Ədalət Dəlidağlı: “Allah bizi Kəlbəcərsiz qoymasın”

Azərbaycanın müasir aşıq sənətindən danışanda adı ön sıralarda çəkilən sənətkarlardan biri də kəlbəcərli Aşıq Ədalətdir. Təsadüfi deyil ki, onun təkcə adını deyil, bəzi ifalarını da ulu ustad Ədalət Nəsibovla qarışıq salırlar.

Görəsən, düz 52 il bundan əvvəl Kəlbəcər rayonunun Yellicə kəndində yeni doğulan övladının adını Aşıq Ədalətin şərəfinə Ədalət qoyan Hacıbala kişinin ağlına gələrdimi ki, vaxt gələcək bu adamların adlarını və ifalarını səhv salacaqlar?

Ədalət Dəlidağlı müsahibələrinin birində o anları xatırlayaraq deyir: “Mən doğulanda atam qonaqlıq verirmiş. Dostu Aşıq Vəli də məclisdə imiş. O, özü ilə Ədalət Nəsibovun plastinkasını gətiribmiş. Qulaq asırlar və heyran olurlar. Aşıq Vəli atama deyir ki, oğlunun adını Ədalət qoy.”

Təbii, nə qədər oxşarlıqlar olsa da saz-söz xiridarları Ədalət Dəlidağlının ifasındakı özəllikləri görür və qiymətləndirirdilər. Zaman gəldi, bu özəlliklər daha da inkişaf edərək Ədaləti sayılıb-seçilən aşığa çevirdi.

Bu gün Ədalət klassik saz ifaçılığının ən böyük nümayəndələrindəndir. Doğma Kəlbəcərin dağılması, ağır məcburi köçkünlük həyatı Ədalətin yaradıcılığına izsiz ötüşmədi. Onun sazı qan ağlamağa başladı. Lakin bu ağrılar sənətkarlıqla ifadə olunduğu üçün həm də insanlara bir təsəlli oldu. 

“Vaxt ötdükcə Kəlbəcərin ağrısını daha dərindən yaşayıram. İnsan yaşlananda doğulduğu məkanı daha çox arzulayır. Məndə də belədir. Bir yerim ağrıyanda elə bilirəm, Kəlbəcər yoxdur, ona görədir!”

Fevralın 1-i Ədalət Dəlidağlının doğum günüdür. Onunla görüşüb müsahibə almaq istəsək də, səhhətindəki problem üzündən bu arzumuz baş tutmadı. Ağır əməliyyatdan yenicə çıxıb evə gəlmişdi.

Bilməyənlər üçün qeyd edək ki, Ədaləti ötən ilin dekabrında xəstəxanaya yerləşdiriblər və mədə-bağırsaq sistemindəki narahatlıqlara görə bir ay ərzində üç dəfə əməliyyata girməli olub. İndi vəziyyəti yaxşı olsa da onu, çox yormadan qısa bir telefon söhbəti etdik. Bu qısa söhbətdə o, yalnız Kəlbəcəri xatırladı: “Bizim Bəhmən Vətən-oğlunun gözəl bir şeiri var, mən də məclislərdə həmişə söyləyirəm:

 

Daha gözüm yoxdu dünya malında,

Xanimanım Kəlbəcərdə qalıbdı.

O yerlərdən elim-obam gələndən,

Din-imanım Kəlbəcərdə qalıbdı.

 

Dünya mənim üçün zülmətlərə tay,

Həyatın qapısı bağlı bir saray,

Görünmür gözümə nə günəş, nə ay,

Asimanım Kəlbəcərdə qalıbdı.

 

Durmuşam ölümlə pəncə-pəncədə,

Əriyir varlığım bir işgəncədə,

Quruca cismimdi gəzən Gəncədə,

Bütöv canım Kəlbəcərdə qalıbdı.

 

Haqqım yoxdu el içində öyüləm,

Az qalıbdı dərd önündə əyiləm,

Gördüyünüz Vətənoğlu deyiləm,

Adım-sanım Kəlbəcərdə qalıbdı.

Elə bilirəm, şair mənim və mənim kimi on minlərlə kəlbəcərlinin əhvalını bu misralarda çox dəqiq ifadə edib.”

Ədalət Dəlidağlının yaradıcılığına bələd olanlar bilir ki, onun repertuarında Bəhmən Vətənoğlu və Sücaətin şeirlərinin bir başqa yeri var. O, yaşca hər iki ustaddan xeyli cavan olsa da, adama elə gəlir, tay-tuşdurlar. Ədaləti ustad sənətkarlarla Kəlbəcər dərdi birləşdirir, həmyaşıd edir. 

Xəstəxanaya yerləşməzdən əvvəl iştirak etdiyi ən maraqlı verilişlərdən biri də Sücaətə həsr olunmuşdu. Söhbət İctimai Televiziyada yayımlanan “Ozan məclisi” verilişindən gedir. Ədalət burda Sücaətin vətənsiz qan-yaş tökən şeirlərinə özünəməxsus bir ruh vermişdi.

