“Yubileyimi Qarabağda keçirəcəyəm”

Müsahibimiz əslən Xocavənd rayonunun Tuğ kəndindən olan şair-publisist, “Ədalət” qəzetinin redaktoru, Əməkdar jurnalist Əbülfət Mədətoğludur 

- Əbülfət müəllim, gəlin əvvəlcə doğulduğunuz doğma Tuğ kəndini yada salaq. Necə bir kənd idi? Yadınızda ən çox nə qalıb?

- Öncə zaman ayırıb diqqət göstərdiyiniz üçün təşəkkür edirəm. O ki, qaldı Tuğ kəndinə... Bu kənd barəsində ədəbiyyatımızda, tariximizdə kifayət qədər bilgilər var. Bu bilgilərin içərisində mənim üçün ən ağrılısı böyük Cəfər Cabbarlının “1905-ci ildə” dramıdır. Ona görə bu dram mənə ağrı yaşadır ki, ordakı bədii səhnə təsvirlərini gerçək həyatda yaşamalı oldum. Sovet təbliğat maşınının Cəfər Cabbarlının guya azərbaycanlı-erməni dostluğunu təbliğ etdiyini hər vasitə ilə qabartsa da, əslində dramaturq gerçəyi demişdi. Və Tuğ kəndinin timsalında imperiyanın əl tulası olan ermənilərin kimliyini ortaya çıxarmışdı. Bax, bu mənada mən hər dəfə kəndimi gözümün önünə gətirəndə öncə həmin o murdar sifətləri görürəm. Biz zorən qonşu olmuşduq, bir beynəlmiləl məktəbdə təhsil almışdıq. Qarabağın ilk şəhidlərindən biri də elə beynəlmiləl məktəbin şagirdi Teyyub oldu ki, onu da erməni şagirdlər məktəbdə bıçaqla qətlə yetirdilər. Bütövlükdə kəndimin coğrafiyası, buradakı qədim abidələr, bir sözlə, uşaqlığımdan bu günə özümlə gətirdiyim bitib-tükənməyən xatirələr... Onlardan ayrılmaq olmur...

- O vaxtdan məkrli niyyətlərini hiss etmisiniz...

- Səmimi deyim ki, erməninin xisləti o qədər qaranlıq, o qədər tünddür ki, onun içini görmək qaranlıq quyunun dibində qara bir düyü boyda muncuğu axtarmağa bənzəyir. Səninlə o qədər səmimi olur ki, hətta sirlərini də etibar eləyirsən. Amma elə yerdə, elə anda sənə zərbə vurur, qarşısını almağa gecikirsən. Bu mənada uşaqlığımız, məktəb illərimizi birgə keçən, hətta tədbirlərdə birgə şəkil çəkdirdiyimiz, bir-birimizin evinə ərklə gedib gəldiyimiz ermənilərin dilini bilmək bizə müəyyən üstünlük verirdi. Onlar erməni dilini bilməyən uşaqlıq yoldaşlarımın, kəndçilərimin yanında öz içlərini bir-birinə rahatca açırdılar. Elə ki, dillərini bilən kimsə gəlib çıxdı, dərhal mövzunu dəyişib olurdular “normal” adam. Hətta kəndin adıyla, bu adın mənasıyla bağlı mübahisə etməkdən də çəkinmirdilər. Hara gəldi erməni dilində yazılar yazırdılar. Alban abidələrinin üstündə gəzişmələr edib onu erməniləşdirirdilər. Bizim etirazlarımıza da yuxarılar “texniki səhv” kimi münasibət bildirir və hər şeyi qabartmamağı tövsiyə edirdilər. Sonunda da hər şey özü qabardı.

- İlk şeirləriniz də təbii ki, o yerlərlə bağlıdır.

- Bəli, insan öncə nəyi, haranı görürsə, kimi sevirsə, onu yazmağa, onu tərənnüm etməyə çalışır. Bu mənada mənim ilk şeirlərim kəndimizlə bağlıdır və 1973-cü ildə Füzuli ra­yo­nunun “Araz” qəzetində “Şorbulaq” adlı ilk şeirim çap olunub.

- Sizcə, bədii ədəbiyyatda köçkünlük, qaçqınlıq, müharibə mövzuları necə olmalıdır?

