Azad torpaqda şənlik

Cocuq Mərcanlıda 25 ildən sonra ilk dəfə toy olub

İyirmi beş ildən sonra Cocuq Mərcanlıda ilk dəfə toy olub. Həziyeva Aynurə Arif qızı ilə Fərhadov Akif Maşallah oğlunun toy mərasimində yeni qəsəbənin bütün sakinləri iştirak ediblər.

Gəlinin əmisi - Cocuq Mərcanlını heç vaxt tərk etməyən, doğma torpağa bağlılıq nümunəsi göstərən Oqtay Həziyev AZƏRTAC-ın müxbirinə deyib: "Allaha şükürlər olsun ki, ordumuzun qüdrəti və dövlətimizin qayğısı sayəsində doğma torpağımızda, el-obamızın əhatəsində toy etmək də nəsib oldu. Hamımız sevinc içindəyik. Çünki Cocuq Mərcanlıda 25 ildən sonra ilk toy məclisi keçirilir. Bu, Cəbrayıl rayonunda, işğaldan azad edilmiş torpaqlarımızda ilk toydur. Cocuq Mərcanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanğıcı olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda toylarımızın da başlanğıcıdır. Allah cavanlarımızı xoşbəxt eləsin. Bu şəraiti bizim üçün yaradan Prezidentimizə minnətdarıq".

Xatırladaq ki, Cəbrayıl rayo­nunun Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı nəticəsində azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı.

Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirilib, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, “Qayıdış” parkı inşa edilib. Bu gün dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Kənd sakinləri məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərindəki abad və yaraşıqlı mənzillərində yeni həyata başlayıblar.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993