Ədalətin ata babası, dayısı, dayısı oğlanları yüksək səviyyədə saz çalan olub. Ana babası şeir yazıb. Özü deyir, məni aşıq eləyən Kəlbəcər olub. Uşaqlıqdan saz ifalarının vurğunu imiş. Gecə-gündüz bilmədən dinləyər, heç yemək-içmək yadına düşməzmiş. Öyrəndiyi havaları babasının sazında ifa edərmiş. Təbii ki, valideynləri onun bu qabiliyyətini görürdülər, ona görə lap balaca yaşlarından saz dərnəyinə yazdırdılar. Orta məktəbi bitirdikdən sonra isə Kəlbəcərdəki yeddiillik musiqi məktəbinə qoydular. Onun ilk ustadı Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblının rəhbəri Əliş Quliyev olub. Sonralar Kəlbəcərin ən məşhur aşıqlarından olan Qəmkeş Allahverdinin yanına gedib. 1993-1998-ci illərdə isə Əməkdar incəsənət xadimi, ustad aşıq Ədalət Nəsi-bovdan daha mükəmməl saz dərsi alıb.

Onun ustad Nəsibovla əvvəldən tanışlığı vardı. Hələ 1989-cu ildə böyük nümayəndə heyətinin tərkibində İraqa getmiş, iki həftə mehmanxanada bir otaqda qalmışdılar. Bir gün səhər tezdən ustad sənətkar deyir ki, sazı götür bir hava çal. Ədalət Dəlidağlı ustaddan çəkinir. Ustad bir neçə dəfə təkid edəndən sonra sazı götürüb onun məşhur havalarından birini çalır. Ustad çox bəyənir və söz verir ki, Ədaləti şəyirdliyə götürəcək. Bu arzu düz dörd il sonra reallaşır.

Ədalət Dəlidağlı xatırlayır:

“Ustadın yanına gedəndə artıq kifayət qədər püxtələşmişdim. Kəlbəcərdəki dərnək vasitəsi ilə orta məktəblər və rayonlar arasında keçirilən musiqi festivallarına qatılaraq dəfələrlə qalib olmuşdum, fəxri fərmanlara və diplomlara layiq görülmüşdüm. Rayon səviyyəsində keçirilən bütün konsertlərdə iştirak etmişdim. 4-cü sinifdə oxuyanda Kəlbəcər rayonundakı Dədə Şəmşir adına Mədəniyyət evinin direktoru Əliş Quliyev məni Gənc Aşıqlar Ansamblına qəbul etdi. 5 il Əliş Quliyevdən aşıq sənətinin incəliklərini öyrəndim. Sonra Əliş müəllim məni Gənc Aşıqlar Ansamblının üzvü seçdi. Həm rayonumuz, həm zonalar, həm respublika üzrə, həm də bir çox xarici ölkələrdə keçirilən bir sıra festivalların qalibi olaraq müxtəlif mükafatlara layiq görüldüm.”

Ədalət Dəlidağlı “Azərsun”un keçirdiyi “Ozan” müsabiqəsində də birinci yerə çıxdı.

Nəhayət 2007-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görüldü.

O, düşünür ki, insan gərək anadan­­g­əl­mə aşıq olsun. Yəni mükəmməl və peşəkar aşıq kimi yetişmək üçün birinci fitri istedad lazımdır. İkinci, yaxşı ustad şərtdir. Bundan sonra poeziyanı və dastanları bilməlidir. Üstəlik, ağıllı-kamallı, mərifətli-qanacaqlı, həqiqət carçısı, təmiz qəlbli, aqil olmalı, ədəbini gözləməli, danışığına, davranışına, hərəkətlərinə fikir verməli, nəfsini qorumalıdır.

Bu gün artıq Ədalət Dəlidağlının şagirdləri yetişməkdədir. Lakin o, özünü yenə də Ədalət Nəsibovun şəyirdi sayır. Deyir, sənət elə bir dünyadır ki, ömrünün sonunacan nəsə öyrənirsən. 

Hər ad günündə Kəlbəcəri bir az da çox xatırlayır:

“53 illik ömrümün 26-sı Kəlbəcərsiz keçib. Sənətdə, həyatda nə qədər uğurlar qazansam da, bu 26 il mənim üçün Kəlbəcərdə keçirdiyim bir ana dəyməz. Birdən düşünürəm, ilahi, daş olmuşam, dəmir olmuşam ki, bu 26 ilə dözmüşəm. Bəlkə, saz məni saxlayıb. Bəlkə, insanların sevgisindən toxtaqlıq tapmışam. İnanın, heç yaşaya da bilməmişəm. Güzəranım yaxşı olsa da, günüm xəstəxanalarda keçib. Bəhmən düz deyir, hər şeyimiz, hətta sağlamlığımız da Kəlbəcərdə qalıb!”

Ədalət Dəlidağlı da təsdiq edir ki, insanı yaşadan ümiddir. Əgər bütün kəlbəcərlilərin, bütün məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaq ümidi olmasa, bir gün də yaşaya bilməzlər:

“Dədə Şəmşir deyir:

 

Kişinin əzası qarışmalıdır

Ölən günü torpağına vətənin.

Azərbaycan birdi, Vətən birdi, amma doğulduğun yurd-yuva var, məkan var. Kəlbəcər mənim ana yurdumdur. Atamdır, anamdır, babamdır, nənəmdir. Sabah övladım, nəvəm olacaq. Gecələr yuxularım, gündüzlər dualarım Kəlbəcərlədir. Dinim-imanımdır Kəlbəcər. Mən indiyədək 50-yə yaxın ölkədə olmuşam, Kəlbəcərə tay tutduğum bir diyar olmayıb. Allah bizi həsrətdə qoymasın. Doğma vətənimizi bütöv görmək ən böyük istəyimdir. İçimdə bir inam var ki, bu müqəddəs arzuma çatacağam.” 

 

Şərif

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993