Əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır

Prezident İlham Əliyev: “Azərbaycan artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanınır və daxili sabitlik, iqtisadi inkişaf bizə bu gücü verir. Eyni zamanda, biz hər hansı bir ölkəyə zərər vurmuruq.

Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımıza daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik”.

“Müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın iyirmi faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq”.

İşğala son qoyulsa...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verərkən belə deyib. Dövlətimizin başçısı özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətinin ölkəmizi uğura apardığını vurğulayaraq qeyd edib ki, biz indi yaşayış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var.

“…Biz demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq,” – deyən Prezident İlham Əliyev torpaqlarımızın işğalını davam etdirən ölkənin bütün bunları qiymətləndirməli olduğunu bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni, enerci, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq. Lakin bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda, əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı.

Çinli curnalistin “Cənab Prezident, iqtisadi gücün və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasının Sizə bu problemin həllində kömək edəcəyinə inanırsınızmı?” sualına cavab olaraq Prezident İlham Əliyev deyib: “Tamamilə belədir. Biz nəticələri görürük, biz müsbət dinamikanı görürük və səmimi desəm, görürük ki, beynəlxalq təşkilatların qətnamələri icra olunmur və buna görə cəza olmur. Dünyada aparıcı beynəlxalq təşkilat olan BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qətnamə qəbul edir, lakin münaqişə həllini tapmır, qətnamələr icra olunmur. Buna görə də biz, əlbəttə ki, beynəlxalq hüquqa arxalanmalıyıq, lakin, eyni zamanda, biz daha güclü olmalıyıq. Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət yürüdə biləcəyik. Həmçinin biz xarici borcumuzun azalması üzərində çox işləmişik. Bu gün bu borc ümumi daxili məhsulun 19 faizi səviyyəsindədir. Bu da yaxşı göstəricidir. Lakin daha yaxşı göstərici xarici borcumuz və ehtiyatlarımız arasında olan nisbətdir. Bu nöqteyi-nəzərdən bizim sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcumuzu bir neçə aya ödəyə bilərik və biz iqtisadi nöqteyi-nəzərdən heç bir ölkədən asılı deyilik.

Biz daxildə güclü olmalıyıq

CGTN-nin müxbirinin “Mən görürəm ki, Siz öz nailiyyətlərinizlə çox fərəhlənirsiniz. Lakin dünyamız çox fərqli dünyadır. Çünki qeyd etdiyiniz strateci düşüncələrə əsasən gündəlik olaraq müəyyən seçimlər etməlisiniz. Siz qloballaşmanı necə görürsünüz? Bu, artıq bir zarafat deyil və bir çox məqamların təzahürüdür. Cənab Prezident, bu böyük dəyişiklik xəritəsində Siz öz ölkənizi necə görürsünüz? Sizin və ölkəniz üçün olan düzgün yeri necə tutmaq olar?” sualına dövlətimizin başçısı belə cavab verib: “Düşünürəm ki, Azərbaycan təcrübəsi, bizim əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir. Biz o qədər də sabit olmayan bir regionda yaşayırıq. Sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunur. Biz yeni münaqişə mənbələrini, yeni risk mənbələrini görürük. Buna görə də bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır. Bunun üçün bayaq da qeyd etdiyim kimi, biz daxildə güclü olmalıyıq. Bunun üçün bizim qonşularımızla yaxşı münasibətlərimiz olmalıdır və bizim belə münasibətlərimiz var. Həmçinin dünyanın aparıcı mərkəzləri ilə də yaxşı münasibətlərimiz olmalıdır”.

Prezident curnalistin sualına cavab olaraq bu zaman nəyi nəzərdə tutduğunu şərh edərkən deyib: “Mən aparıcı ölkələri, aparıcı iqtisadiyyatları, dünya gündəmini müəyyən edən ölkələri, beynəlxalq sülh və təhlükəsizliyin asılı olduğu siyasət yürüdən ölkələri nəzərdə tuturam. Düşünürəm ki, biz milli maraqlarımızın, milli kimliyimizin, müstəqilliyimizin çox güclü müdafiəsi və eyni zamanda, qeyd etdiyim ölkələrlə yaxşı iş münasibətləri arasında balansı tapa bilmişik. Qonşularımızla münasibətlər prioritetdir, çünki biz regionda yaşayırıq. Lakin, eyni zamanda, bizə daha böyük gündəlik lazımdır. Çünki Azərbaycan coğrafi nöqteyi-nəzərdən böyük ölkə deyil. Lakin regi-onda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz nöqteyi-nəzərindən biz coğrafiyamızdan daha böyüyük”.

