Şuşalı yeniyetmənin idman uğurları

Gənclərin fiziki və mənəvi cəhətdən sağlam böyüməsində idman əvəzsiz rol oynayır. Buna görə də ölkəmizdə bu sahəyə hərtərəfli dövlət qayğısı göstərilir. Məcburi köçkün ailələrin övladları da yaradılan imkanlardan istifadə edir, müxtəlif idman növləri ilə məşğul olur, uğurlu nəticələr əldə edirlər.  Belə gənclərdən biri əslən Şuşa rayonundan olan güləşçi Laçın Vəliyevdir.

Ailənin sonbeşiyi olan Laçın 2002-ci il fevralın 4-də Göyçay rayonunda anadan olub. Qarabağın incisi, mənəvi paytaxtı olan Şuşa erməni təcavüzkarları tərəfindən qəsb ediləndə onun valideynləri Göyçaya pənah gətirib, buradakı Texnologiya Kollecinin yataqxanasında müvəqqəti məskunlaşıblar. Şuşa rayonunun 17-saylı orta məktəbində təhsil alan Laçın uşaqlıqdan idmana böyük həvəs göstərib. Valideynləri onu Yunan-Roma güləşi bölməsinə yazdırıblar. İlk məşqçisi Rəşad Yahyayev olub. Hələ orta məktəbdə oxuyarkən Laçın bir sıra yarışlarda iştirak edib, yüksək nailiyyətlər qazanıb.  Üç dəfə respublika çempionu, dəfələrlə beynəlxalq yarışların qalibi olub. Avropa çempionatında 3-cü yerə çıxıb.  Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının üzvüdür. Orta təhsilini başa çatdırdıqdan sonra isə  məşqlərini, Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi Taleh İsrafilovun tövsiyəsi ilə, Bakıda Mərkəzi Ordu İdman klubunda ( MOİK-də)  davam etdirir. Məşqçilər onun gələcəyinə böyük ümidlər bəsləyirlər. Laçın bu il fevralın 20-də keçirilmiş  yeniyetmə və gənclər arasında Azərbaycan çempionatında 92 kq çəki dərəcəsində birinci yeri tutub.

2017-ci ildə Afinada keçirilən yeniyetmələr arasında dünya çempionatında 85 kq çəki dərəcəsində çıxış edən şuşalı güləşçi 1/16 final qarşılaşmasında Ermənistan təmsilçisi Tiqran Hambartsumyanla qarşılaşmasını özünün ən yaddaqalan döyüşü hesab edir.  O deyir: “Döşəyə çox böyük məsuliyyət hissi ilə çıxdım, çünki uduza bilməzdim. Rəqib də güclü idmançı idi. Gərgin mübarizə nəticəsində ona 8:5 hesabı ilə qalib gəldim”.

Laçın Vəliyevin ən böyük arzusu Olimpiya oyunlarının qalibi olmaqdır: “Mərkəzi Ordu İdman klubunda Taleh müəllimin nəzarəti altında məşq edirəm.  Qarşıda möhtəbər turnirlər var, onlara hazırlaşıram. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkəmizdə idmanın inkişafı üçün böyük işlər görürlər. Hər yerdə yeni idman qurğuları tikilib istifadəyə verilir. Bu da gənc idmançılara böyük dəstəkdir. Uşaq yaşlarından idmanla məşğul olmaq gələcəkdə uğur qazanmaq üçün vacib şərtdir. Mən sevinirəm ki, valideynlər uşaqlarını daha çox güləş idman növünə yazdırırlar. İndi atılacaq addımların, gələcək üçün böyük faydası var. Mən də vətənimizə, dövlətimizə xeyirli işlər görməyə, mötəbər beynəlxalq yarışlarda bayrağımızı yüksəklərə qaldırmağa, himnimizi səsləndirməyə çalışacağam”.

Biz də gənc idmançımıza gələcək idman həyatında müvəffəqiyyətlər arzu edirik.

Arif SALAHOV

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993