Prezident İlham Əliyev: “Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir”

“Müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət, qayğı göstərilir. Məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilmişdir. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilmişdir. Bu proses bu il də davam etdiriləcək. Şəhid ailələrinə dövlət tərəfindən dəstək göstərilir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Mən bilmirəm, hansı başqa ölkədə öz vətəndaşlarına, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş vətəndaşlara bu qədər diqqət, bu qədər qayğı göstərilsin”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər. Dövlətimizin başçısı şəhid ailələrinin nümayəndələrini ehtiramla salamlayaraq deyib: “Mən sizi bu gün görüşə dəvət etmişəm. İlk növbədə, sizə öz dərin hörmətimi ifadə etmək istəyirəm. Sizin yaxınlarınız torpaq uğrunda, Vətən uğrunda həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı...

Dövlətimizin başçısı 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın işğal altına, bir milyondan çox soydaşımız qaçqın, məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladaraq deyib: “Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qrup­laşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, - mən bunu dəfələrlə demişəm, - əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi”.

Ordumuz döyüş meydanlarında da öz gücünü göstərdi

AXC-Müsavat cütlüyünün 1990-cı illərin əvvəllərindəki xəyanətkar fəaliyyəti nəticəsində xalqımız böyük faciə ilə üz-üzə qaldığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu gün biz bu məsələni həll etməyə çalışırıq. Ölkə rəhbəri deyib: “Ordu quruculuğuna çox böyük diqqət göstərilir. Bizim ordumuz döyüş meydanlarında da öz gücünü göstərmişdir. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Biz bir neçə strateji mövqeyi işğalçılardan azad etmişik və o bölgələrdə, o yüksəkliklərdə Azərbaycan bayrağını qaldırmışıq. Bu gün Lələtəpədə, Ağdərə dağlarında, Naxçıvan dağlarında - hansılar ki, işğal altında idi, bu gün Azərbaycanın dövlət bayrağı dalğalanır”.

Xalqımız və dövlətimiz bu işğalla heç vaxt barışmayacaq

Məsələnin danışıqlar yolu ilə həllnə də çalışıldığını diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin artan potensialının, hərbi-iqtisadi gücünün, dünyadakı mövqeyinin bu gün bizim xeyrimizə işlədiyini, bu gün danışıqlar prosesində ölkəmizin mövqelərinin kifayət qədər güclü olduğunu bəyan edərək deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Diplomatik müstəvidə biz maksimum nəticəyə nail ola bilmişik. Bu gün bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir. Çoxsaylı qətnamələr, qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr, bəyannamələr ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları – BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. Yəni, biz bütün vasitələrdən istifadə edirik ki, məsələni həll edək, torpaqlarımızı işğalçılardan azad edək”.

Dövlətimizin başçısı bu gün dünyada güc amilinin ön plana çıxdığını bir daha xatırladaraq ölkəmizdə ordu quruculuğu istiqamətində bu günə qədər böyük işlər görüldüyünü bildirib. “Bütün dünyaya göstərmişik ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla heç vaxt barışmayacaq,” – deyə ölkə rəhbəri bəyan edib.

Öz vətəndaşlarına bu qədər diqqət, qayğı göstərən ölkə varmı?..

Müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət, qayğı göstərildiyini qeyd edən Prezident İlham Əliyev məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbənin tikildiyini qeyd edib: “Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilmişdir. Bu proses bu il də davam etdiriləcək. Şəhid ailələrinə dövlət tərəfindən dəstək göstərilir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Mən bilmirəm, hansı başqa ölkədə öz vətəndaşlarına, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş vətəndaşlara bu qədər diqqət, bu qədər qayğı göstərilsin”.

Dövlətimizin başçısı deyib: “Mənim fəaliyyətimdə bu məsələ daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim”.

Qanun və ədalət                  

Şəhid ailələrinə diqqətin, eyni zamanda, keçən il özünü bir daha göstərdiyini xatırladan Prezident İlham Əliyev deyib: “Keçən ilin aprel ayında Azərbaycan xalqı bir daha mənə etimad, inam göstərdi, məni prezident vəzifəsinə seçdi. Mənim birinci Fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Yenə də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir”.

Artıq ödəmə prosesi başlandığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Mənə verilən məlumata görə, üç mindən çox şəhid ailəsi 11 min manatı alıb. Ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldıqları məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yəni, o illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni Fərman imzaladım. Bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur”.

