Yolumuz inkişaf, tərəqqi və qələbələr yoludur

“Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi əsirgəməyəcəyəm. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün müzakirə etdiyimiz proqram sayca üçüncüdür”. Prezidenti İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda belə deyib.

Azərbaycan iqtisadiyyatı dayanıqlıdır

 Dövlət başçısı bildirib ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb.   Hazırda valyuta ehtiyatlarımızın 45 milyard dollar təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev bunun gələcəyə çox böyük ümidlərlə baxmağa imkan verdiyini, Azərbaycan iqtisadiyyatının dayanıqlı iqtisadiyyat olduğunu diqqətə çatdırıb.

Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılıb, əhalinin sayı isə 1,6 milyon artıb. “Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər”, - deyən Prezident İlham Əliyev iqtisadi inkişafın, iş yerlərinin yaradılmasının əhalinin artımından daha da sürətlə getməsinin, artan əhalinin işlə təmin olunmasının vacib­liyini qeyd edib.

Sosial sahəyə çox böyük diqqət

Məcburi köçkünlərin problemlərinin həmişə diqqət mərkəzində olduğunu bildirən dövlətimizin başçısı son illər ərzində yüzdən çox köçkün şəhərciyinin tikilib köçkünlərə verildiyini, eyni zamanda şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim olunduğunu və bu prosesin davam etdirildiyini söyləyib. “Bu kateqoriyadan olan vətəndaşlar evlərlə təmin olunacaqlar. Yəni, Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir,” – deyə Prezident İlham Əliyev bəyan edib.

Müstəqil siyasətin təməli - xalqın dəstəyidir

Azərbaycanın sabitlik, təhlükəsizlik məkanı olduğunu diqqətə çatdıran ölkə rəhbəri deyib: “Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur”.

Son 15 il ərzində xalqımızın əmin-amanlıq şəraitində yaşadığını vurğulayan Prezident İlham Əliyev hər bir vətənpərvər insanın ölkəmizlə, bugünkü Azərbaycanla haqlı olaraq fəxr edə biləcəyini diqqətə çatdırıb.

Məcburi köçkünlərin problemləri diqqət mərkəzindədir

Dövlətimizin başçısı konfransdakı yekun nitqində bir daha qeyd edib ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Keçən il 5800 köçkün ailəsi üçün evlər tikilibdir, o cümlədən 1000 ailə üçün özəl sektor evlər tikib. “Mən bu təşəbbüsü alqışlayıram. Bu il bu proses davam etdiriləcək. İlkin hesablamalara görə, ən azı 5000 ailə üçün evlər tikiləcək, o cümlədən yenə də özəl sektorun çox ciddi payı ilə,” – deyə Prezident İıham Əliyev bəyan edib.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin problemlərinin də həll olunduğunu, keçən il 626 şəhid və Qarabağ müharibəsi əlilinin ailəsinə evlər verildiyini xatırladan ölkə rəhbəri bu il həmin kateqoriyadan 800 ailəyə ev veriləcəyini, növbəti illərdə bu prosesin davam etdiriləcəyini, bütün şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin evlərlə təmin olunacağını bilirib.

İş yerləri ixtisar edilməməlidir    

İş yerlərinin yaradılmasını daimi xarakter daşımasının vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev bu sahədə özəl sektorun əsas rol oynamalı olduğunu vurğulayıb. Dövlətimizin başçısı deyib: “Məşğulluğun artırılması çox ciddi məsələdir. Bəzi ölkələrdə əhali artmır, bəzi ölkələrdə əhali azalır, Azərbaycanda isə əhali artır. Mən qeyd etdim ki, son 15 il ərzində əhalimizin sayı 1,6 milyon nəfər artmışdır. Bu, əlbəttə ki, bizdən çox ciddi iş tələb edir. Bir daha demək istəyirəm ki, iş yerlərinin yaradılması prioritet məsələlərdən biridir. O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır”.

Dövlətimizin başçısı sahibkarlara tövsiyə edib ki, iş yerlərini ixtisar etməsinlər. “Çünki bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq. Ancaq, eyni zamanda, biz Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq - həm dövlət qurumlarında, həm özəl sektorda,” – deyən Prezident İlham Əliyev dövlət qurumlarında aparılan struktur islahatlarının iş yerlərinin ixtisarına gətirib çıxarmamasının vacibliyi barədə xəbərdarlıq edib. Bildirib ki, struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib.  Özünüməşğulluq proqramının icrasının böyük ümidlər verdiyi vurğulayan ölkə rəhbəri bu il 7 min, imkan olarsa, daha çox ailənin bu proqramla əhatə olunacağını bildirib.

Ailə biznesi geniş vüsət almalıdır

Hələ ki, iş tapa bilməyənlərin özünüməşğulluq hesabına ailə büdcəsini təmin edəcəklərini xatırladan Prezident İlham Əliyev Ailə Biznesinə Asan Dəstək - "ABAD" mərkəzləri yaradılmasını çox müsbət hal kimi qiymətləndirərək ailə biznesinin bir istiqamət kimi Azərbaycanda geniş vüsət almasının vacibliyini qeyd edib, dövlətin də öz dəstəyini göstərəcəyini deyib.

 Yerli icra orqanları  diqqətli olmalıdırlar

Yerli icra orqanlarının vətəndaşlara daim diqqət və qayğı göstərməli olduğunu bir daha xatırladan dövlətimizin xəbərdarlıq edib: “Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.

Dördüncü proqram da artıqlaması ilə icra ediləcək

Prezident İlham Əliyev ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulduğunu diqqətə çatdıraraq deyib: “Hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq. Çünki əvvəlki üç proqramın icrası bunu göstərir. Çünki üç proqramın hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək”. Dövlətimizin başçısı bundan sonra da ölkəmizin ancaq inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcəyinə əminliyini ifadə edib.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993