Gənclərimiz erməni təbliğat maşınına qarşı fəal mübarizə aparmalıdırlar

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində Dağlıq Qarabağdan olan gənclərlə keçirilən görüşdə bu barədə danışılıb

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi son dövrlərdə beynəlxalq istiqamətdə fəaliyyətini genişləndirib. Beynəlxalq əlaqələri inkişaf etdirməkdə məqsəd erməni lobbisinin dünyada apardığı yalan təbliğatının qarşısını almaqdır. Bununla bağlı beynəlxalq təşkilatların nümayəndələri və ölkəmizdə akkreditə olunmuş diplomatlarla görüşlər keçirilir, eyni zamanda, dünyanın aparıcı KİV-lərinə müsahibələr verilir.

Bu barədə ictimai birliyin İdarə Heyətinin üzvlərinin aprelin 24-də “Qondarma “erməni soyqırımı”: Əsassız iddialar və tarixi faktlar” mövzusunda Dağlıq Qarabağdan olan gənclərlə keçirdiyi görüşdə məlumat verilib.

Birliyin son aylardakı fəaliy­yəti ilə bağlı gəncləri məlumatlandıran İdarə Heyətinin sədri, icma rəhbəri Tural Gəncəliyev vurğulayıb ki, gənclər sosial şəbəkələrdə fəal olmaqla, erməni təbliğat maşınına qarşı mübarizəyə öz töhfələrini verə bilərlər. “İndi dünyada insanların özlərinin çəkdikləri videoçarxlar, audioyazılar daha effektiv olur. Gəncləri öz ideyalarını bizimlə bölüşməyə çağırıram", - deyə icma rəhbəri qeyd edib. O bildirib ki, öz torpaq­larından məcburi köçürülmüş insanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən sonra doğma yurdlarına geri qayıtmaq istəyirlər. Bu münaqişədə zərərçəkən olmağımıza baxmayaraq, beynəlxalq təşkilatlara ermənilərə nifrət etmədiyimizi bildirir, ermənilərlə birlikdə yaşamağa hazır olduğumuzu söyləyirik.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, gənclərlə görüşün məhz bu tarixə salınmasının məqsədi qondarma “erməni soyqırımı” məsələsinin saxta olduğunu gənclərin diqqətinə çatdırmaqdır. Professorun sözlərinə görə, tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna qarşı hücumlar təşkil edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək, əhaliyə qarşı qeyri-insani aksiyalar həyata keçiriblər.

E.Əhmədov vurğulayıb ki, XX əsrin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verib. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar. Bu dövrdə, 1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün “Soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi Bü-rosunun iclasının gündəliyinə daxil edilib. Eyni zamanda, ermənilərin Türkiyəyə qarşı saxta iddiaları da Qərbin bəzi dairələri tərəfindən müdafiə edilirdi. Son illərdə Ermənistanın və Qərbdəki bəzi qurumların saxta “erməni soyqırımı” haqqında uydurmalarına gəldikdə isə, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamofob, anti-Azər­baycan və anti-türk meyillərin son dövrlərdə güclənməsinin təzahürüdür.

İcma sədrinin müavini qeyd edib ki, 2015-ci il martın 12-də Avropa Parlamenti “Dünyada insan haqları və demokratiya” adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar müraciət etmişdi.

Daha sonra Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, Xocavənd Ra-yon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən, Prezident İlham Əliyevin münaqişənin həlli istiqamətində yürütdüyü uğurlu xarici siyasətdən danışıb, gənclərə öz tövsiyələrini veriblər.     

Sonra İdarə Heyətinin işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərindən bəhs edən süjet nümayiş etdirilib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993