər. Hazırda müasir üslubda bərpa olunan kənddə rahat yaşayış üçün hər cür şərait yaradılıb.

Qonaqlar Cocuq Mərcanlıda inşa edilmiş Şuşa məscidinin bənzəri olan məscidə və digər infrastruktur obyektlərinə baş çəkib, yerli icma nümayəndələri ilə görüşüblər. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə təşkil edilən səfərdə Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktorunun köməkçisi Hacen Məhəmmədi, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, həmçinin onun müşaviri Seymur Mərdəliyev və digər qonaqlar iştirak ediblər.

Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin ölkəmizdə səfərdə olan direktoru Aleksandra Bilak Cocuq Mərcanlıda aparılan işləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, azərbaycanlı məcburi köçkünlərin məruz qaldığı humanitar faciənin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm tədbirlər görülməlidir. Təşkil edilən səfər görə, Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak öz təşəkkürünü bildirib.

Orxan ASLANLI

Ədalət MEHDİYEV (foto) 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993