Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasıdır

İlham Əliyev: Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında xalqımızın 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşadığını bildirən dövlətimizin başçısı bildirmişdir ki, ötən il dünyada və bölgədə bir sıra proseslərin getməsinə baxmayaraq, Azərbaycan özünün sürətli inkişaf tempini saxlamış, müstəqillik və inkişaf yolu ilə gedən ölkəmizdə xalqla iqtidar arasında möhkəm birlik təmin olunmuş, ölkə iqtisadiyyatı uğurla inkişaf etmişdir. Prezident İlham Əliyev ötən il Azərbaycanın beynəlxalq əlaqələrinin də uğurlu olduğunu deyib. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatda fəal xarici siyasət yürütdüyünü bildirib. "Azərbaycan dünyada böyük hörmətə malikdir”, - deyən dövlət başçısı ölkəmizin regional məsələlərin həllində də mühüm rol oynadığın diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyini bildirən Prezident İlham Əliyev deyib ki, ölkəmizin müsbət imicini korlamaq, beynəlxalq miqyasda Azərbaycana qarayaxma cəhdləri əbəsdir və heç kim ölkəmizlə ultimatum dilində danışa bilməz. «Təəssüflər olsun ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilir» Ölkə başçısının da bəyan etdiyi kimi, 2014-cü il Azərbaycanın beynəlxalq əlaqələri xüsusilə daha da güclənib. Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparıb və aparır. Bizim fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır. Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülür. Azərbaycan dünyada çox böyük hörmətə malikdir. Etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edir, öz mövqeyini müdafiə edir və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini verir. Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycan Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına çox böyük və dəyərli töhfələr qatıb. Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Ancaq təəssüflər olsun ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilir, ölkəmizə müxtəlif üsullarla təzyiq edilməyə çalışılır. Cənab Prezidentimiz qətiyyətlə bəyan edib ki, heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz: "Əgər kimsə hesab edirsə ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir. Bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar». «İşğalçı dövlətə təzyiq göstərilməlidir» Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçən il də heç bir irəliləyişin olmadığından təəssüfləndiyini bildirən Prezident deyib ki, keçən il də Ermənistan sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçmişdir. Hesab edirəm, bu, artıq nə bizim üçün, nə də vasitəçilər üçün sirr deyil ki, Ermənistan sülh istəmir: «Ermənistan istəyir ki, bu münaqişə öz həllini tapmasın və işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə demişlər ki, status-kvo qəbuledilməzdir. Ancaq bu, sözlərdən başqa bir şey deyil. Sadəcə olaraq sözlərdir və bu sözlərin arxasında heç bir ciddi siyasət dayanmır. Əgər status-kvo qəbuledilməzdirsə, - bu, əlbəttə ki, qəbuledilməzdir, - onda bir tədbir görülməlidir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. O məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Yoxsa bu da riyakarlığın bir növüdür. Bir bəyanat verilir, onun arxasında iş görülmür. Necə ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Heç biri 20 ildən çoxdur ki, icra edilmir. