Gənclər ölkənin və millətin mənafeyini hər şeydən uca tutmalıdırlar

Bu gün ölkəmizdə fəal gənclərdən biri kimi tanınan Samir Panalıyev Laçın rayonunda anadan olub. Hazırda milli-mənəvi dəyərlərin təbliği və gənclərin təşəbbüslərinin dəstəklənməsi istiqamətində layihələr həyata keçririr. Azərbaycan Respublikası Gənclər Fondunun müsabiqə qalibi, 3 layihənin müəllifidir. Yeniyetmə və gənclərin ictimai davranışlarını mütəmadi olaraq müşahidə etidiyi üçün bu sahədə maarifləndirici tədbirlərə ehtiyac duyur. Öz təcrübəsini gənclərlə bölüşməyi və onları maarifləndirməyi qarşına məqsəd qoyub. 

- Samir, məcburi köçkünlük Sizin üçün nə deməkdir?

- Məcburi köçkün olmaq, bir çox məhrumiyyəti eyni anda yaşamaq deməkdir. Təsəvvür edin ki, doğulduğun torpaqdan uzaq olasan və başqa bir şəhərdə yaşayasan. İstəyərəm ki, nəinki Laçın, bütün işğal altında olan ərazilərimiz tezliklə azad olsun, bu cür layihələri orada həyata keçirək. Bəzən düşünür­lər ki, məcburi köçkün həyatı bizə maddi ziyan vurub. Lakin bu, maddidən çox mənəvi zərbədir. Öz doğma yurdundan, torpağından, evindən didərgin düşmək çox ağırdır. Allahdan arzu edirəm ki, gedək o torpaqlara.

- Məcburi köçkünlüyün çətinlikləri, üstəgəl fiziki məhdudiyyət...  Bunların öhdəsindən gəlməyin, öz həyatını qurmağın mümkünlüyünü necə sübuta yetirdiniz? Uğur formulunuzu necə ifadə edərdiniz?

- Birinci, ailəm, əsasən də, atam mənə çox dəstək oldu. Atam mənə həmişə mənəvi dəstək olub. Fiziki məhdudiyyətim olmasına rəğmən, hər zaman öz üzərimdə çalışmağı mənə öyrədib. Atam çalışıb ki, yaxşı təhsil alım, bilik və bacarığımı artırım. Mənə həmişə “sən fiziki məhdudiyyətdən qorxma, çalış ki, beynində məhdudiyyət olmasın” deyirdi. Mən də onun dediyini edib, öz həyatımı qurmuşam. Hər zaman bütün işlərə pozitiv baxmışam. Bir hadisə baş verəndə deyirəm ki, xeyirlisi nədirsə, o olsun.

- İctimai fəaliyyət istiqamətləriniz hansı sahələri əhatə edir? Yalnız Gənclər Fondun-dan qazandığınız qrant çərçivəsində fəaliyyət göstərirsiniz?

- Mənim işlədiyim layihələrin əsas istiqaməti sosial mövzulardır. Bu sahədə bacarıqlı olduğumu hiss edirəm. Məsələn, ilk layihəm “Etika və ictimai davranış mədəniyyətinin təbliği idi”, bu mövzuda layihə yazmağa ehtiyac var idi və yazdım. İkinci layihəmiz isə “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu”dur. Bu təşəbbüs çox yüksək qiymətləndirildi. İstəyərdim ki, gənclərimizin oxu mədəniyyəti, kitaba marağı artsın, gənc yaşdan ziyalı yetişsinlər. Vətənimizə, millətimizə xeyirli övlad olsunlar. Onlar oxusa, çalışsa dövlətimizlə yanaşı, öz ətraflarına da xeyir verərlər.  Üçüncü layihəmiz “Milli-mənəvi dəyərlərin təbliğində oxu mədəniyyətinin rolu” adlanır. Azərbaycan elmi Avropaya inteqrasiya edir. Bu inteqrasiya elm, texnika baxımından olan ehtiyaclarımızın qarşılanmasında müsbət rol oynayır. Eyni zamanda Azərbaycanda milli-mənəvi dəyərlərə, adət-ənənəyə, böyüyə, övlada, Vətənə münasibətdə sevgi və sədaqətə üstünlük verilir. Bunlar ölkəmizin sahib olduğu dəyərlərdir. Dünyada Azərbaycan qədər mərhəmət hissi yüksək olan, ikinci bir ölkə yoxdur. Hər bir azərbaycanlı gənc bununla fəxr etməlidir.

Müəllifi olduğum layihələrdən əlavə, motivasiyanın artırılması, steriotipləri aşmaqla bağlı təlimlər keçiririk.

- Layilərinizin mövzusunu seçərkən xüsusi olaraq nəyə diqqət yetirirsiniz?

- Ümumilli Liderimiz Heydər Əliyevin gözəl bir sözü var: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”, yaxud ''Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam'' fikirləri bizim vətənpərvərlik, müstəqillik ideologiyamızın əsas istiqamətlərindən biridir. Həyata keçirdiyim layihələrdə bu fikirləri gənclərə aşılamağa çalışıram.

- Yeniyetmələrə nə tövsiyə edirsiniz?

- Tövsiyəm budur ki, bilik və bacarıqlarının artırılması üçün əllərindən gələni etsinlər və onlar üçün yaradılan imkanlardan yararlansınlar. Yeniyetmə və gənclər arasında oxu mədəniy­yətinin təbliğ olunmasında yaxından iştirak etsinlər. Ən əsası ölkəmizin və millətimizin mənafeyini hər şeydən uca tutmağı bacarsınlar.

- Təşəkkür edirik!

 

Söhbəti yazdı:

Nazilə XAQANİ

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993