“Ümid” qəsəbəsinin yeni sakinləri

Onlar dövlətimizin güjü, qüdrəti sayəsində rahat həyata qovuşduqları kimi doğma yurda qayıdajaqlarına da inanırlar

Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Zəruri infrastrukturu olan yaşayış kompleksləri, qəsəbələr tikilib istifadəyə verilir, hər il minlərlə köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilir.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərində hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi məsələsini nəzarətdə saxlayır, bu barədə verilmiş tapşırıqlar davamlı şəkildə icra olunur.

Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi "Qaç-qınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əsasən, Bakı şəhərinin Qaradağ rayonunun “Ümid” qəsəbəsində ikinci mərhələ üzrə inşa edilimiş 300 ailəlik yeni yaşayış binaları da artıq ilk sakinlərini qəbul edib.

Yeni mənzillərə, ilk növbədə, həyat üçün təhlükəli şəraitdə, ağır vəziyyətdə yaşayan məcburi köçkünlər köçürülüb. Belə ki, Qaradağ rayonunun Puta qəsəbəsində 11 saylı yataqxanada, 59 saylı hamamın binasında, 1 saylı mədən evində, Sahil qəsəbəsindəki ATS binasında, hərbi şəhərcikdəki tikililərdə, Qobustan rayonundakı keçmiş avtobazanın inzibati binasında və qarajında, 8 saylı yol-istismar idarəsinin inzibati binasında və Ələt qəsəbəsindəki hərbi şəhərcikdə müvəqqəti məskunlaşmış 188 məcburi köçkün ailəsi “Ümid” qəsəbəsində yeni mənzillərlə təmin olunub. Qəsəbəyə köçürülənlər, əsasən, Laçın, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbra­yıl və Şuşadan olan məcburi köçkünlərdir. Yeni mənzillərə köçürülmə davam edir.

Bu günlərdə qəsəbədə olub, yeni mənzil alan məcburi köçkünlərlə görüşdük, onların sevincinə şərik olduq. 

Laçın rayonundan məcburi köçkün Əhliyət Həşimov ata-baba yurdu işğal olunandan sonra ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşıb. Hamı kimi o da əziyyətli günlər keçirib. İndi “Ümid” qəsəbəsində müasir tələblərə cavab verən, hər cür şəraiti olan mənzilə köçürülməsi onun böyük sevincinə səbəb olub. Əhliyət kişi söhbət zamanı daim dövlətimizdən qayğı  gördüklərini bildirərək dedi: “Vaxtilə Ulu Öndər Heydər Əliyev bizim prob­­lemlərimizi dövlətin bir nömrəli problemi elan edib və bu gün cənab Prezident İlham Əliyev də məcburi köçkünlərə xüsusi qayğı göstərir. Hər il minlərlə ailə yeni mənzillərə köçür. Bizim əvvəl məskunlaşdığımız yer çox bərbad halda idi. Yeni mənzilimizdə mənim, övladlarımın, nəvələrimin rahatlığı üçün hər cür şərait var. Bütün bunlara görə dövlətimizin başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.  Onların özlərinə, övladlarına və nəvələrinə Allahdan uzun ömür, cansağlığı arzulayıram”.

Məmməd Gülməmmədov Ağdam rayonundan məcburi köçkündür. Onun da ailəsi, yeni qonşusu kimi, uzun illər çətin şəraitdə yaşayıb. Məm­məd kişi dedi: “Mənzil məsələsi bizim üçün ən vacib məsələ  idi. Çətin günlər, məhrumiyyətlər görmüşük. Şükür Allaha, möhtərəm Prezi­den­timiz İlham Əliyevin diqqət və qayğısı sayəsində biz də rahatlığa qovuşduq. Yeni mənzilimiz ürəyimizcədir. Qəsəbədə məktəb, poçt, uşaq bağçası, istirahət parkı istifadəmizə verilib. Onu da vurğulamaq istəyirəm ki, artıq məişət qayğılarımız da yüngülləşib. Köhnə sığındığımız yerlə müqayisədə elə bil cənnətə düşmüşük. Bütün bunlar yuxarıda qeyd etdiyim kimi dövlətimizin başçısının diqqət və qayğısının nəticəsidir. Mən öz adımdan, ailəmiz adından dövlətimizin başçısına dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.

