İqtisadi islahatlar sosial sahədə çox ciddi addımlar atılmasına imkan verib

Prezident İlham Əliyev: “Heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır. Yəni, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir”

“Bizim Şüvəlandakı yaradıcılıq evimizi vaxtilə qaçqınlara, köçkünlərə vermişik, artıq 30 ilə yaxındır orada yaşayırlar. İndi Sizin Sərəncamınızla onlara mənzillər verilir, köçürülür və o bina təmir olunacaq”. Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bu sözləri Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxış edərkən deyib. Dövlətimizin başçısı yekun nitqində bu məsələ barədə fikrini bildirərkən Yazıçılar üçün Yaradıcılıq Evinin bərpası prosesinə start verildiyini, binanın əsaslı şəkildə təmir olunub yazıçıların ixtiyarına veriləcəyini qeyd edib. Vurğulanıb ki, həmin binada məskunlaşan məcburi  köçkünlər yeni mənzillərə köçürüləcəklər.

Prezident İlham Əliyev görüşdəki giriş sözündə ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bütün sahələrdə çox ciddi islahatlar aparıldığını bəyan edərək deyib: “İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilmişdir. Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır”.

İqtisadi sahədə aparılan islahatların müsbət nəticələr verdiyini, ölkə iqtisadiyyatının tamamilə bərpa edildiyini diqqətə çatdıran dövlətimizin başçısı bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacağına əminliyini bildirib. O, dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhranın ölkəmizdən də yan keçmədiyini, 2015-ci ildən sonra bütün ölkələrdə iqtisadi tənəzzülün müşahidə olunduğunu vurğulayaraq deyib: “İlk növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə vermişdir. Təsəvvür edin ki, qısa müddət ərzində ölkənin gəlirləri təxminən 4 dəfə aşağı düşür. Bu, nə deməkdir? O deməkdir ki, biz öz xərclərimizi 4 dəfə azaltmalı idik, çox qısa bir müddət ərzində çox ciddi addımlar atmalı idik, heç bir ölkə buna hazır deyildi, o cümlədən də biz. Biz bunu etiraf edirik və əlbəttə ki, bu böhranlı vəziyyət ölkəmizə böyük zərbə vurdu. O vaxt bizim əsas məqsədimiz vətəndaşların sosial müdafiəsini gücləndirmək və bu iqtisadi böhrandan az itkilərlə çıxmaq idi. Hesab edirəm ki, biz buna nail ola bilmişik. 2017-ci il iqtisadi sabitləşmə ili olmuşdur. Keçən il biz artıq iqtisadi inkişafa qədəm qoyduq. Bu il isə artıq inkişaf daha da böyük ölçülərlə özünü göstərir”.

Dövlətimizin başçısı iqtisadi islahatların sosial sahədə çox ciddi addımlar atılmasına imkan verdiyini xatırladıb, keçən il ərzində hazırlanmış sosial layihələrin bu ilin əvvəlindən icrasına başlandığını qeyd edərək deyib: “Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır”.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” bu il fevralın 28-də imzaladığı Fərmanın 800 min insanı əhatə etdiyini bildirərək deyib: “Bu Fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır. Yəni, bütün bu sosial paket təqribən 3 mil­yona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir”.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin problemlərinin həlli də prioritet istiqamətdir. Dövlətimizin başçısı  fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Bu qərar hazırda vahid aylıq müavinət alan beş yüz  mindən çox  məcburi köçkünün sosial vəziyyətinə çox müsbət təsir edəcəkdir.

Onu da qeyd edək ki, dövlətimizin başçısı görüşdə ölkədə digər sahələrdə də həyata keçirilən islahatlar, onların nəticələri barədə ətraflı söhbət açıb, mədəniyyət sahəsində görülmüş işlərdən danışıb.  Görüşdə bu sahənin sistemli inkişafı üçün həlli zəruri olan məsələlər geniş müzakirə olunub, ciddi fikir mübadiləsi aparılıb. Ölkə rəhbəri mədəniyyət xadimlərinin qaldırdığı hər məsələyə münasibət bildirib, bu formatda görüşlərinin davamlı keçirilməsini, həmçinin, müxtəlif sahələrin peşəkar nümayəndələri ilə də oxşar təmasların yaradılmasını vacib məsələ kimi qiymətləndirib.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993