İmzamızla sözümüz eynidir

Prezident İlham Əliyev ölkələrlə, qonşularla, tərəfdaşlarla qarşılıqlı əlaqə baxımından uğurlu siyasətin, bəzən tarazlaşdırılmış siyasətin səbəblərindən birini belə səciyyələndirib: “Biz həmişə işimizə sadiq olmuşuq”.  Dövlətimizin başçısı qeyd edib ki, bəzən tərəfdaşlar, qonşularımız bizimlə razılaşmaya bilər, bəzən bizim işlərimiz onların xoşuna gəlməyə bilər. Lakin onlar həmişə bilirlər ki, biz dediyimizi həmişə edirik. “Onlar bilirlər ki, imzamızla sözümüz eynidir. Biz heç vaxt heç kimi məyus etməmişik. Buna görə də bu, artıq etimad məsələsidir və Azərbaycan böyük etimad qazanan ölkədir,” – deyən Prezident İlham Əliyev digər ölkələrlə qarşılıqlı fəaliyyətdə dövlətimizin siyasətinin müsbət ssenariyə əsaslandığını diqqətə çatdırıb.  Azərbaycanın artıq müstəqil xarici siyasəti olan ölkə kimi tanındığını, daxili sabitlikdən, iqtisadi inkişafdan güc aldığını vurğulayan dövlətimizin başçısı deyib: “…Biz hər hansı bir ölkəyə zərər vurmuruq. Biz, sadəcə, daha yaxşı münasibətlər qurmaq, daha çox iş görmək, insanlarımıza daha yaxşı şərait qurmaq istəyirik, sülh və harmoniya içində yaşamaq istəyirik”.

Lider üçün iki əsas məsələ

Prezident İlham Əliyevin gərgin fəaliyyətindən məlumatlı, onunla söhbətdə böyük praqmatik yanaşmanın şahidi olduğunu qeyd edən çinli curnalist dünyada böyük dəyişikliklərin baş verdiyi bir vaxtda ölkə rəhbərinin qlobal səviyyədə ən mühüm keyfiyyətini onun nədə gördüyünü soruşub. Dövlə­timizin başçısı bu məsələyə münasibət bildirərkən deyib: “Fikrimcə, bir neçə çox əhəmiyyətli məsələ var. Xatırladığım birinci məsələ uzun­müd­dətli inkişaf strategiyasının planlaşdırılmasıdır. Yəni, səyləri yalnız siyasi gündəlikdə duran tədbirlərlə məhdud­laşdırmaq lazım deyil. Siz xalqınızın 20 və ya 30 ildən sonra ölkənizi hansı səpkidə görmək arzusuna bələd olmalısınız və həmin məqsədə çatmaq üçün bu gün nə edəcəyinizi bilməlisiniz. Başlanğıcda biz uzunmüddətli infrastruktur haqqında danışırdıq. Bundan çox vaxt keçir. Lakin bu gün o, artıq öz nəticələrini verir. Fikrimcə, bu işlər, ilk növbədə, vacib-dir. İkinci ən mühüm məsələ xalqa heç zaman yalan danışmamaq. Heç zaman həqiqət olmayan məsələni deməmək və icra edə bilməyəcəyiniz vədləri verməməkdir. Mənə gəldikdə, mən çalışıram və hesab edirəm ki, bu meyarlara cavab verməyi bacarıram. Eyni zamanda, səni tənqid edənlərə nail ola biləcəyin işlərlə cavab verməlisən. Əgər sənin haqqında danışan və yazan, səni tənqid edən və hücum çəkən hər kəsə cavab versən, sadəcə, vaxtını itirəcəksən, özünü o səviyyəyə salacaqsan. Lakin cavabını işlərinlə göstər. Biz, fikrimcə, buna nail olmuşuq və skeptik düşüncədə olanların hamısına, bilərəkdən bu cür davrananlara, səylərimizi sual altına almağa, qarşımızda maneə yaratmağa çalışanlara belə cavab verdik. Biz Bakıya gələn hər kəsə bunu göstəririk və onlar bilir. Onlar paytaxtın gözəlliyinin şahidi olur, bölgələrə gedirlər və nəticələri görürlər. Hesab edirəm ki, bu iki məsələ həm ölkə, həm liderin özü üçün vacibdir. Əgər o, istəyirsə ki, xalq ona inansın, etimad etsin, dəstəkləsin, bu iki məsələ hər zaman liderin gündəliyində olmalıdır”.

Prezident İlham Əliyev müsahibədə Azərbay-canın iqtisadi inkişaf istiqamətləri, infrastruktur potensialı, xarici siyasəti, geostrateci mövqeyi və maraqları, ölkəmizə investisiya qoyuluşları, həmçinin Azərbaycan-Çin münasibətləri barədə sualları cavablandırıb. Sonda dövlətimizin başçısı CGTN televiziya kanalının xatirə kitabına ürək sözlərini yazıb.

***

Müsahibənin tam mətni ölkəmizin kütləvi informasiya vasitələrində yayımlanıb.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993