İtaliyalı jurnalistlər Xocavənddə...

... Ermənistanın işğalçılıq siyasəti və onun fəsadları barədə məlumatlandırılıblar

İtaliyanın “İl Massaggero” qəzetinin, “Radio Radi-cale” radiosunun, "Aska-news” və “Agenza Nova” informasiya agentliklərinin əməkdaşları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, öz doğma yurdlarından didər­gin düşmüş məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmaq məqsədilə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Xocavənd Rayon İcra Hakimiyyətində olan media qurumlarının nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, erməni silahlılarının törətdikləri qanlı cinayətlər, Azərbaycan dövləti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, “böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terror və soyqırımları həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Azərbaycan xalqı son 200 ildə erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təca­vüz­kar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınıb. XX əsrin 80-ci illərinin sonunda da Dağlıq Qarabağa dair ərazi iddiaları məhz Ermənistanın təhriki və təzyiqi ilə ortaya atılıb. Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul edib. Sovet rəhbərliyinin səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxarıb ki, bununla da Dağlıq Qarabağda və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü geniş miqyas alıb. Nəticədə, minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı olub. SSRİ-nin süqutundan sonra ermənilər Dağlıq Qara-bağda Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törədiblər. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal edib.

İtalyan jurnalistlərə Qaradağlı faciəsi, Xocalı soyqırımı haqqında da ətraflı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir Ermənistanın işğalı altındadır. Bir milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. İşğal edilmiş torpaqlarda azərbaycanlılara məxsus tarixi, dini abidələr məhv edilib.

Münaqişənin həlli üçün hüquqi əsasın olduğunu deyən Eyvaz Hüseynov BMT-nin qəbul etdiyi qətnamələri media nümayəndələrinə xatırladıb: "BMT Təhlükəsizlik Şurası 26 il bundan əvvəl 4 qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir".

Görüş zamanı jurnalistlərin sualları cavablandırılıb. İtaliyalı media nümayəndələrinə Xoca-vənd Rayon İcra Hakimiyyəti tərəfindən çəkilmiş ingilis dilində "Qaradağlı faciəsi" və "Soyqırım: Qaradağlı davam edir" filmlərinin diskləri təqdim edilib. Qonaqlar səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıqlarını bildiriblər.

İtaliyalı jurnalistlər sonra Xocavənd rayonunun Qaradağlı kəndindən məcburi köçkün Sevil Əzizovanın mənzilinə baş çəkiblər.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993