"Üç nəsil, bir soyqırım"

Hollandiyada Azərbaycanın Ermənistan tərəfindən məruz qaldığı soyqırımları əks etdirən foto sərgilərə start verilib

Xocalı soyqırımının dəhşətlərinə həsr olunmuş və Avropada ilk olaraq Brüsseldə nümayiş etdirilən “Üç nəsil, bir soyqırım” adlı sərgi bu dəfə Niderland Krallığının Aalten şəhərində baş tutub.

Fotosərgidə 1992-ci ildə Xocalıda, eləcə də Azərbaycanın digər işğal olunmuş ərazilərində çəkilmiş və ermənilərin törətdiyi soyqırımlar, vəhşiliklər və işgəncələri əks etdirən 125 foto nümayiş olunub.

Sərginin təşkilatçısı Azərbaycan Türk Kültür Mərkəzinin rəhbəri İlhan Aşkın Aalten şəhərinin təsadüfi seçilmədiyini deyir. Belə ki, Aalten İkinci Dünya müharibəsi zamanı alman faşistlərin təcavüzünə daha çox məruz qalan şəhərlərdəndir. Əhalisinin bir hissəsi faşistlər tərəfindən vəhşiliklə qətlə yetirilən Aaltenin sakinləri müharibənin ağrısını hələ də ürəklərində daşıyırlar. Məhz bu səbəbdən aaltenlilərin Xocalı faciəsini daha dərindən anlayacağını düşünərək fotoların sərgisi üçün bu şəhər seçilib.

Sərginin açılışında çıxış edənlər 23 il əvvəl bir gecədə Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilmiş vəhşiliklər, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, etnik təmizləmə siyasəti aparması barədə məlumat veriblər.

Sərgidə, həmçinin 1905 və 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar, hələ çar Rusiyası zamanında rusların dəstəyi ilə qədim İrəvan xanlığının erməniləşdirilməsi barədə açıqlamalar verilib, faktlar səsləndirilib, videokadrlar nümayiş etdirilib.

Sərgi çoxlu sayda tamaşaçılar tərəfindən ziyarət olunub və nümayiş etdirilən fotolar ziyarətçilərdə dərin təəssürat oyadıb.

Qeyd edək ki, “Üç nəsil, bir soyqırım” sərgisi daha əvvəl Brüssel və Haaqada nümayiş etdirilib. Aaltendən sonra Hollandiyanın digər şəhərlərində də sərginin təşkili planlaşdırılıb.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993