Qarabağ həqiqətlərini dünyaya çatdıraq!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri, erməni vəhşiliyi, işğal zamanı həlak olmuş, qətlə yetirilmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Komitənin Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar elan etdiyi “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda uşaqlar arasında yazı müsabiqəsinə ötən həftə yekun vurulur.

AQUPDK-də bununla bağlı təşkil edilən tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova Xocalı faciəsinin dəhşətlərindən danışıb. Doğma torpaqlarından didərgin salınan soydaşlarımıza dövlət qayğısından söz açarkən o, qeyd edib ki, ölkəmizdə bu vətəndaşlarımızın yenidən cəmiyyətə inteqrasiyası üçün bütün imkanlar yaradılıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman belə həssas ailələrin sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məsələsini diqqətdə saxlayırlar. Lakin, əlbəttə ki, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir.

H.Hüseynova informasiya müharibəsinin geniş yayıldığı müasir dövrdə Xocalı soyqırımı haqqında bütün faktların dünyaya çatdırılması istiqamətində atılan ən mühüm addımlardan birinin də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında başlanılmış və hazırda 50-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyasının olduğunu vurğulayıb.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirədə qalan dinc sakinlərə qarşı törətdiyi vəhşiliklər barədə daışarkən bildirib ki, bu faciə erməni terrorçularının və onların havadarlarının Azərbaycan xalqına qarşı illər boyu məqsədyönlü şəkildə davam etdirilən etnik təmizləmə və soyqırımı siyasətini bir daha təsdiq edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı şəhərinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfil hücum etdiyini, mülki insanların xüsusi qəddarlıqla və amansızcasına öldürüldüyünü, bir qisminin ağır yaralandığını, əsir alınıb işgəncələrə məruz qoyulduğunu və itkin düşdüyünü xatırladıb. O, Xocalıda törədilən bu cinayətlərin Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsi olduğunu, Xocalıdakı hadisələrin soyqırımı cinayəti kimi bütün dünyada tanınmalı olduğunu və beynəlxalq hüquq əsasında Ermənistanın və onun siyasi-hərbi rəhbərliyinin bu cinayətlərə görə məsuliyyət daşıdığını qeyd edib. Bildirilib ki, Xocalı soyqırımından 27 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Xocalıda və Azərbaycanın işğal olunmuş digər ərazilərində törətdikləri cinayətlərə beynəlxalq qurumlar tərəfindən ədalətli qiymət verilməyib və cinayətkarlar hələ də cəzalandırılmayıblar.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova bildirib ki, bu soyqırımını törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miq­ya­sını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulub və torpaqlarımızın 20 faizi işğala məruz qalıb. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziy­yətinə düşüb, onların hüquqları kobudcasına pozulub. Yalnız Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi elan edib.

Sonda yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993