Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görülür

Bu, kəlbəcərlilərin də həyatında özünü büruzə verir

Doğma ocaqlarından didərgin salınmış bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın bütün problemlərinin həlli üçün dövlət səviyyəsində davamlı olaraq çox böyük işlər görülür. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 31 oktyabr 2007-ci il və 21 fevral 2011-ci il tarixli sərəncamları ilə həmin Dövlət Proqramına edilmiş əlavələrin icrası ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlər də özlüyündə bu deyilənləri təsdiqləyir.

Bu istiqamətdə görülən işlər digər işğal bölgələrindən olan soydaşlarımız kimi Kəlbəcərdən olan məcburi köçkünlərin də sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasında böyük dönüş yaratmışdır. Təkcə onu qeyd edək ki, ötən ilin əvvəllərində Gəncə şəhərində tikilib istifadəyə verilmiş 1500 ailə üçün hər biri 60 ailəlik 25 ədəd beşmərtəbəli yaşayış binalarından ibarət yeni məhəlləyə köçürülmüş 1500 ailədən 1400-ə yaxını Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrdir.

Bunlarla yanaşı, yerigəlmişkən onu da qeyd edək ki, indiyədək müxtəlif ərazilərdə, o cümlədən Goranboy, Yevlax, Qəbələ, eləcə də digər bölgələrdə salınmış yeni qəsəbə və hündürmərtəbəli yaşayış binalarında da xeyli kəlbəcərli yeni mənzillərlə təmin olunmuş, Goranboy rayonunun Veyisli kəndi ərazisində isə yalnız kəlbəcərlilər üçün salınmış 596 fərdi evdən ibarət bütün sosial-texniki infrastrukturu ilə birlikdə müasir qəsəbə də hələ bir neçə il bundan əvvəl onların istifadəsinə verilmişdir.

Bu günlərdə isə əvvəllər Göygöl rayonuna məxsus ərazidə (indi Gəncə şəhərinin ərazisinə daxildir) bütün sosial-texniki infrastrukturu ilə birlikdə inşa edilən və artıq istifadəyə verilmiş 600 evdən ibarət yeni qəsəbəyə də indiyədək Gəncə şəhəri, Kəpəz rayonunun Hacıkənd qəsəbəsində məskunlaşmış iki yüzə yaxın kəlbəcərli məcburi köçkün ailəsi köçürülmüşdür ki, bununla da daha yüzlərlə kəlbəcərlinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına imkan yaranmışdır. Eyni zamanda Bakı şəhərində, eləcə də respublikamızın digər ərazilərində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün ailələrin də  yeni mənzillərə köçürülməsi davam edir.

Göründüyü kimi, dövlətimizin davamlı qayğısı ilə məcburi köçkünlərin mənzil şəraiti durmadan yaxşılaşır, Dövlət Proqramında nəzərdə tutulan digər tədbirlər də uğurla icra olunur. Deyilənlərin bariz nümunəsi kimi qeyd edək ki, bunlarla yanaşı rayonun daxili imkanları hesabına da sıx məskunlaşma obyektlərində təmir-bərpa, abadlıq-quruculuq işləri davam etdirilir. Belə ki, Göygöl rayonu “Murovdağ” qəsəbəsində qəsəbədaxili yollar təmir edilmiş, yolların bir hissəsinə asfalt və ya çınqıl örtük döşənmişdir. Gəncə şəhəri Avtozavod qəsəbəsində məcburi köçkünlərin istifadə etdiyi yol təmir olunmuşdur. Habelə həmin qəsəbədə Kəlbəcər rayon 98 saylı məktəbə gedən yol təmir olunmuş, yola asfalt döşənmişdir. Gəncə şəhəri Gülüstan qəsəbəsində “Gülçülük” təsərrüfatının ərazisində 150 ailənin evini elektrik enerjisi ilə təmin etmək məqsədi ilə elektrik xəttinin çəkilişi işləri də artıq başa çatdırılmışdır.

Bir sözlə, ölkəmizin hər yerində olduğu kimi, Kəlbəcər rayonunda da məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, onlara göstərilən səhiyyə, mədəni xidmətin yaxşılaşdırılması, rayon gənclərinin idmana cəlb olunması, rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin inkişafı, məktəblərin maddi-texniki təchizatının yaxşılaşdırılması, təlim-tərbiyənin keyfiyyətcə yüksəldilməsi sahəsində ciddi tədbirlər görülür.

 Bu baxımdan Kəlbəcər məktəblərinin maddi-texniki təchizatı da gündən-günə yaxşılaşır. Bütün bunlar isə təbii ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı ilə Gəncə şəhərində 1500 ailəlik yeni yaşayış məhəlləsində tikilib istifadəyə verilmiş 1200 şagird yerlik məktəb binası da əsaslı zəmin yaratmışdır. Belə ki, məhz həmin məktəbdə hazırda rayon təhsil şöbəsinin tabeçiliyində olan 7 məktəb fəaliyyətini davam etdirir. Ötən tədris ilində büdcə vəsaiti hesabına 17 məktəb əsaslı və cari təmir edilmiş, müxtəlif məktəblər üçün əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir. Hər il olduğu kimi tədris ilində də məktəblilər Heydər Əliyev Fondunun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə pulsuz dərs ləvazimatları, məktəbli forması və çantası ilə təmin olunmuşlar ki, bunlar da özlüyündə təhsilin yaxşı əsaslar üzərində qurulmasına imkan yaradan amillərdəndir.

Rayon əhalisinə göstərilən mədəniyyət xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğısı ilə, yuxarıda da qeyd etdiyimiz kimi, ötən ilin əvvəlində Gəncə şəhərindəki 1500 ailəlik yeni yaşayış məhəlləsində tikilib istifadəyə verilmiş 502 yerlik müasir Mədəniyyət Sarayı məcburi köçkünlərin asudə vaxtlarının səmərəli keçirilməsində böyük rol oynayır. Mədəniyyət Sarayında son dövrlər bir-birinin ardınca yaddaqalan ümumrayon miqyaslı tədbirlər keçirilmişdir.

Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, ölkəmidəki məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, su, istilik və qaz təminatı ilə bağlı yaranan problemlərin vaxtında həll olunması, məşğulluğun təmin edilməsi üçün tədbirlər bundan sonra da uğurla davam etdiriləcək və bu həyatı yaşayan soydaşlarımız doğma ocaqlarına qayıtdıqdan sonra onlar üçün o yerlərdə daha yaxşı şərait yaradılacaqdır. Buna kəlbəcərlilər də tam əmindirlər.

 

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993