“Vətənin dərdini sızıldayıram”

Bu həftə Laçınlı şair İlham Qəhrəmanın 60 yaşı tamam oldu. Onunla doğma yurdu yad elədik, şeirdən, sözdən danışdıq

- İlham müəllim, doğulduğunuz Laçın torpağına, Laçın camaatına çox bağlı adamsınız. Bunun ən ümdə səbəbi nədir?

- Sizin sualınızda həm də mənim cəmiyyətdə hansı statusda görünməyimin əksi var – bu, taledir, qədərdir. Bunlar qaçılmaz olan məfhumlardı. Laçında evimiz el yolunun qırağında idi. Laçının bir çox kəndlərinin Laçın şəhərinə gəlib-gedən yolu bizim evin yanından keçirdi. Evimiz Həkəri çayının üstündəki körpünün yanında olduğu üçün atamı tanıyanlar ona Körpü Umud, mənə isə sinif yoldaşlarım Çaylı İlham deyirdilər. Evimiz həmişə qonaq-qaralı olardı. Laçında az kənd olardı ki, o kənddən insan tanımayım. Dolayısıyla mən bir qələm adamı kimi daha çox öz içimə, yaddaşıma, müşahidələrimə bağlıyam. Bəlkə də de-səm, inanmazsınız, mən yol gedə-gedə özüm də bilmədən Laçında kiminləsə dialoqda oluram – bu adam doğma da ola bilər, uzaq birisi də, müəllim də ola bilər, bazar adamı da. Və birdən bu xəyali söhbətdən ayılıb reallığa qayıdıram. Məncə, bu torpaqdan və tanıdığım insanlardan doğmalığın gətirdiyi inikasdır. Bu klassik poeziyada şairlərin dediyi təcəllaya yaxın ruhi bir vəziyyətdir, bəlkə də elə özüdür. Bəzən Laçında getdiyim yollarda hansı döngədə hansı daş, ağac, yolda çökək olduğunu fikirləşib tapmayanda yaddaşım mənə əzab verir. Yaddaşın itməsi çox ağır olur, ölüm kimidir. Yaddaşı qınamaq olmur – təkrar yoxdu axı, təzələnmə olmur. Laçında tanıdığım ağacların hər biri indi mənə qardaşım kimi gəlir. Əl vurduğum ağaclar əlimə necə təsir edibsə, onlar bir hiss kimi məni tərk etmir. Tutaq ki, tut ağacının əlimə köçürdüyü hisslər, doğurduğu assosiasiya ardıc ağacından tam fərqliydi və yaxud yaş otla quru ot da o sıradan. Laçın Azərbaycan cəmiyyəti, onu görməyənlər üçün tanışlıq baxımından, deyək ki, Şuşadan fərqli idi. Laçının bəxti bu sarıdan da gətirmədi. Onun bütün sirləri – gözəlliyi, sərvəti, təbiəti, dağları, mədəniyyəti, folkloru, etnoqrafiyası sərgi qaldı, xam qaldı. Yəni Laçın itkisi Şuşanı görən adamı Şuşa qədər yandırmır. Sualınıza cavab kimi başqa bir amil də, görünür, doğulduğum elə-obaya oğulluq borcu hissi özüm də bilmədən mənə hakim olur. Belə demək mümkünsə, hansısa qüvvə diqtə edir.

- Tədqiqatlarınız da Laçınla bağlıdır: Sarı Aşıq və Laçın folkloru... Bu kitablar necə yarandı?

- Əvvəl Sarı Aşığı deyim – Salman Mümtazın “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabında “Aşıq Abdulla” adlı məqaləni oxuyandan sonra onun Milli Kitabxanadan 1935-ci ildə Zəngəzura ekspedisiya zamanı camaatdan toplayıb tərtib etdiyi “Sarı Aşıq və bayatıları” kitabının üzünü çıxardıb səhv qurulan cinaslarını düzəldə-düzəldə kompüterə köçürürdüm. Bayatıların hər biri heyrət doğururdu. Aşıq ana dilimizin hər qatında sözə fikir yükləmiş böyük söz ustasıdır. Maraq onun günümüzə gəlib çatan irsini toplamağa çəkdi məni. Belə-belə başqa mənbələrdən də - Bəhlul Behcətin kitabından, Təbrizdə “Əxtər”də çıxan kitabından, eləcə də Mirzə İbrahimovun “Cənubi Azərbaycan ədəbiyyatı  antologiyası” və başqa mənbələrdən Haqq Aşığını yığıb “Gül dəftəri” adında kitab buraxdım. Şükür kitab artıq ikinci dəfə çap edildi və nakam aşıq öz yaradıcılığıyla, ədəbi irsiylə yaradıcı aşıqlar cərgəsində layiqli yerini tutdu.

Laçın folklorunu toplamağıma qığılcım Laçının Qorçu kəndindən bir xəstə qadının dediyi bu bayatı oldu. Bayatı belədi:

Ərəbəm, oxumuşam,

Nə dərdi çoxumuşam?!

Nə gələn var, nə gedən,

Elə bil yoxumuşam.