Bunun böyük vəsait tələb etdiyini diqqətə çatdıran ölkə rəhbəri proqramın icrası üçün dövlət büdcəsində ümumilikdə 135 mil­yon manat vəsait nəzərdə tutulduğunu bildirib. “Bu, kifayət qədər böyük məbləğdir. Biz çalışırıq ki, hər bir vəsaitə çox qənaətlə yanaşaq. Biz çalışırıq ki, bu gün ölkəmizin iqtisadi, sosial inkişafını şərtləndirən istiqamətlərə böyük dəstək verək. Ancaq mən həmişə demişəm ki, bizim üçün Azərbay-can vətəndaşlarının rifahı, onların dolanışığı başlıca vəzifədir. Ona görə bu qərarın qəbul edilməsi, ilk növbədə, ədalətlidir və digər tərəfdən, Prezidentin Fərmanın-dan sonra bu, artıq rəsmi sənəd olaraq qüvvəyə minir. Bu iki amili biz təmin etmişik”.

 

Dövlətin ev və ya mənzil vermədiyi bir dənə də şəhid ailəsi qalmayacaq

 

Bundan sonra da vətəndaşların sosial məsələlərinin daim diqqət mərkəzində olacağını vur­ğulayan Prezident İlham Əliyev deyib: “Şəhid ailələri üçün bundan sonra da evlər tikilib istifadəyə veriləcək. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilmişdir. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcəkdir. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəklər. Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin”.

***

Sonra dövlətimizin başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim edib. Görüşdə şəhid ailələrinin üzvləri şıxış ediblər. Onlar göstərilən diqqət və qayğıya görə Prezidetn İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Azərbaycan xalqına xidmət etmək böyük şərəfdir

Görüşə yekun vuran dövlətimizin başçısı deyilən bütün xoş sözlərə görə minnətdarlıq bildirib, Azərbaycan xalqına xidmət etməyin onun üçün böyük şərəf olduğunu bir daha xatırladaraq deyib: “Bu gün Azərbaycan dünya miqyasında sürətlə, uğurla inkişaf edən dövlətlərdən biridir. Ölkəmizin iqtisadi, hərbi potensialı güclənir. Xüsusilə qeyd etməliyəm ki, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün çox böyükmiqyaslı sosial layihələri icra edə bilir. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, maddi vəziyyətimiz pis olsaydı, biz bu layihələri, bu təşəbbüsləri irəli sürə bilməzdik. Vaxtilə müavinəti almış vətəndaşlar o zaman az məbləğ alıblar. O vaxt əgər biz onu dollara çevirsək, müavinət təqribən 20-50 dollar ətrafında idi. Yəni, imkanımız buna çatırdı, imkan yox idi. Ancaq bu gün 11 min manat tam başqa dəyər təşkil edir. Ona görə ölkəmizin iqtisadi inkişafı, maddi vəziyyətin yaxşılaşdırılması imkan verir ki, biz bir çox sosial layihələri icra edək. Biz yüzdən çox şəhərciyi öz pulumuzla tikmişik, 6650 şəhid ailəsinə mənzil verilib. Qeyd etdiyim kimi, bütün şəhid ailələri mənzillərlə təmin olunacaqlar, ardıcıllıqla, artıq proqram tutulur”.

Ordumuz dünyada ən güclü ordular sırasındadır

Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının möhkəmlənməsi üçün çox böyük vəsait tələb olunmasının, ordumuzu ən müasir silahlarla təchiz edilməsinin səbəbini belə açıqlayıb: “...Biz müharibə şəraitindəyik. Ona görə ki, bizim torpaqlarımız işğal altındadır. Bu məqsədlər üçün də böyük vəsait ayrılır. Ötən il Bakıda iki hərbi parad keçirilmişdir. Bu paradlar bizim çox güclü hərbi potensialımızı göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. Biz ölkə qarşısında duran problemləri hərtərəfli həll etməyə çalışırıq. Sosial məsələlərin həlli prioritetdir. Ancaq bu məsələlərin həllinə nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Ona görə iqtisadi inkişaf bundan sonra da elə olmalıdır ki, sosial layihələri icra etməyə imkan versin”.

