Zəngəzurun gerçək tarixi

“Zəngəzur Cəmiyyətləri” İctimai Birliyinin sədri, “zengezur.com” saytının təsisçi və baş redaktoru, yazıçı-jurnalist Hacı Nərimanoğlunun “Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” adlı yeni kitabı bu yaxınlarda çapdan çıxıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr olunan kitabda bir sıra böyük dövlətlərin fəal hərbi-siyasi dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən soyqırımına məruz qalmış Zəngəzur bölgəsinin son iki yüz illik tarixi tədqiq edilib, bölgə əhalisinin məruz qaldığı müsibətlərin səbəb və nəticələri araşdırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitaba akademik Yaqub Məmmədov “Tarixşünaslığımıza qiymətli töhfə” adlı yazdığı ön sözdə  qeyd edib ki, müəllifin çoxillik elmi  tədqiqatlarının yekunu olan monoqrafiya Ümummilli Lider Heydər Əliyevin  1997-ci il yanvarın 31-də AMEA-nın aparıcı alimləri və institut rəhbərləri ilə keçirdiyi görüşdə milli tarix elmi qarşısında məqsədyönlü saxtalaşdırmalara və təhriflərə məruz qalmış Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yenidən  obyektiv, vicdanlı yazılması vəzifəsinin davamı olaraq icrasına və dövlətimizin başçısı cənab İlham Əliyevin bununla bağlı çağırışına real cavabdır. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin.  Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq”.

Tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan 240 səhifəlik 4 fəsildən ibarət olan kitabda müxtəlif dillərdə 300-dək mənbəyə istinad edilib.

Müəllif Azərbaycanın müvəqqəti olaraq  itirilmiş tarixi torpaqlarının tədqiqi məsələsini önə çəkir. Tarixçi alimlərimizin qarşısında hələ də öz həllini gözləyən bir sıra problemlərin olduğunu vurğulayaraq qeyd edir ki, türk dünyasının milli, etnik, ərazi bütövlüyünü sarsıtmaq məqsədilə ötən əsrin iyirminci illərində leninçi bolşevik Rusiyasının əli ilə ermənilərə “əta” olunmuş Zəngəzur bölgəmizin tarixinin tədqiqi bu baxımdan xüsusi aktuallıq kəsb edir.

Kitabda Zəngəzurun iki əsrlik tarixində baş verən dəyişikliklər, köç, deportasiya, soyqırımı, bölgənin tam işğalına gətirib çıxaran səbəblər sistemli, müqayisəli şəkildə tədqiq edilib.

Müəllif arxiv sənədlərinə əsas­lanaraq Rusiyanın və qərb dövlətlərinin məkrli “laqeydliyi”, əslində isə ermənipərəst cinayətkar siyasəti nəticəsində soydaşlarımızın Zəngəzur torpaqlarından amansızcasına qovulmasının obyektiv mənzərəsini işıqlandırıb.

Müəllif kitabın birinci fəslində “Ümummilli Lider Heydər Əliyev və Zəngəzur” bölməsində yazır: “Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasi xadim XX əsrin əvvəllərində erməni terrorçu dəs­tə­lərinin Zəngəzurda törətdiyi qətliamları bütün dəhşəti ilə yaxşı bilirdi. Adını daşıdığı dayısı Heydər də Zəngəzurda erməni vəhşiliyinin qurbanı olmuşdu. Bu barədə Ulu Öndər Heydər Əliye­vin bacısı Şəfiqə Əliyeva anası haqqında qələmə aldığı “Mənim anam” kitabındakı “Dayımız Heydər deportasiya vaxtı öldü” bölümündə yazır: “Anam İzzət xanım 1895-ci ildə Qərbi Azər­bay­canın Zəngəzur mahalındakı Cömərdli kəndində anadan olub. Bu kənd Zəngəzurun bağ-bağatlı, səfalı guşəsi olub, dağ kəndləri içərisində gözəlliyi ilə seçi­lirmiş. Kəndin özülünü ulu babamız Cömərd qoyub. Onlar iki qardaş olublar: Cömərd və qardaşı Alagöz Məhəmməd. Anam İzzət xanım sayılıb-seçilən, böyük hörmət və nüfuza sahib olan Cömər­din nəslinin törəməsidir. Cömərdli kəndində yaşayanların hamı­sı bizim tayfamız hesab olunur. Ağır təbiətli, utancaq olduğu üçün babam onu çox sevərmiş. Ermə­nilərin Zəngəzur torpağına olan təcavüzü anamın ömür kitabında gənclik xatirələrinin ən acı səhifələrindəndir. Öz torpağından didər­gin düşənlər Naxçıvanın ətra­fında olan kəndlərdə - Qazançı, İşıqlar, Cəhri və Milax kəndlərində məskunlaşırlar. Atam Əlirza və anam İzzət xanım isə Naxçıvana gəlirlər. Lakin anamın çəkdiyi müsibətlərin hamısından dəhşətlisi Cömərdlidən qaçarkən yolda gör­düyü mənzərə olub. Çox sevdiyi, gözəlliyi boy-buxunu ilə seçilən 23 yaşlı qardaşı Heydərin meyidi onu sarsıdıb. Anamı qaçqın düşmək ağrısından daha çox sevdiyi qardaşının ölümü yandırırdı”.

Müəllif yazır ki, ermənilərin Zəngəzurda törətdikləri qanlı qır­ğınlar, soyqırımı və deportasiya erməni müəlliflərinin əsərlərində də faktlarla təsdiq və etiraf olunub. Tanınmış erməni tarixçisi T.Xaçikoğluyan Sovet Ermənis-tanın Qızıl Ordu tərəfindən tutulmasının 10-cu ildönümü münasibətilə nəşr etdirdiyi kitabçasında bu dövrdə erməni xalqının törətdikləri vəhşilikləri belə təsvir edirdi: “Şərəfsiz daşnak “cümhuriy­yəti”nin qısa dövrdə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan döyüşlərdə daşnakların qanlı əlləri ilə minlərlə türkü məhv etdikləri, kəndləri yandırıb külə çevirdikləri Zəngəzur, Şərur, Dərələyəz, Meğri, Ağbaba, Zəngibasar, Böyük Vedidəki türk kəndlərində yaşanan vəhşiliklər, qətliamlar, soyğunçuluqlar hələ də yaddaşlardan silinməyib... Əsgərlərdə yaltaqlıq, keyfiyyətsizlik, çapıb-talamaq, başqasının hesabına yaşama, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı”. Göründüyü kimi, erməni vəhşiliyini erməni şahidlər özləri də yazır və etiraf edirdilər.

Sonda onu qeyd edək ki, H.Nərimaoğlunun qələmə aldığı bu kitabda gətirilən bütün faktlardan, tarixi-elmi sübutlardan aydın görünür ki, XIX-XX əsrlərdə Azərbaycanın tarixi Zəngəzur bölgəsinin demoqrafik vəziyyətinin dəyişməsinə, yəni təqribən 8 min kvadratkilometrlik ərazinin azərbaycanlılardan tamamilə təmiz­lənərək Ermənistan Respub­­likasının nəzarətinə keçməsinə, köç, deportasiya, soyqırımı və işğalına gətirib çıxaran səbəblər, əsas amillər Çar Rusiyası, bolşevik Rusiyası, sovet-kommunist rejiminin Pyotr vəsiyyətləri ilə başlanan müstəmləkəçilik və imperiya siyasətinin, antimüsəlman, antitürk, anti-Azərbaycan və ermənipərəst si-yasətinin acı nəticəsi idi...

 

Tahirə AĞAMİRZƏ

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993