Laçın rayonu, Cicimli kəndi

Laçın rayonunun qədim tarixi, əsrarəngiz gözəlliyi, fərqli iqlimi ilə tanınan kəndlərindən biri rayon mərkəzindən cənub istiqamətdə yerləşən Cicimli kəndidir. Cicimli kəndinin əhalisi Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış qədim türk tayfalarındandır. Etnik mənşəyi Azərbaycan türklərindən ibarət olan 428 nəfər kənd əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğul olmuşlar.

Kəndin yerləşdiyi ərazi Qarabağ vulkanik yaylasına xas olan təbiətə və relyefə malikdir. Dəniz səviy­yəsindən yüksəkliyi 1230 m., minimal hündürlüyü isə 1000 m.-dir. Hər tərəfdən çox da hündür olmayan təpəliklərlə əhatə olunan kəndi Ağçay iki hissəyə - yerli əhali tərəfindən Güney və Quzey adlandırılan hissələrə bölür. Çay şimali-qərb hissədən daxil olaraq kəndin düz ortasından - sıldırım qayalıqlar arasından şərq istiqamətində 9 km axıb keçərək Həkəri çayına qovuşur. Qışı çox sərt və soyuq keçsə də, yayı  isti keçir. Dekabr və yanvar aylarında Güney adlandırılan hissədə mülayim isti hava olduğu halda, Quzeydə qarın qalınlığı 25-30 sm-ə çatır.

Azərbaycanın tarixini özündə əks etdirən qədim dini və mədəni abidələrinə heyran qalmamaq mümkün deyildi. Cicimli kəndi minillərin, tarixi, maddi-mədəniyyət və memarlıq abidələri, kurqan, qala tipli arxieoloji baxımdan faydalı olan qəbirüstü abidələri, at, qoç fiqurları, dini, milli sərvətlərimiz və əhalinin inanc yerləri sayılan pirləri, ocaqları ilə yaddaşlarda qalıb. Dövrün daşlaşmış səhifələri, abidələr, heykəllər, qalalar minilliklərdən soraq verərək xalqın tarixi yadigarına çevrilib. Məlum olduğu kimi, əsrlərdən əvvəl Humay quşu qədim türk xalqlarının Tanrısı hesab olunurdu. At heykəlli qəbir daşlarında günəş simvolunun və əlində quş tutmuş insanın abidənin üzərində təsviri də çox güman ki, bu dəyərli tarixi abidələri dağılmaqdan qorumaq məqsədi daşıyırdı. Bu isə Cicimli kəndindəki abidələrin Türk Albaniyası dövrünün yadigarı olduğuna dəlalət  edir. Alimlərimizin verdiyi məlumata görə bu ərazidə olan  abidələrin  çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir.

Elmi araşdırmalara əsasən Cicimli kəndində, yüksək dağlıq ərazidə yerləşən “Məlik Əjdər” türbəsi və el arasında “Kar künbəz” adlanan türbələrin XII-XIII əsrlərdə türk memarlığı üslubunda inşa edildiyi qeyd edilir. Buna əyani sübut kimi “Məlik Əjdər türbəsi”, “Kar künbəz” abidəsi” və bu abidələr ətrafında yerləşən "Çoban daş" abidəsini və çaylaq daşından düzbucaqlı formada tikilmiş məscid və digər tarixi daş əsərləri göstərmək olar.

Kəndin mərkəzindəki bu məscid uzun illər - Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalınadək  mədrəsə kimi fəaliyyət göstərmişdir. Bu təhsil ocağında dövrünün görkəmli din xadimləri İslam dinini tədris etmişlər. Təsəvvüf ədəbiyyatının görkəmli nümayəndələrindən biri Mir Həmzə Nigari də Cicimli torpağının yetirməsidir.

Qeyd edək ki, böyük tarixi olan Cicimli kəndi 1828-ci il Türkmənçay "sülh" müqaviləsindən sonra Rusiya İmperiyasının bu ərazilərdə məskunlaşdırdığı ermənilər tərəfindən 8 dəfə işğal edilib, 7 dəfə əhalisi soyqırımına məruz qalıb və bütünlüklə yandırılaraq dağıdılmışdır.

Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri və rus hərbi birləşmələri tərəfindən işğal olunub. İşğal nəticəsində Cicimli kəndində yerləşən orta məktəbin 1948-ci ildə və 1976-cı ildə inşa edilmiş binaları, İcra nümayəndəliyinin, poçtun, tikiş fabrikinin, M.Ə.Sabir adına kolxozun, klubun, kitabxananın, qarışıq mallar mağazasının və tibb məntə­qə­si­nin binaları, həmçinin kənd sakinlərinə məxsus 80-ə yaxın fərdi yaşayış evi Ermənistan silahlı qüvvələri və onlara himayədarlıq edən hərbçi ruslar tərəfindən yandırılaraq tamamilə məhv edilmişdir. Döyüş əməlyyatları zamanı döyüş mövqelərindən xeyli aralıda yerləşməsinə baxmayaraq,12 may 1992-ci il tarixində terrorçu erməni ordusuna məxsus artilleriya qurğusundan açılan atəş nəticəsində bu kənddə yerləşən XII-XIII əsr abidəsi “Məlik Əjdər” türbəsinin günbəz hissəsi dağıdılmışdır.

Qarabağ uğrunda gedən döyüşlərdə düşmənlə döyüşən yüzlərlə vətənpərvər laçınlılar arasında Cicimli kəndinin igid oğulları Füruzəddin Cəfərov, Elman Yusifov, Mehdi Məmmədov və “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş Məzahir İsmayılov şəhidlik zirvəsinə yüksəldilər.

Hazırda Cicimli kəndinin əhalisinin 95%-ə qədəri Sumqayıt şəhərində məskunlaşıb

Bütün məcburi köçkünlərimiz kimi onlar da dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunsalar da, doğma yurd niskili, vətən həsrəti ilə yaşayırlar və inanırlar ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Ermənistan-Azər­bay­can Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz, o cümlədən Laçın rayonu da düşmən tapdağından azad ediləcək, onlar da doğma yurdla vüsala qovuşacaqlar.

Tahirə AĞAMİRZƏ

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993