“Şuşada “Sənsiz”i oxuya bilsəm...”

Müsahibimiz Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovdur.

- Köçkün teatrı... Qəribə səslənir bir az... Yoxsa qulağınız öyrəşib? Qaçqın və məcburi köçkünlərə ilk vaxtlar qəribə baxanlar da vardı. 

- Mən “qaçqın”, “köçkün” ifadələri ilə heç vaxt barışa bilməmişəm. Bir acı həqiqəti xatırlamaq istəyirəm ki, bizdə çoxları qardaşının, bacısının faciəsini öz başına gələndən sonra anlayır. Çoxları bizi qorxaq adlandırdı. Bu sözü başına gəlməyən hər kəs deyirdi. Amma yalandı. Hamı yaşamaq istəyir. Əli silahsız camaat nə edəcəkdi? Adam döyüşdə həlak olar. Çıxma, dayan və denən ki, gəl, məni öldür, çıxmıram – inandırıcı deyil. Bu yalançı ifadədir. Mən doğulduğum rayona, Ağdama gələndə öz qohumlarım, həmkəndlilərim, müəllimlərim mənə “bir sınıq vedrə tapmadınız ki, səs edəsiniz, ermənilər qorxub qaçsın? Niyə gəlmisiniz?” kimi sözlər dedilər. Bəzilərinə hirslənirdim, bəzilərinə başa salmaq istəyirdim, bəzilərinə isə heç nə demirdim. Belələri bu faciənin millətin faciəsi olduğunu anlamırdılar. Bu faciəni hamı anlamalıdır. Rayonu, kəndi işğal olunan-olunmayan hər bir azərbaycanlı qaçqındır. Çünki bu, təkcə şuşalının, ağdamlının, cəbrayıllının yox, bütün Azərbaycanın dərdidir.

- Əslində, ermənilər məkrli planlarını çoxdan qurmuşdular. Əvvəl mədəniyyətimizə qəsd etdilər, sonra özümüzə. Mümkünsə, bir az Şuşa Teatrının Şuşalı illərindən danışaq.

-  Şuşa Teatrının tarixi çox qədimdir. Azərbaycan teatrının yaranması 1873-cü ildən götürülür. Mən vaxtilə mədəniyyət nazirinə müraciət etmişdim ki, Şuşa Teatrının tarixi araşdırılsın. O da Elmlər Akademiyasına rəsmi müraciət elədi və akademiya Şuşa Teatrının 1874-cü ildə yarandığını qeyd etdi. Bu tarix Azərbaycanda teatrın yaranması ilinə uyğun olaraq götürüldü. Amma Tiflisdə dərc olunan tarixi sənədlərdə, “Kafkaz” qəzetində 1848-ci ildə Şuşada həm teatr, həm də sirk truppasının fəaliyyət göstərdiyi qeyd olunub. 1948-ci ilə qədər Şuşada teatr fəaliyyət göstərib və Üzeyir Hacıbəyovun sağlığında onun adını daşıyıb. Üzeyir bəy dünyasını dəyişəndən sonra ermənilərin təsiri ilə Nazirlər Soveti maliyyə çətinliyini əsas gətirərək teatrın fəaliyyətinə xitam verib. Amma həmin ildə Stepanakertdə -  torpaqlarımıza qayıtmayana qədər mən Xankəndi deməyəcəm - Maksim Qorki adına Dövlət Teatrı var idi. Şuşa Teatrının bağlanmasının səbəbkarları buradakı vəzifəli ermənilər oldu. 41 ildən sonra, 1990-cı ildə teatrın fəaliyyətini bərpa elədik. 41 il ərzində Şuşada həmişə teatr mühiti olub. Özfəaliyyət teatr kollektivləri, geniş şəkildə də olmasa, fəaliyyət göstərib. Hətta operalardan parçalar oynanılıb.

- Köçkünlük dövründə teatrı da müvəqqəti “məskunlaşdırmaq” lazım gəldi. Bu məsələni necə həll etdiniz?

