8 Mart Beynəlxalq Qadınlar Günüdür

Beynəlxalq Qadınlar Günü – hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətinin tərənnümünü ənənəvi hala gətirmiş bayramdır. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.

Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə imkan verməyərək nümayişi dağıtdı.

İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu-Yorkda baş tutmuşdur; bu Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu.

Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.

Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma "özünü tutmuş" yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur.

1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutdu. Böyük ehtimalla ona görə ki, həmin gün bazar günü idi və beləliklə, bu, bütün ölkələrdə həmişə martın 8-i qeyd olunur. 1914-cü ildə həmin Günün mərasimi qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olundu.

1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı "çörək və sülh" adlı nümayiş keçirdilər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.

Oktyabr inqilabından sonra bolşevik Aleksandra Kollontay və Vladimir Lenin bunu rəsmi bayram elan etdilər, amma 1965-ci ilə kimi iş günü idi. 8 may 1965-ci il fərmanıyla SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-də Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan etdi, "kommunist quruluşunda Sovet qadınının görkəmli ləyaqətinin xatırlanmasıyla, Böyük Vətən Müharibəsi zamanı vətənin müdafiəsilə, onların ön və arxa cəbhədəki qəhramanlıq və fədakarlıqlarıyla və həmçinin insanlar arasındakı dostluğun möhkəmləndirilməsinə qadınların böyük töhvəsini vurğulamaqla və sülh uğrunda mübarizəylə. Amma yenə də, qadınlar günü başqa bayramlar kimi keçirilməlidir".

1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət, Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.

Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.

Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.

Qərbdə Beynəlxalq Qadınlar Günü ilk dəfə məşhur bir hadisə kimi 1977-ci ildən sonra, Birləşmiş Millətlərin Baş Assambleyası üzv ölkələri 8 martın BMT-nin dünya sülhü və qadın azadlıqları Günü kimi qəbul olunmasına dəvət etdikdən sonra müşahidə olunmuşdur.

8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.

Bu gün də qadınlar bayramıdır. Bütün qadınlara “Bayramınız mübarək olsun” deməklə qaçqın və məcburi köçkün ana-bacılarımızın tezliklə həsrətində olduqları Ata yurdlarına qovuşmalarını arzu edir, onlara “Vətəndəki xoş növrağa qovuşasınız, əziz qadınlar”, - deyirik. Ulularımız demiş, Vətən həm də Analardan başlayır.

“Vətən səsi”

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993