Ərənlər yurdunun qəhrəman oğlu
Adı dillər əzbəri olan, şəninə dastan qoşulan, şeirlər yazılan, mahnılar bəstələnən Qaçaq Nəbi yurdu Qubadlı Azərbaycanın şanlı qəhrəmanlıq salnaməsinə öz igidləri ilə yeni səhifələr yazıb. Elə haqqında bu gün söhbət açdığımız Bəylər Tapdıq oğlu Ağayev də ərənlər yurdunun qəhrəman övladıdır.
O, 3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağaclı kəndində dünyaya göz açmışdı. 1985-ci ildə Qaracallı kənd orta məktəbini bitirdikdən sonra iki il sovxozda təsərrüfat işlərində çalışmışdı. 1987-ci ildə hərbi xidmətə çağırılmışdı. Bəylər Ağayev 1989-cu ildə xidmətini Almaniya Demoktarik Respublikasında başa çatdıraraq dogma kəndlərinə qayıdır və sovxozda əmək fəaliyyətini davam etdirir. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. O torpaqlarımızın işğalı ilə heç cürə barışa bilmirdi. Nəyahət, düşünüb, gələcəkdə atacağı addımları götür-qoy edir. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq ordu sıralarına yazılır. Onun qorxmazlığı, cəsurluğu elə ilk günlərdən diqqəti cəlb etmişdi. Ona görə də briqada komandiri onu bölmə komandiri təyin edir.
Bəylər Ağayev Laçın rayonunun müdafiəsində fəal iştirak etməklə Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edilməsində əsl qəhrəmanlıq nümunəsi göstərir.
1992-ci il avqustun 6-sı... Xanalılar kəndi uğrunda ağır döyüşlər gedirdi. Düşmənin qəfil hücumu Bəylərin bölməsini çətin vəziyyətə salmışdı. Silah-sursat getdikcə tükənirdi. Bölmə komandiri bu çətin durumda sona kimi döyüşməyi qərar verdi. Cəsur komandir üzünü yoldaşlarına tutaraq dedi: “Biz Vətən uğrunda ölümə gedirik. Ola bilsin, bu döyüş bizim son döyüşümüz olsun. Amma bu bizi qorxutmamalıdır. Düşmən qabağında əyilməməli, heç bir vəchlə təslim olmamalıyıq. Bütöv Azərbaycan uğrunda, igidlərim! Vətən uğrunda, irəli!”
Bəylər ayağa qalxıb, döyüş yoldaşlarını hücuma səslədi. Cəsur döyüşçülər irəli atılaraq düşmənin xeyli canlı qüvvəsini və hərbi texinkasını məhv etdilər. Özləri isə qəhrəmancasına həlak oldular.
Bəylər Ağayev subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Qarağaclı kəndindəki Şəhidlər Xiyabanında dəfn edilib. Qaracallı kənd orta məktəbi onun adını daşıyır. Bu kənd hazırda erməni işğalı altındadır.