- Şuşa işğal olunduqdan sonra Azad Şükürovla birlikdə axtarmadığımız sığınacaq qalmamışdı. Həsən Əbluc bizə Gənc Tamaşaçılar Teatrının o zamankı direktoru Kamal Əzizovun yanına getməyi məsləhət gördü və özü də mənimlə birgə getdi. Kamal müəllimlə danışıb, bizə teatrda oturmağımız üçün bir otaq ayrılmasına nail olduq. Kamal müəllim bizə dedi ki, buranı öz teatrınız hesab edə bilərsiniz. Qısa müddətdə kollektivin 90 faizi bir yerə yığışdı. Xoşbəxtlikdən aktyorlarımızın əksəriyyəti Bakıda məskunlaşmışdı. 1993-cü il fevralın 13-də, qarlı, şaxtalı bir gündə “Arşın mal alan”la açılış etdik. Sərt qış havasına rəğmən, tamaşada anşlaq oldu. Camaat ayaq üstündə tamaşaya baxırdı. Zaldan çıxanlar bizə “çox sağ ol”la bərabər bu sözləri də deyirdilər: “Şuşa ki Şuşa!” Bu ifadə və həmin gün heç vaxt mənim yadımdan çıxmayacaq.

12 il Gənc Tamaşaçılar Teatrında məs­kun­laşdıq, yaşadıq. Həmin vaxtdan binası, yeri olan heç bir teatrdan geri qalmadıq. Onlar kimi plan və tapşırıqları yerinə yetirdik. Bütün hərbi hissələrdə, bölgələrdə tamaşalar nümayiş etdirmişik. Gənc Tamaşaçılar Teatrının binası təmirə dayandı və biz 8-ci mikrorayondakı istifadəsiz “Savalan” kinoteatrına köçdük. Daha sonra, bina Mədəniyyət Nazirliyinin tabeliyinə keçdi və nazirlik həmin binanı Şuşa Teatrına hədiyyə etdi. 2007-ci ildə prezidentin qaçqın teatrları ilə bağlı xüsusi fərmanı var idi. “Savalan” kinoteatrı təmirə bağlananda biz 4 il dost məkanında, şadlıq evində məskunlaşdıq. Məşqlərimizi orada edirdik. 2018-ci ildə - Prezidentimizin ad günündə teatrımızın rəsmi açılışı oldu.

- Köçkünlük illərində aktyorların teatrdan uzaqlaşması halları çox oldu?

- Çox oldu deməzdim, amma teatrdan uzaqlaşanlar oldu. Bəziləri rayonda məskunlaşmışdı, Bakıda yaşamağa yerləri yox idi. Bəzisi teatrın maaşına qane olmadı və başqa işə getdi. Bizə qalanlar lazım idi. Şuşanı və Şuşa Teatrını yaşadanlar. Mənim bir şüarım var: Harada doğulmağından və yaşamağından asılı olmayaraq Şuşa Teatrında çalışan hər bir insan mənim üçün şuşalıdır. Əvəzedilməz insan yoxdur. Sabah mən də olmayanda kimsə məni əvəz edəcək.

- İndi aktyorların vəziyyəti necədir? Fəxri adlarla, təqaüdlərlə təmin olunurlarmı?

- Azərbaycanın ilk döyüşçü aktrisası Şükufə Musayeva bizim teatrda çalışır. Qarabağda döyüşüb, yaralanıb və bədənində qəlpə gəzdirir. Şükufə xanım 2000-ci ildə mənimlə birgə əməkdar artist adını aldı. Ötən il dövlətimiz və nazirliyimiz Şükufə xanıma böyük diqqət göstərərək Xalq artisti fəxri adı ilə təltif etdi. Mən, baş rejissorumuz Loğman Kərimov, Azad Məmmədov, Nazir Rüstəmov, Teymur Məmmədov - əməkdar artist, ansamblımızın bədii rəhbəri Nəsib Məhərrəmov əməkdar mədəniyyət işçisi adına layiq görül­müşük. Zamanla prezident mükafatı ilə mən, Azad Məmmədov, Püstəxanım Zeynalova  mükafatlandırılmışıq. Hazırda bu mükafatı teatrda Şükufə xanım və Loğman Kərimov alır. Bizim teatra diqqət var. Nazirliyin Şuşa Teatrı ilə bağlı yeni layihələri də olacaq.

