Kürdəxanıda onlar üçün yeni həyat başlayır...

Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınmış və bu il aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş yeni yaşayış kompleksində həyat artıq öz məcrasına düşür. Buranın sakinləri - paytaxtdakı yataqxanalarda və ictimai binalarda uzun illər əzab-əziyyət çəkmiş məcburi köçkünlər tam təmirli yeni mənzillərdə rahatlığa qovuşublar. Onlar da yaxşı bilirlər ki, dünyanın heç bir ölkəsində məcburi köçkünlərə Azərbaycanda olduğu qədər diqqət və qayğı göstərilmir. Əlbəttə, ağır şəraitdə yaşayan məcburi köçkünlərimiz hələ çoxdur. Lakin onların da mərhələli şəkildə mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl iş aparlılır. Kürdəxanıdakı açılış mərasimində Prezident İlham Əliyev deyib: “Hələ ağır vəziyyətdə yaşayan köçkünləri əmin etmək istəyirəm ki, onların da problemləri həll olunacaq. Onlar da növbə ilə öz yaşayış şəraitini yaxşılaşdıracaqlar. Bunu etmək üçün bizim iradəmiz var və biz bunu edəcəyik”.

Bu günlərdə Kürdəxanıda, yeni yaşayış kompleksində olub, burada mənzillə təmin edilmiş məcburi köçkünlərlə görüşdük, onların fikirlərini, rəylərini öyrəndik.

Ağdam rayonundan məcburi köçkün Aytəkin Məhər­rəm­ova 1993-cü ildən Buzovna qəsəbəsində yerləşən “Xəzər” pansionatında müvəqqəti məskunlaşıb. Həyat yoldaşının atası və qardaşları şəhid olublar, özü isə müharibə veteranı və əlildir.  Aytəkin xanım deyir: “Köçkünlük həyatımız çox ağır keçib. 25 ildən çoxdur ki, pansionatda yaşayırdıq. Məişət şəraitimiz dözülməz idi. Nəhayət, bizim də növbəmiz gəlib çatdı. O ağır günlərdə də dövlətimizdən qayğı görmüşük, sosial müavinətlər almışıq. İndi isə bundan əlavə həm də bizə tam təmirli yeni mənzil verilib. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq. Çox sağ olsunlar ki, bizi o cür ağır vəziyyətdən çıxarıblar”.

Ağdam rayonundan daha bir məcburi köçkün, şəhid anası Qiraət Məhərrəmova da “Xəzər” pansionatından Kürdəxanıya köçürülüb. Qarabağ müharibəsində iki oğlunu itirən ana onların torpaq, vətən uğrunda canlarından keçdiklərini qürur hissi ilə qeyd edir. Qiraət xanım uzun illər ağır şəraitdə yaşamalı olsa da, şəhid valideyni kimi dövlətimizin ona verdiyi imtiyazlardan istifadə edib. Artıq mənzil problemi də həll edilib. “Yeni köçdüyümüz qəsəbədə bizim üçün hər cür rahatlıq yaradılıb. Mənzilimiz geniş və işıqlıdır. Cənab Prezident və onun xanımı hər zaman şəhid ailələrinə, məcburi köçkünlərə qayğıkeşlik göstərirlər. Onlara minnətdarıq”, deyən şəhid anası Ağdama, doğma yurda qayıdacağına böyük ümid bəslədiyini, ömrünü ata-baba torpağında başa çatdlrmaq istədiyini də bildirdi.       

Ağdam rayonunun işğalından sonra Bakıya pənah gətirən və Mərdəkandakı “Bakılı” sanatoriyasında müvəqqəti məskunlaşan Təbibə Quliyeva beş nəfər ailə üzvü ilə birlikdə Kürdəxanıda üçotaqlı mənzilə köçürülüb. O, sanatoriyada çox çətinliklər gördüyünü, sağlamlıq üçün təhlükəli şəraitdə yaşadıqlarını bildirir. “Kanalizasiya sistemi tamamilə sıradan çıxdığı üçün hər yeri üfunət bürümüşdü. Vaxtilə insanların sağlamlığına xidmət edən sanatoriya xəstəlik mənbəyinə çevrilmişdi. Uzun müddətdir müvafiq qurumlara müraciətlər edirdik və ümidlə gözləyirdik. Xüsusən, Mehriban xanımın ağır şəraitdə yaşayan məcburi köçkünlərin qısa müddətdə yeni mənzillərə köçürülməsi barədə tapşırığı ümidlərimizi daha da artırmışdı. Kürdəxanıda salınmış qəsəbədə bizə də mənzil veriləcəyini biləndə çox sevindik. Cənab Prezidentə minnətdarıq ki, onun tapşırığı əsasında belə müasir yaşayış kompleksi tikilib və biz məcburi köçkünlərin ixtiyarına verilib”, - deyə Təbibə xanım fikilərini bizimlə bölüşdü.   

Füzuli rayonundan məcburi köçkün Vahid Quliyev Kürdəxanıya Buzovnadakı “Xəzər” pansionatından köçürülüb. Dörd nəfərlik ailəyə ikiotaqlı mənzil verilib. O dedi: “Ağır şəraitdən çıxmışıq, yeni məzilimizdən çox razıyıq. Qəsəbədə hər şey nəzərə alınıb, məktəb, bağça, park, həkim məntəqəsi var. Bütün bunlar gözəldir. Amma ən gözəli doğma yurda qayıtmaqdır. Cənab Prezident torpaqlarımızın işğaldan qurtarılması üçün çalışır. Biz də onu dəstəkləyir və Qarabağa qayıtmağı arzulayırıq”.

Ağdam rayonundan məcburi köçkün Fəridə Qurbanova ailə üzvləri ilə birlikdə “Bakılı” sanatoriyasında darısqallıqdan və nəmişlikdən çox əziyyət çəkib. Beş nəfərlik ailə cəmi altı kvadratmetrlik otağa necə yerləşib, təsəvvür etmək çətindir. “Yeni mənzildə yeni həyatımız başlayır. İnanırıq ki, torpaqlarımızın işğaldan azad ediləcəyi gün də uzaqda deyil”, - deyə Fəridə xanım bildirir.

Onun həmyerlisi Əziz Əliyev də Buzovna qəsəbəsində pansionatlardan birində 26 ildir müvəqqəti məskunlaşıb. Övladlarını burada böyüdüb, nəvələri burada dünyaya göz açıblar. Əziz müəllim dedi: “Çox çətinliklə yaşayırdıq. Binanın hər tərəfi uçub-dağılırdı, anti-sanitariya baş alıb gedirdi. Kanalizasiya sisteminin sıradan çıxması vəziyyəti daha da ağırlaşdırmışdı. Belə şəraitdən Kürdəxanıdakı yeni yaşayış kompleksinə köçməyin nə demək olduğunu sözlə çatdırmağa çətinlik çəkirəm. Dövlətimiz var olsun, rəhbərlərimiz sağ olsunlar! Gün o gün olsun, Qarabağa qayıdaq, öz ata-baba yurdlarımızı abadlaşdıraq!”

Xatırladaq ki, Kürdəxanıdakı yeni yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış sayca 103-cü qəsəbədir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bu işlərin davamı olaraq Prezident İlham Əliyev bu il fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

Orxan ASLANLI,

Ədalət MEHDİYEV (foto)

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993