Laçın rayonundan məcburi köçkün Marusya Hüseynova ailəsi ilə birlikdə keçirdiyi ağır günləri xatırlayaraq bildirdi ki, ən çətin anlarda belə dövlətimizin qayğısını hiss etmişik. Həmişə ümidlə yaşadıqlarını söyləyən bu nurani simalı ağbirçək də yeni mənzilndən çox razıdır: “Uzun illərin əziyyətindən sonra belə rahat şəraitdə yaşamağa başlamağın sevincini sözlə ifadə etmək çətindir. Tam təmirli otaqlarımız ürəkaçandır. Qəsəbəmizdə bizə lazım olan hər şey var: məktəb, bağça, klub...  Dünyanın elə bir ölkəsi yoxdur ki, orada qaçqına, köçkünə bizdəki qədər qayğı göstərilsin.  Dövlətimizin rəhbərlərinə təşəkkür edirik. İnşallah, tezliklə işğal altındakı torpaqlarımız azad edilər, öz doğma yurd-yuvamıza qayıdarıq”.

Füzuli rayonundan məcburi köçkün Aydın İbayev əvvəlki müvəqqəti məskunlaşma yerində ağır şəraitdə yaşadıqlarını, tez-tez işıq, su, qaz problemi ilə üzləşdiklərini xatırlatdı və yeni qəsəbədə, yeni mənzildə belə problemlərin olmayacağını düşündükcə dərin bir rahatlıq hissi keçirdiyini bildirdi. “Uzun müddət ümidlə yaşamışıq. Bu gün isə “Ümid” qəsəbəsində mənzilimiz var. Hamımız sevinc içərisindəyik. Allah Prezidentimizə cansağlığı versin. Bizə sevinc bəxş edib. Böyük Yaradan ona və ailəsinə daim sevinc nəsib eləsin. Gün o gün olsun, torpaqlarımızı işğaldan asad edək, öz ata-baba yurdumuzda ev tikək, güzəran quraq”.

Şurəddin Ağakişiyev də Füzuli rayonundan məcburi köçkündür. Ürək sözlərini söyləyərkən qəhərləndi: “Düz 21 il əvvəl oğ-lum vətən uğrunda şəhid olub. Ağlamaqdan hər iki gözüm tutulub, kor olmuşam. Eşidəndə ki, yeni mənzilə kö-çürük, elə bil mənə yeni ruh, gözlərimə nur gəldi. Yeni mənzilə bir neçə gündür köç-müşük. Rahat həyat, bax, buna deyərlər. Otaqlarımız isti, geniş, mətbəximiz böyükdür. Bizim əvvəl heç mətbəximiz də idi. Elə yemək yediyimiz yer həm də yatacağımız idi. Prezident İlham Əliyevə, xalqımızın sevimlisi Mehriban xanıma minnətdarıq. Mən əminəm ki, məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpağımız işğaldan azad olunacaq və biz doğma yurdda daha sevincli həyata qovuşacağıq”.

“Ümid” qəsəbəsinin yeni sakinləri dövlətmizin onlara yaratdığı şəraiti yüksək qiymətləndirir, rahat şəraitdə yaşamaq ümidlərinin doğrulduğu kimi, dogma yurda qayıdışa bağladıqları ümidlərinin də tezliklə gerçək olacağına əmindirlər.

Onu da xatırladaq ki, Ümid qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə qəsəbədə birinci mərhələdə 200 ailə üçün beş mərtəbəli 3 bina, 220 şagird yerlik məktəb, ikinci mərhələdə isə ərazidə yaşayış binalarından əlavə, həmçinin bir ədəd 140 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və qazanxana inşa edilib.

 

İsa MUSAYEV

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993