Prezident İlham Əliyev: “Ölkə qarşısında duran bütün vəzifələr, problemlər öz həllini tapacaq”

“Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapmalıdır. Son illər ərzində görülmüş işlər göz qabağındadır. Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır”. Prezident İlham Əliyev bu sözləri aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışı zamanı sakinlərlə görüşərkən deyib.

Biz indi inkişafımızın yeni mərhələsindəyik

Dövlətimizin başçısı bu gün iqtisadi inkişaf təmin edildiyini, bu il iqtisadiyyatımızın 3 faiz artdığını və əvvəlki illərə nisbətən artımın daha böyük olduğunu vurğulayaraq deyib ki, bu, bizi tam qane edə bilməz. “Çünki hesab edirəm ki, potensial daha böyükdür və biz iqtisadi baxımdan daha yüksək templərlə artmalıyıq. Ancaq, eyni zamanda, aparılan islahatlar və islahatların dərinləşməsi bizə əlavə imkanlar yaradır. Son illər ərzində çox böyük işlər görülüb, işlər də göz qabağındadır. Ancaq biz indi inkişafımızın yeni mərhələsindəyik” , - deyən Prezident İlham Əliyev son prezident seçkiləri ərəfəsində növbəti dövrün islahatlar dövrü olacağını bəyan etdiyini xatırladıb. Hər bir ölkə üçün islahatların mühüm əhəmiyyət daşıdığını qeyd edən dövlətimizin başçısı diqqətə çatdırıb ki, islahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir. “Bizdə hər bir sahə üzrə çox aydın təsəvvür və iş proqramı var. Ona görə islahatların dərinləşməsi nəticəsində əldə edilmiş nailiyyətlər, əlbəttə ki, vətəndaşların rifah halını yaxşılaşdırır”, - deyən ölkə rəhbəri bu ilin üç ayında büdcə daxilolmalarının böyük dərəcədə artdığını, vergi və gömrük orqanlarının plandan əlavə 200 milyon manatdan çox vəsait topladıqlarını vurğulayıb.

Bunun islahatların, şəffaflığın hesabına, aparılan siyasət nəticəsində baş verdiyini qeyd edən Prezident İlham Əliyev deyib: “Sahibkarlar da razıdır, çünki bu gün sahibkar da bilir ki, dövlətin vergisini ödəməlidir, tam ödəməlidir və ondan başqa heç kimə heç bir ödəniş edilməməlidir. Mən indi görürəm ki, sahibkarlarda da bu işlərə böyük inam var”.

Daxil olan əlavə gəlirlərin, ilk növbədə, sosial məsələlərin həllinə yönəldildiyini xatırladan dövlətimizin başçısı deyib: “Düzdür, infrastruktur layihələri də lazımdır, biz oraya vəsait ayırmasaydıq, belə yollar çəkilə bilməzdi. Ancaq indiki şəraitdə biz vəsaiti daha çox insanların rifah halının yaxşılaşdırılması üçün yönəldirik. Təsadüfi deyil ki, keçən ilin aprel ayında prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Şəhid ailələrinə 11 min manat ödənişin təşkil edilməsi bizim niyyətimizi göstərir və bu ödənişlər aparılır. Ondan sonra qəbul edilmiş qərarlar, imzaladığım fərmanlar da bir məqsədi güdür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz baxımından böyük olsa da, bizi qane edə bilməz. Çünki biz daha da yüksək həddə çatmalıyıq və bunu etmək üçün daha da fəal işləməliyik. Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanmışdır ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır”.

Prezident İlham Əliyev Azərbaycanın indi inkişafın yeni mərhələsində olduğunu bir daha qeyd edərək bundan sonra iqtisadi artımın çox sürətlə gedəcəyini bildirib. “Nəzərə alsaq ki, bizim neft-qaz sahəsində apardığımız siyasət öz bəhrəsini verir, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi işə düşəcək. Bu, əlavə gəlir gətirəcək və gəlir də vətəndaşların rifah halının yaxşılaşmasına yönəldiləcək”, - deyə ölkə rəhbəri bir daha bəyan edib.