Özünüməşğulluq proqramı geniş vüsət alacaqdır

Ölkəmizin indi bazar iqtisadiyyatı şəraitində yaşadığını, bazar iqtisadiyyatının öz qanunlarının olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bəzi hallarda bazar iqtisadiyyatı sosial siyasətlə o qədər də uzlaşmır. Hesab edirəm ki, ölkəmizin uğurlu inkişaf modeli bu iki önəmli amilin hər iki istiqamətini özündə ehtiva edir. Çünki biz iqtisadi inkişafa ona görə nail olmaq istəyirik ki, sosial məsələləri daha genişmiqyaslı həll edək və vətəndaşlarımız daha da yaxşı yaşasınlar. Ağır vəziyyətdə yaşayan vətəndaşlara biz imkan daxilində kömək göstəririk. Biz evini, eşiyini, torpağını itirmiş vətəndaşlar üçün şəhərciklər salırıq, evlər tikirik, onlara mənzillər veririk. Bu gün hələ də öz maddi imkanlarını lazımi səviyyədə təmin edə bilməyən vətəndaşlara dövlət tərəfindən ünvanlı sosial yardım göstərilir”.

Azərbaycanın dünya miqyasında ünvanlı sosial yardım proq­ramının çox geniş miqyas aldığı nadir ölkələrdən olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Biz indi hələ ki, işlə özünü təmin edə bilməyən vətəndaşlar üçün yeni imkanlar axtarırıq, tapırıq, özünüməşğulluq proqramı artıq geniş vüsət alacaqdır. Təkcə bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Nəyə görə? Çünki imkanı olmayan ailələr dövlət tərəfindən xüsusi vasitələrlə təmin olunsunlar ki, onlar özləri üçün kiçik biznes qura bilsinlər. Bütün bu işləri görmək üçün, əlbəttə ki, ölkəmizdə bugünkü siyasət davam etdirilməlidir. Bu siyasət yeganə düzgün siyasətdir. Məhz bu siyasət nəticəsində Azərbaycan dünya miqyasında müstəqil ölkə kimi özünü göstərə bilib”.

Cocuq Mərcanlı əyilməz iradəmizin rəmzidir

Görüşdəki çıxışlarda Cocuq Mərcanlıdan danışıldığını xatırladan dövlətimizin başçısı deyib: “Cocuq Mərcanlı bizim əyilməz iradəmizin rəmzinə çevrilib. Cocuq Mərcanlının abadlaşdırılması, yenidən qurulması hərbi qələbə nəticəsində mümkün olmuşdur. Biz sübut etdik ki, döyüş meydanında da düşməndən üstünük. Biz ermənilərin, Ermənistan rəhbərliyinin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdik. Onlar sübut etməyə çalışırdılar ki, hərbi cəhətdən bizdən üstündürlər və buna görə də 1990-cı illərin əvvəllərində bizim torpaqlarımızı zəbt edə biliblər. Bu işğalın səbəbləri haqqında Azərbaycan ictimaiyyəti yaxşı bilir. Onun başlıca səbəbi o vaxt Azərbaycan rəhbərliyində təmsil olunan xəyanətkar, satqın, səriştəsiz, biliksiz adamlardır. Onlar öz aralarında mübarizə, müharibə apararaq imkan verdilər ki, düşmən torpaq­larımızı zəbt etsin. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, Azərbaycan əsgəri, zabiti qorxmaz zabit və əsgərdir, peşəkardır. Göstərdi ki, ölkəmizin güclü ordusu var və onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt bu iş­ğalla barışmayıb və barışmayacaq. Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. 2016-cı ilə nisbətən daha böyük, bir neçə dəfə böyük ərazi nəzarətimizə keçdi, işğalçılardan azad edildi. Bu gün biz Ermənistan ərazisindən keçən strateji yollara, kommunikasiyalara nəzarət edirik. Biz bundan sonra da öz hərbi gücümüzü artıracağıq. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz istəmirik ki, şəhidlər olsun, istəmirik ki, gənclərimiz şəhid olsun. Müna-qişəni sülh yolu ilə həll etmək üçün həm siyasi, həm iqtisadi, həm hərbi güc olmalıdır. Bu gün bu üç amil var və ölkəmizi gələcəyə aparır”.

Prezident İlham Əliyev şəhid ailələrinin nümayəndələrinə bir daha öz dərin ehtiramını bildirərək deyib: “Siz Vətən üçün gözəl övladlar yetişdirmisiniz. Siz öz yaxınlarınıza arxa-dayaq olmusunuz. Siz öz şəhid olmuş övladlarınızla fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır”.

***

Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaq­larına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.

 

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993