20 Yanvar - Qəhrəmanlıq tariximiz

1990-cı ilin 20 Yanvar hadisələrinin 25 ili tamam olur. Azərbaycan xalqının qürur mənbəyinə çevrilən bu tarix ən yeni tariximizin şanlı səhifələrindəndir. Xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirən 20 Yanvar hadisələri milli azadlıq hərəkatının müstəqilliyə doğru inamla irəliləməsində ciddi dönüş nöqtəsi oldu.

İllər keçdikcə xalqımız 20 Yanvar qırğınının əsl mahiyyətinin səbəblərini daha aydın şəkildə dərk edir və hər dəfə də haqsızlığın miqyası heç bir ölçüyə sığmadığı kimi, faciəyə aparan ədalətsiz siyasətin, daha doğrusu, xəyanətkarlığın hüdud tanımadığı da dönə-dönə sübut olunur. Bu qanlı tarixi unutdurmaq üçün vaxtilə nə qədər təşəbbüslər oldu: qəzetlər buraxılmadı, dövlət televiziyasının enerji bloku partladıldı, ölkənin bütün kütləvi informasiya vasitələri iflic vəziyyətinə salındı. Hətta 20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr bilərəkdən təhrif edilərək yanlış yozuma yönəldildi. Lakin xəyanətkarlar anlamırdılar ki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin azadlığı və müstəqilliyi uğrunda ən ağır sınaqlara dözmək, hətta şəhid vermək qüdrətini bütün dünyaya göstərmək əzmindədir.

Tarixi prizmadan yanaşdıqda aydın olur ki, 20 Yanvara aparan yol 1988-ci ilin ziddiyyətli hadisələrindən başlanır. Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə impulslar verdi. Respublika vətəndaşları SSRİ rəhbərliyinin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etirazlarını bildirdi, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını tələb etdi. Bu zaman ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan xalqımızın müqavimət əzmi daha da artmışdı. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda bu hərəkatın qarşısını müəyyən qədər alsa da, əhalinin narazılığını qətiyyən boğa bilmədi.

Azərbaycana, azərbaycanlılara qarşı qərəzli münasibət açıq-aşkar göz qabağında idi. Azərbaycanlılar hələ 1988-ci ildən əvvəl də SSRİ-nin mərkəzi kütləvi informasiya vasitələrində və Ermənistanın müxtəlif mətbu orqanlarında məqsədyönlü şəkildə həyata keçirilən ideoloji təcavüzə məruz qalırdılar. Bu, 1988-ci ildə Ermənistanda, eləcə də DQMV-də başlanmış kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi də hesab edilə bilərdi. Ermənistanda yaşayan azərbaycanlıların misli görünməmiş qəddarlıqla ata-baba yurdlarını tərk etməyə məcbur edilən zaman neçə-neçə soydaşımız, o cümlədən qocalar, qadınlar və uşaqlar qətlə yetirildi. Bütün bunlar SSRİ rəsmiləri tərəfindən tam sükutla müşayiət olunurdu. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün xalq ayağa qalxdı. SSRİ rəhbərliyi isə hüququ pozulan azərbaycanlılara divan tutmaq yolunu seçdi.

1990-cı il yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların bölmələri Bakı şəhərinə yeridildi. Bakının zəbt edilməsi xüsusi qəddarlıqla və misli görünməmiş vəhşiliklərlə müşayiət olundu. Öz milli mənafeyi və hüquqlarının qorunması üçün ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və beləliklə sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycana, azərbaycanlılara qarşı hərbi təcavüzü və ağlasığmaz cinayəti idi. Bu, insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarının kobudcasına pozulması demək idi.

Belə bir ağır vaxtda respublikanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər lider oldu. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar ulu öndərin Moskva nümayəndəliyinin binasındakı qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı gördülər. Ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. Burada Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması tələbi irəli sürüldü.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsi günün tələbi oldu. Elə bunun nəticəsində də 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi. Ümummilli liderin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı fərmanda deyilirdi ki, XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir.

Bəli, o qanlı faciədən sonrakı dövrdə xalqımızın siyasi iradəsinin müstəqillik arzularının yenilməzliyi bir daha təsdiq olundu. Bugünkü müstəqil Azərbaycan qəhrəman xalqımızın azad və müstəqil yaşamağa layiq olduğunu sübut etdi.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993