- Mənim düşüncəmə görə, dediyiniz mövzuda yazan qələm adamları, xüsusilə həmin bölgənin sakini olanlar şahidi, iştirakçısı olduqları hər şeyi bir az publisistik, yəni gerçəyin ifadəçisi kimi qələmə alsalar daha doğru olar. Bədii sözü bir az tarixi sözə yaxınlaşdırmaq lazımdır ki, biz gələcək nəsillərə həm də ədəbi salnamə qoyub getmiş olaq.

- Şeir vətənpərvərlik ideyasına xidmət etməlidirmi?

- Mənə qalsa, istənilən ədəbi nümunə insanın bütün hallarını, gerçək və xəyali dünyalarını birləşdirməyə, onu pıçıltı şəklində söyləməyə söykənməlidir. Oxucu şeirdə özünün müəyyən istəklərini, düşünüb təsvir etdiklərini işartı şəklində də olsa görməlidir. Və söz müəllifin ürəyi olan vətəndən kağıza, dilə köçməlidir. Onda böyük anlamda vətənpərvərlik də özünü ifadə etmiş olacaq.

- Ömrünüzün çox hissəsi “Ədalət” qəzeti ilə bağlıdır və bu qəzetdə həmişə bir Qarabağ havası duyulur.

- Bəli, artıq 28-ci ildir ki, bu qəzetdə çalışıram və dünyaya azadlıq, Qarabağ dalğasında gələn “Ədalət” daha çox qaçqın və köçkünlərin, müharibə veteranlarının, şəhidlərin özünü və sözünü yazıbdı, bu gün də həmin prinsip davam edir. “Ədalət” öz ədalətini onlardan əsirgəmir.

- Necə dolanırsınız, necə yaşayırsınız?

- Düşünürəm ki, dolanmaq, yaşamaq ifadəsini elə hər birimizin üz-gözündən, davranışından və bir də yazı-pozusundan duymaq olar...

- O yerlərə qayıtmaq inamınız varmı?

- Tam səmimi deyim ki, məni yaşadan ümiddir. O ümidin məndən yaxında, ya da uzaqda olmasından asılı olmayaraq, mən onu görürəm, ona tərəf gedirəm. Ona qovuşub-qovuşmayacağımı bir Allah bilir. Sadəcə, ümidlə yaşayıram. Onun gerçək olmasına gərəkli nə varsa, bacardığımı bu yolda edirəm.

- Bu il sizin 60 yaşınız tamam olur. Yubileyinizi qeyd edəcəksinizmi?

- Ad günlərimi, yubileylərimi qeyd eləmirəm. Allah qoysa, Qarabağda, doğma kəndimizdə qeyd edəcəm.

- Xalq yazıçısı Elçin Əfəndiyev ötən həftə Azərbaycan Yazıçılar Birliyində "Müasir tənqid və ədəbi proses” mövzusunda etdiyi məruzədə sizin yaradıcılığınıza yüksək qiymət verdi.

- Hə, mən özüm yox idim, dostlar xəbər verdi. Buna çox sevindim. Bu mənim üçün ən böyük yubiley hədiy­yəsi oldu. Elçin böyük yazıçı, böyük tənqidçidir. Onun dilindən təqdiredici sözlər eşitmək ciddi hadisədir. Mənə elə gəlir ki, sevinməyə dəyər.

 

İLĞIM

Adımı sözünə qat -

Hər gün bir cümlə söylə...

Fərəhlənim - gün boyu -

Əlləşim yerlə, göylə ...

Təkcə qulaqlarım yox,

Ruhum da cingildəsin...

Xoşbəxtlik ağlım alsın -

Ürəyim dingildəsin...

Öz içimdə min dəfə -

Sevir! Sevir! - deyim mən...

Yol vermirəm ki, səhvə -

Bəlkə, bu mən deyiləm?!

Tərəddüdlə, ümidlə

Günü günə hörüm mən...

Dilindəki adımı -

Ürəyimlə görüm mən...

Cümlən təkrarlandıqca

Şirinləşsin, mətləşsin...

Başını qoy balınca -

Dünyan Əbülfətləşsin....

GÖNDƏR

Allahım, bu mənim göyüm,

bulud payımı göndər...

Qat gözünə buludun -

umud payımı göndər!..

Sıxıram - köynəyim duz,

Ağrıyan göynəyim duz...

Yeməyim, geyməyim duz -

qurud payımı göndər!

Bir az solğun, bir az tər

cicəyin burnunda dər.

Dərdi gündöyənə sər -

qurut, payımı göndər!

Gözümə göz zillənib,

heç nə demir - dillənib.

Bəbəklərim lillənib -

durult, payımı göndər...

ŞƏRİF

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993