Qaçqınlığın ilk illərinin dünyagörmüş, Laçında qonaq-qaralı olmuş insanlarda yaratdığı nisgilin ağır siqləti var bayatıda. Bu mənada bayatılar həm də bizim şeirlə yazılan tariximizdir, deyə bilərik. Qadının bayatısı məni tutmuşdu. Qərar verdim ki, üzüm tutan qapılara gedim. Evdə dədəm və nənəmdən qələmə aldığım xeyli ağız ədəbiyyatı nümunəsi də vardı. Başladım qapı-qapı yığmağa və bu zaman işimin mahiyyətini bilən kəslər tanıdığı başqa söz bilən adamları mənə isnad verirdilər. Beləcə, Nabrandan Daşburunacan geniş ərazidə həmyerlilərimizdən topladığım “Laçın folkloru” və daha sonradan həmin kitabdan ayrılan “Laçın lətifələri” araya-ərsəyə gəldi. Əlavə edim ki, Laçın folklorunun toplanması işini, passiv də olsa, davam etdirirəm. Bu işdə sosial şəbəkə də əlimdən tutur.

- Şeirlərinizdən də yurd nisgili qırmızı xətt kimi keçir.

- Bu bir şair kimi özümdən asılı deyil. Deyir yurdundan sürülən ölüncə ağlar. Düşmənin Azərbaycanın, onun ordusunun sümük tutmayan vaxtından istifadə etməsi adamı yandırır. Torpaqlarımız o vaxtkı ordunun başıpozuqluğunun, nizam-intizamsızlığının, komandirlərin səriştəsizliyinin qurbanı oldu. Ən pisi odur ki, düşmən bizim torpaqlarda irəliləyəndə dünya münsifləri ona “dur” demirdilər, amma biz özümüzə gəlib torpaqlarımızı azad etmək istəyəndə hər yerdən səs-səsə verirlər. Bu gün dünyada Azərbaycan qədər ikili standartın qurbanına çevrilən ölkə yoxdur. Biz o qədər güclü olmalıyıq ki, bizə qarşı olan ədalətsizliyə güc gələk. Qafqazda sülh üç xalq arasında ədalətin təntənəsindən sonra mümkün olacaq. 

- 60 yaş ərəfəsi buraxdığınız "Ağlama, qələm eşidir" kitabınızın adında da hüzn var. Necə qarşılandı?

- “Ağlama, qələm eşidir” kitabında son 4-5 ildə yazdığım şeirlər toplanıb. Bu kitab yaradıcılığımın bir mərhələsi kimi dəyərləndirilməlidir. Kitab haqda söz deməyi oxucunun öhdəsinə buraxaq. Kitabın çapından təxminən bir-iki ay keçəndən sonra mənə həbsxanadan bir məhbus zəng etdi və xeyli müddətdir kitabın təsirindən çıxa bilmədiyini dedi. Eyni zamanda həmin ağzıbirdə məhbusların kitabı maraqla oxuduğunu bildirdi. Ədəbiyyatşünas alim Nərgiz Cabbarova kitaba mənim yaradıcılığımın mahiyyətini ehtiva edən başılıqla - “Xalq ruhunu özündə qoruyan şeirlər” - ön söz yazıb. O da sağ olsun. Amma, düzü, ədəbi aləmdə kitabın müzakirəsinin təşkilinə cəhd etmədim. Məni tanıyanlar bilir ki, belə işlərdə səriştəm yoxdur.

- 60 yaşınızla bağlı yubiley tədbirinin keçirilməsi də qələm dostlarınızın təşəbbüsü oldu...

- Hə. Heç vaxt belə şeylərin marağında olmamışam. Dostların təklifi ilə, mayın 3-də Azərbaycan Yazıçılar İttifaqının Natəvan klubunda keçiriləcək. Maraqlananlar gələ bilərlər.   

- Sizin üçün poeziyada Vətən mövzusu nə deməkdir? Poeziya o acıları ovudur, yoxsa o dərd yazmağınıza kömək edir?

- Laçında çöldə telefon tirlərinə qısa şəkildə “tel ağacı” deyirdilər. O telefon dirəkləri dikdə, təpədə basdırılanda üstünə bağlanmış telefon simləri əsən mehdən aramsız sızıldayar, zümzümə edərdi. Mən həmin dikdə basdırılan tel ağacıyam. Meh əsən kimi Laçının, Vətənin dərdini sızıldayıram, zümzümə edirəm. Yəni şeir yazıram.

- Laçına qayıtmaq ümidiniz varmı?

- Ən ümidsiz yerdə daşı qaldırırsan ki, altında cücərti, işığa uzanan yaşıl bitki var. Ölkənin sərhədi onun qurşağı, belinin kəməridir. Azərbaycanın belinin kəməri Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda qırılıb. İnanırıq ki, bir gün o kəmər yerinə bağlanacaq. Ölkə rəhbəri Qarabağ məsələsində öz dəmir iradəsini həmişə nümayiş etdirir. Rəhbərin ümidverici çıxışı, xalqa da, orduya da ruh verir. Haqsız olan düşmən torpaqdan çıxmırsa, haqlı olan niyə torpağından əl çəkməlidir?!

ŞƏRİF

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993