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz». Münaqişənin həll edilməsində maraqlı qüvvələrin olmamasını açıq bəyan edən dövlət başçısı bildirib ki, görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Son illərdə müxtəlif bölgələrdə - Avropada, Yaxın Şərqdə gördüyümüz mənzərə bax, bu mövqeyi, bu yanaşmanı daha da gücləndirir. Proseslərdən belə nəticə çıxır. Ona görə, buna da aydınlıq gətirilməlidir ki, biz nə vaxta qədər bu ikili standartlarla üzləşəcəyik?! «Bizim ordumuz keçən il öz qüdrətini, nəyə qadir olduğunu göstərdi» Bununla bərabər, Ermənistanın keçən il yay aylarında və ilin sonunda bir neçə dəfə açıq təxribatlara əl atdığını vurğulayan Prezident vurğulayıb ki, hər iki dəfə Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu: «Yay aylarında 50-dən çox işğalçı məhv edildi. Noyabr ayında isə ermənilərin təxribatı cavabsız qalmamışdır. Bütün bu təxribatların nəticəsində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi - kriminal, diktatura rejimi məsuliyyət daşıyır. Ermənistanın bugünkü acınacaqlı vəziyyətinə görə də bu ölkənin indiki və əvvəlki rəhbərliyi bilavasitə cavabdehlik daşıyır. Çünki məhz onların işğalçı siyasətinə görə Ermənistan müstəqil ölkə kimi özünü göstərə bilməmişdir. Faktiki olaraq heç müstəqilliyi əldə etməmişdir. Sadəcə olaraq bu, formal bir məna daşıyır». Azərbaycanın bu məsələdə də prinsipial mövqedə dayandığını və bizim mövqeyimizin beynəlxalq hüquq normalarına əsaslandığını önə çəkən Prezident İlham Əliyev bildirib ki, bizim mövqeyimizi gücləndirən ordumuzdur. Bizim ordumuz keçən il öz qüdrətini, nəyə qadir olduğunu göstərdi: «Düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtda Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə bu məsələ öz həllini danışıqlar yolu ilə tapsa, əlbəttə ki, daha yaxşı olar. Hesab edirəm ki, bu bir neçə amilin mövcudluğu bizim mövqeyimizi daha da möhkəmləndirir». «Ermənistan aciz durumda olan gücsüz, dilənçi bir ölkədir» Danışıqlar prosesində heç bir irəliləyişin olmamasına baxmayaraq keçən il Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə - döyüş meydanında çox böyük işlər gördüyünü diqqətə çatdıran dövlət başçısı onu da bildirib ki, biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar. İndi bizi müxtəlif beynəlxalq tədbirlərdə ittiham etməyə çalışırlar: «Amma sual olunur: Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Erməni ordusunun orada nə işi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu məsələ ilə məşğul olan vasitəçilər buna nə üçün biganə yanaşırlar? Bax, bu suallar ritorik suallardır. Biz bilirik nə üçün. Amma yenə də biz bu sualları hər bir tədbirdə, hər bir forumda verməliyik. Dövlət məmurları, ictimai xadimlər, deputatlar, adi vətəndaşlar, vətəndaş cəmiyyətinin üzvləri bu sualları verməlidirlər. Qoy, bu suallara, ikili standartlar siyasətinə, ermənipərəst siyasətinə görə cavab versinlər. Yoxsa bu qədər riyakarlığa artıq dözmək çətindir. Hesab edirəm ki, artıq burada diplomatik dillə danışmağa da heç ehtiyac yoxdur. Bir daha demək istəyirəm, həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik». 2015-ci ildə ordu potensialımızı daha da gücləndirəcəyimizi, bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrıldığını diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda təkcə hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək. Bəli, dünya dövlətlərinin müxtəlif adlar altında Ermənistana maddi və mənəvi yardım göstərmələrinə baxmayaraq Azərbaycan öz gücünə arxalanaraq öz problemini həll etmək iqtidarındadır. Ancaq həmin dövlətlər unudurlar ki, bu cür ikili yanaşmalar problemin həll prosesinin uzanmasına mənfi təsirini göstərməklə yanaşı, səpgilədikləri mövqeləri ilə bağlı onlara inamsızlığın yaranmasına da səbəb olur. Bütün bunlara baxmayaraq reallıq ondan ibarətdir ki, bu gün dünya haqqın, ədalətin kimin tərəfində olduğunu görür və mövqeyini açıqlayır. Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verən, bütün münaqişəli məsələlərin bu çərçivədə həllinə səy göstərən dövlətimiz daim işğalçı Ermənistandan beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə hörmətlə yanaşmağı, ədalətli mövqe nümayiş etdirməyi tələb edir. İşğalçı Ermənistan isə bütün bunlardan gec-tez nəticə çıxarmalıdır. Çünki onun güclü Azərbaycan qarşısında başqa çıxış yolu yoxdur.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993