Biz öz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq

Dövlətimizin başçısı islahatların həm iqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həm də idarəetmə sahəsində aparılmasının vacibliyini diqqətə çatdırıb. Bu sahələrdə, hələ ki, təkmilləşməyə böyük ehtiyac olduğunu qeyd edən Prezident İlham Əliyev deyib ki, biz öz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq. Ölkə rəhbəri deyib: “Bu ilin yanvarında dördüncü regional inkişaf proqramı qəbul edilib. Bu proqramın qəbul edilməsində yerlərdən gələn müraciətlər əsas rol oynayır. Çünki vətəndaşları narahat edən problemlər var ki, biz onları bilməliyik və həll etməliyik. Bizim məqsədimiz budur, siyasətimiz də bundan ibarətdir. Əminəm ki, ölkə qarşısında duran bütün vəzifələr, prob­lemlər öz həllini tapacaq”.

İnsanlar əziyyət çəkirdilər

Prezident İlham Əliyev dövlət siyasətinin məqsədləri barədə danışarkən deyib ki, biz ölkəmizi gücləndiririk, beynəlxalq mövqelərimizi möhkəmləndiririk, hərbi gücümüzü artırırıq, sosial məsələlərin həllinə çalışırıq. “Son dövrdə imzaladığım fərmanlar doğrudan da həm təsirlidir, həm əhəmiyyətlidir, həm də ki, bizim siyasətimizi göstərir”, - deyən dövlətimizin başçısı bu fərmanlara başqa ölkələrdə rast gəlinmədiyini vurğulayb.

Problemli kreditlərin devalvasiyadan qaynaqlandığını, devalvasiyanın isə neftin qiymətinin 4 dəfə azalması ilə bağlı olduğunu xatırladan Prezident İlham Əliyev gəlirlərimizin, manatın məzənnəsinin aşağı düşməsindən insanların əziyyət çəkdiklərini qeyd edib.

“Maksimum çalışırdıq ki, vəziyyəti sabitləşdirək, sabitlik olsun, manat sabitləşsin. Artıq uzun müddətdir ki, manat sabit olaraq qalır. Bizim indiki iqtisadi və maliyyə vəziyyətimiz onu deməyə əsas verir ki, manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir. İqtisadi, maliyyə imkanı artdıqca biz, ilk növbədə, səylərimizi problemli kreditlərin həllinə yönəltdik və bunu həll etdik, özü də ən yüksək səviyyədə. İndi bu Fərman dərc edilib və orada göstərilən maddələr əminəm ki, kredit borcu olan hər bir vətəndaş üçün çox əhəmiy­yətlidir. Bundan 600 mindən çox insan bəhrələnir və artıq kompensasiyaların verilməsi prosesi başlanmışdır”.

Dövlət məmurları vətəndaşlara vicdanla xidmət etməlidirlər

Vətəndaşları narahat edən məsələlərin öz həllini tapmasının vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev hər yerdə, hər bir dövlət məmurunun, icra başçısının, bələdiyyə sədrinin vətəndaşlara xidmət etməli olduğunu xatırladaraq deyib: “Mən bunu dəfələrlə demişəm. Əfsuslar olsun ki, hər yerdə belə deyil, elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır. Bilirsiniz ki, mən vətəndaşlarla müntəzəm təmasda oluram. Mən vətəndaşlardan həm problemləri, həm də müsbət tərəfləri eşidirəm. Ona görə hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir və mənim də tələbim bundan ibarətdir. Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir”.

Daha da fəal işləməliyik

Dövlətimizin başçısı vətəndaşların rifahının, onların iqtisadi, maliyyə vəziyyətinin ildən-ilə daha da yaxşılaşdığını, əvvəlki dövrlə müqayisədə pensiyaların, maaşların təqribən 10 dəfəyə yaxın artdığını, lakin bu gün bunun qanedici olmadığını bildirib. “Nə etməliyik? Daha da fəal işləməliyik, iqtisadiyyat daha da sürətlə artmalıdır, sərmayə yatırılmalıdır, bürokratik əngəllər aradan qaldırılmalıdır, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır. Yerli icra orqanları çalışmalıdırlar ki, investisiyaları cəlb etsinlər. Çünki iqtisadi artım olmasa, onda bizim maliyyə imkanlarımız da olmayacaq. Bütün bu məsələlər bir-biri ilə bağlıdır”, - deyən Prezident İlham Əliyev ölkəmizin indiki iqtisadi vəziyyətinə və gələcək planlarına isnad edərək  tam əminliklə bildirib ki, biz ancaq yüksələn xətlə inkişaf edəcəyik və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəyik.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993