KOBRA

Ölkəmizdə hər kəsin idmanla məşğul olması üçün hərtərəfli şərait yaradılıb. Təkcə paytaxtda deyil, bölgələrdə də müasir idman kompleksləri inşa edilib və fəaliy­yət göstərir. Məcburi köçkün ailələrin övladları da bu imkanlardan istifadə edir, müxtəlif idman növlərində yüksək nəticələr göstərirlər. Peşəkar kickboksinq üzrə 6 qat dünya çempionu, Kobra ləqəbli Pərviz Abdullayev də onlardan biridir.

Pərviz 1986-cı ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Məşhur idmançı köçkünlük illərinin də yaddaşından silinmədiyini deyir: “Doğma Qarabağdan didərgin düşəndə altı yaşındaydım. Demək olar ki, nəyimiz vardısa, orda qaldı, heç nə gətirə bilmədik.  Məcburi köçkün kimi əvvəlcə Bərdəyə gəldik, sonra isə Bakıda, Nizami rayonundakı uşaq bağçalarından birində müvəqqəti məskunlaşdıq. Maddi çətinliklərimiz oldu”.

Pərviz ilk dəfə 12 yaşında təhsil aldığı Nizami rayon 250 nömrəli tam orta məktəbin idman zalında kunq-fu ilə məşğul olmağa başlayıb. Əlbəyaxa döyüş növünə marağı ailədə rəğbətlə qarşılanmasa da, onu məşqlərdən ayırmaq mümkün olmayıb: “Sonralar valideynlərim idmançı olmağıma etiraz etmədilər. Qardaşım isə hər zaman mənə mənəvi dayaq olub, hətta balaca olanda da. İdman etməklə yanaşı dərslərimə də həmişə böyük həvəs göstərirdim. Bəzi yeniyetmələr idmana meyl edəndə dərslərini ikinci plana atırlar. Məndə isə belə olmayıb. Əlaçı idim. Müəllimlərim məndən razı idilər. İmtahanlara ciddi hazırlaşırdım. Orta təhsilimi başa çatdırıb Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil oldum”.

Pərviz idmana başladığı illəri xatırladı: Uşaqlıqdan içimdə bir döyüşçü əzmi olub. Orta məktəbdə oxduğum vaxtlarda dərslərimdən sonra idman zalında olurdum. İlk dəfə məşqlərə Teymur Teymurovun rəhbərliyi ilə başlamışam. 2006-cı ildən ölkədaxili və beynəlxalq yarışlarda iştirak etmişəm. İlk dünya çempionluğunun sevincini 2009-cu ildə yaşamışam. İdman uğurlarımda tanınmış məşqçilər Füzuli Musayev və Mehman Umudovun böyük rolu olub.

Sosial şəbəkələrdə oğlu ilə məşq edərkən paylaşılan görüntülər haqqında da danışan idmançı, oğlunu da idmançı kimi görmək istədiyini vurğuladı: Sosial şəbəkələrdə oğlum Yusif ilə məşq videolarımı paylaşıram. O da idmana həvəslidir.  Arada deyir ki, “Ata mən də sənin kimi olacam, bayrağımızı xaricdə qaldıracam” (gülür). Yavaş-yavaş döyüşçü kimi formalaşır. Hansı sahəni seçir-seçsin, əsas odur ki, Vətəninə, xalqına xeyirli bir övlad olsun.

Pərviz “Kobra” ləqəbi ilə tanınmasının səbəbini belə izah edib: “2007-ci ildə televiziya kanallarının birində döyüş layihəsi oldu və hər kəs bir ləqəb seçməli idi özünə. Mən də bu ləqəbi seçdim. Kobranın mənası gözlənilməz zərbələr, əzmkarlıq və dözümlülükdür”.

İdmançı aprel ayının 13-də Türkiyənin İstanbul şəhərində keçirilən reytinq döyüşündə Albaniyalı idmançı Şkodran Veseli üzərində qazandığı qələbədən danışdı: “Rəqibim təcrübəli idmançı idi.  Karyerası ərzində 68 döyüş keçirib və bu döyüşlərin 54-də qələbə qazanıb. Bunların 38-i nakautla başa çatıb. Döyüşdən bir gün qabaq çəkiölçmə və mətbuat konfransı olur. Skodran çox arxayın danışdı. Hətta döyüşün bir raunddan çox olmayacağın bildirdi. Mən isə sakit idim. Dedim, hər şey sabah rinqdə bilinəcək. Döyüş ağır oldu. 3-cü raundda güclü hücuma keçdim və rəqibi diz zərbəsi ilə nokauta saldım”.

Pərvizi qarşıda yeni döyüşlər gözləyir. Ona uğurlar arzulayırıq.  

Arif SALAHOV

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993