Milli qəhrəmanımız olan yəhudi balası

Azərbaycan müxtəlif millətlərin mehriban dostluq şəraitində yaşadığı bir məkandır.  Erməni millətçilərinin xəyanətinə qarşı mübarizə bu məkanda əsrlər boyu dinc-yanaşı yaşamış millətlərin övladlarını daha sıx birləşdirdi. Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağda başlanan müharibədə ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban verən vətənpərvərlərdən biri də yəhudi balası Albert Aqarunovdur. 

Albert 25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olmuşdu. Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkkizinci sinfini bitirib, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdi.

 O, 1987-ci ildə hərbi xidmətə yollanır, Gürcüs­tanın Axalkalaki bölgəsindəki xidmətə başlayır  starşina rütbəsi alaraq tank komandiri olur. 1989-cu ildə ordudan tərxis edildikdən sonra bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləyir.

Qarabağda müharibənin qızğın vaxtında Albert könüllü olaraq cəbhəyə yollanır. O zaman yenicə yaranmaqda olan Milli Ordumuzun tankçılara böyük ehtiyacı vardı. Albert tank komandiri təyin edilir və Şuşa şəhərinin müdafiəsinə göndərilir.

Albertin tank ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanır. Cəsur tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salır, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edir. Albertin döyüşdüyü “Səbayel” tank taborunun komandiri Hacı Əzimov xatirələrində qeyd edir ki, o, ermənilərin Şuşaya hücumu vaxtı düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib, hətta düşmənin  2 tankı bir-birinə yaxınlaşarkən bir mərmi ilə onların ikisini də vurub. Bu metod döyüş dostları tərəfindən “yəhudi buterbrodu” adını alıb. Məhz bu qəhrəmanlıqlarına görə ermənilər onun başına 5 milyon rubl mükafat qoymuşdular.

Şuşa-Laçın yolu... 1992-ci il... Mayın 8-i... Səhər tezdən düşmən tankları görünür. Ermənilər Laçına gedən yolu kəsməklə Şuşanı tam mühasirəyə almaq istəyirdi. Albert döyüş əmri alır və dərhal tankını həmin səmtə yönəldir. Erməni tankları ilə aradakı məsafə getdikcə daralırdı. Fürsəti əldən verməmək üçün o, tankın sürətini daha da artırır və sərrast atəşlə düşmənin öndə gələn tankını məhv edir. Bu uğurundan ruhlanan Albert daha bir tankı alova qərq edir. Döyüşdə neçə-neçə düşmən texnikası sıradan çıxarılır. Lakin texnika və canlı qüvvənin ardı-arası kəsilmək bilmirdi. Albert yenidən həmləyə keçməyə can atırdı. Ancaq buna macal tapmadı. Atılan mərmilərdən biri igid tankçını haqladı. Albert döyüş meydanında mərdliklə həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. Nərimanov rayo­nunda adına küçə var. Yaşadığı binaya xatirə lövhəsi vurulub.

2015-ci ildə “The Times of İsrael” qəzetində İsrail Barukun “Müsəlman torpağında yəhudi əsgəri” məqaləsi də Albertə həsr olunub. “Salnamə” sənədli filmlər studiyası onun haqqında “Dostuma məktub” filmini çəkib.

2017-ci ildə Səadət Şükürova da “Yaşadığım torpaq” filmini Albert Aqarunova həsr edib. Bu yaxınlarda isə Dua Murad adlı bir xanım Albert Aqarunovun qəhrəmanlığını tərənnüm edən klip çəkib.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov əfsanəvi döyüşçü kimi xalqımızın yaddaşında daim yaşayacaqdır.

İsa MUSAYEV

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993