Qadın ucalığının, ana müqəddəsliyinin, həkim xeyirxahlığının əbədi simvolu

 

“O mənə sadəcə ömür-gün yoldaşı deyildi. O mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”, - Ulu Öndər Heydər Əliyev Zərifə xanımla bağlı xatirələrində belə deyirdi.   Tanınmış oftalmoloq-alim, yüzlərlə insanın qaranlıq dünyasına işıq bəxş etmiş akademik Zərifə xanım Əliyevanın işıqlı xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayır.

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun  Şahtaxtı kəndində görkəmli dövlət və ictimai-siyasi xadim, elm fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində anadan olub. Atasının ömür yolu Zərifə xanım üçün əsl həyat məktəbi idi. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər və milli dəyərlər üzərində qurulmuşdu. Belə bir ailədə böyüyüb tərbiyə alan Zərifə xanım bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellekti, geniş dünyagörüşü və kubarlığı ilə yaşıdları arasında seçilib. O, fitri istedadı və zəhmətsevərliyi sayəsində tibb elminə yüksək, zəngin erudisiyaya malik yenilikçi alim kimi daxil olub, böyük məktəb yaradıb. Azərbaycan qadınının bütün gözəl cəhətlərini özündə cəmləşdirən Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgisini əsirgəmirdi. Belə düşünürdü ki, müalicənin uğurlu olması üçün həkimin ilk vəzifəsi xəstəsinin qəlbinə yol tapmasıdır. Axı, sevgi, şəfqət ən ağır xəstəliklərdə müsbət rol oynayır.

Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirib, həmin il də Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1947-ci ildə institutu əla qiymətlərlə başa vurub. İki il Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İstitutunda ixtisaslaşma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnib Vətənə qayıdıb. 1949-cu ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda həkim-ordinator, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. 1950-1953-cü illərdə həmin institutun aspiranturasında təhsilini davam etdirib. Zərifə xanım əmək fəaliy­yətinə başladığı illərdə Azərbaycanda göz iltihabı və buynuz qişasını zədələyən, ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma xəstəliyi geniş yayılmışdı. Xüsusən, bölgələrdə bu xəstəlikdən əziyyət çəkənlərin sayı daha çox idi. O həmkarları ilə bərabər ayrı-ayrı rayonlara gedərək xəstələri müayinə və müalicə edirdi. İstedadlı alimin qarşısına qoyduğu əsas məqsəd insanların faciəsinə səbəb olan traxoma xəstəliyinin kökünün kəsilməsi idi. Bu sahədə yorulmadan apardığı elmi axtarışlar, əldə etdiyi dəyərli nəticələr Zərifə xanımın namizədlik işində öz əksini tapıb. O, 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.

Ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları, müalicə işləri ilə yanaşı, Zərifə xanım, eyni zamanda pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. O, 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə seçilir. Zərifə xanım dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəzinə qədər yüksəlir, Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patalogiyası laboratoriyaları yaradılıb. Gərgin elmi fəaliyyətlə məşğul olmasına baxmayaraq, Zərifə xanım ictimai işlərə də vaxt tapır, bu sahədə də yorulmadan çalşırdı. O, uzun illər Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.

Özünün zəngin tibb təcrübəsinə əsas­lanaraq gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşəkar elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmiş Zərifə xanım Əliyevanın özəl xüsusiyyətlərindən biri də o idi ki, həmişə xüsusi qayğıya ehtiyacı olan tənha insanlara, kimsəsiz və yetim uşaqlara böyük diqqətlə yanaşırdı. Elə Onun xatirəsini sadə xalqın yaddaşında ehtiramla yaşadan həm də bu mərhəməti və şəfqəti idi. Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan qadınının problemlərinə böyük diqqət yetirməsində Zərifə xanımın şəxsi nümunəsi də mühüm rol oynayırdı. Güclü şəxsiyyət və dərin zəka sahibi Zərifə xanım Ümummilli Lider Heydər Əliyevə etibarlı mənəvi dayaq idi.    

Tibb elminin inkişafına böyük töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı elmi tədqiqatları ilə böyük şöhrət qazanmış görkəmli akademik Zərifə xanım Əliyeveva çoxillik elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinə, vətən və xalq qarşısında göstərdiyi misilsiz xidmətlərə görə sağlığında müxtəlif orden və medallarla təltif olunub, vəfatından sonra isə bir sıra müəssisələrə, məktəblərə, küçələrə, parklara onun adı verilib.

Ailəsinin şərəf və ləyaqətini hər şeydən uca tutan Zərifə xanım xalqımızın milli dəyərlərini, adət-ənənələrimizi yüksək qiymətləndirərək şəxsi həyatı ilə də əsl Azərbaycan ailəsinin mövcudluğunu nümayiş etdirirdi. O, müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı və yaxın silahdaşı, cənab Prezident İlham Əliyevin anası və tərbiyəçisi olub. O, elə bir tərbiyənin, sevginin əsasını qoyub ki, bu gün həmin ailənin hər bir üzvü mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə öndədirlər. Zərifə xanıma məxsus olan yüksək mənəvi dəyərlər, humanizm və xeyirxahlıq onun qızı Sevil xanımın və gəlini Mehriban xanımın da şəxsiyyətlərini səciyyələndirən mühüm xüsusiyyətlərdir.  

Aprelin 28-də Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur. Onun adı bu gün də Azərbaycanda böyük sevgi və məhəbbətlə, sonsuz qürur və ehtiram hissi ilə çəkilir. Qadın ucalığının, ana müqəddəsliyinin, həkim xeyirxahlığının əbədi simvolu kimi bu ad Azərbaycanda daim yaşayacaq və hər zaman yad ediləcəkdir. 

Tahirə AĞAMİRZƏ

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993