- Repertuarınızda Qarabağ mövzusu nə dərəcədə əks olunur? Şuşaya aid tamaşalar varmı?

- Repertuarımızda Qarabağa aid yaxşı tamaşalarımız var. Nazir Rüstəmov ilk dəfə “Kamança”nı hazırladı. Hal-hazırda repertuarımızda Elnurə Abdullayevanın “Ağ qayıq” və “Əsgər papağı” tamaşaları maraqla izlənilir. Bizim Xocalı dərdindən bəhs edən “Xocalım, ay Xocalım” kompozisiyamız var. Dram, komediya, faciə janrında olan əsərlərimiz də var.

- Şuşaya qayıtmağa inamınız varmı?

- Bu gün əgər kimsə məni inandırsa ki, Şuşaya qayıtmayacağıq, onda həmin an Allahdan özümə ölüm arzulayaram. O ümid hələ də məndə var. Haqq nazilər, üzülməz. Şuşa şəhərinin girişində gözəl bir evim var idi. Mən o evi 5 ilə, halal zəhmətimlə tikmişdim. İçində 1 il 8 ay yaşamışam. Türkiyədə qurultayda olanda orada iki erməni rəssam var idi. Biri Şuşada yaşayırdı. O, mənə dedi ki, sənin evinin birinci mərtəbəsində keşiş yaşayır, ikinci mərtəbəsindən isə dini idarə kimi istifadə edirlər. Və orada bu evin teatrın direktoru Yadigara məxsus olduğunu deyirlər.  Mənim evimlə şəhərin qala divarının arası 100 metr olar, ya olmaz. Mənim bircə arzum var: ora qədər gedib çıxım, üzümü qala divarlarına sürtüb “Sənsiz”i oxuyub, ölüm! 1995-ci ildə nümayəndə heyətinin tərkibində Qarabağa getdik. Hamı danışır, mən dinmirəm, qulaq asıram. Ürəyimin səsi yox, guppultusu qulaqlarıma gəlirdi. Mənim torpağımda, vətənimdə mənə ekskursiya keçirlər, vətənimi mənə “tanıdırlar”. Orada mənə də söz verdilər. Dedim, bu gün Məhəmməd Füzulinin və Üzeyir bəyin ruhunu şad etmək istəyirəm. Ayağa durdum, Əsgərin ariyasını sona qədər oxudum. Ermənilər məni nə qədər alqışladılar. Bizim bəzi dırnaqarası jurnalistlərimiz qəzetdə yazmışdılar ki, “Yadigar Muradov Xankəndidə ermənilərə konsert verdi”. Onlar bu incəliyi anlamadılar.

İnşallah, biz Şuşaya qayıdacağıq, qayıtmalıyıq. Allah bunu götürməz. Mən özüm də müharibə veteranıyam. Tam səmimi deyirəm, özüm başda olmaqla üç oğlumla vətən uğrunda ölməyə və öldürməyə hazıram. Təki torpağımız işğaldan azad olunsun.

- Şuşaya qayıdanda hansı tamaşaya quruluş vermək istəyərsiniz?

- Bizim ilk oynadığımız tamaşa “Arşın mal alan” olub. Şuşadakı teatr binamız artıq yoxdur. Onu söküb, yerində park salıblar. Ora çatan kimi o binanın yerində olan parkda elə “Arşın mal alanı” oynayacağıq. Bu arzumu ilk dəfə sizə deyirəm. Torpaqlarımız bizə qayıtsın və mənbir məsələni qaldıracam: Şuşada Opera Teatrı olsun. Şuşada Opera Teatrı olmalıdır.

ŞƏRİF

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993