“Ümid”ə köçürülmə başlandı

Məcburi köçkün ailələri arasında püşkatma keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilir. Zəruri infrastrukturu olan yaşayış kompeksləri, qəsəbələr tikilib istifadəyə verilir, hər il minlərlə köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilir.

Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərində hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi məsələsini nəzarətdə saxlayır, bu barədə verilmiş tapşırıqlar davamlı şəkildə icra olunur. 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin müvafiq bəndinə əsasən, Qaradağ rayonunun “Ümid” qəsəbəsində ikinci mərhələ üzrə 300 ailə üçün inşa olunmuş beş mərtəbəli 4 binadakı mənzillər də ağır şəraitdə yaşayan məcburi köçkünlərə veriləcəkdir.

Ötən il rayonun Lökbatan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində yerli sahibkarlıq subyektlərinin vəsaiti hesabına inşa edilmiş “Qobu Park” yaşayış kompleksinə, əsasən, Bakıda ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülüblər. Hazırda həmin ərazidə “Qobu Park-2” yaşayış kompleksinin inşası davam etdirilir. Ötən ilin sonunda Abşeron rayonunda və Sumqayıt şəhərində istifadəyə verilmiş yeni yaşayış komplekslərindəki mənzillərə də köçürülmə eyni qaydada, ədalət və şəffaflıq şəraitində aparılacaqdır.

Yanvarın 23-də isə “Ümid” qəsəbəsində yeni mənzillərə köçü­rüləcək məcburi köçkün ailələri arasında püşkatma keçirilib.  

Lökbatan Mədəniyyət Sara­yında təşkil edilmiş püşkatmada Qaçqınların və Məcburi Köçkün­lərin İşləri üzrə Dövlət Komitə­sində yaradılmış komissiyanın üzvləri, Qaradağ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.

Mərasimdə məcburi köçkün­lərə göstərilən dövlət qayğı­sın­dan, onların yaşayış şəraitinin, maddi rifahının yaxşılaşdırılması üçün görülən işlərdən, o cümlədən “Ümid” qəsəbəsində yaradılmış şəraitdən söhbət açılıb, həmçinin püşkatmanın məqsədi və şərtləri barədə məlumat verilib.

Qaradağ rayon ərazisindəki 9 obyektdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin başçıları növbə ilə püşk çəkərək, qəsəbədə əvvəlcədən ayrılmış otaq sayı üzrə, hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.

Zəruri infrastrukturla təchiz edil­miş, tam təmirli yeni mənzillərə köçürüldükləri üçün hədsiz sevinc hissi keçirən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdar-lıqlarını bildiriblər.

Qaradağ rayonunun “Sahil” qəsəbəsində yerləşən yataqxanada müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün Nərminə İsmayılova yaşadığı çətin durumu bu cür təsvir edib: “Ailəmiz 4 nəfərdən ibarətdir. Bir qızım, bir oğlum var. Çölə çıxmağımız da, içəri girməyimiz də olduqca təhlükəlidir.” Bu çətin şəraitdə məcburi köçkün ailəsinin ürəyini açan xəbər isə order­lərin paylanması ilə bağlı gələn zənglə verilib. “Bizə dedilər ki, püşkatma olacaq və orderlər paylanacaq. Çox şad olduq, ürəkaçan xəbər oldu. Prezident İlham Əliyevə və Mehriban xanım Əliyeva­ya dərin təşəkkürümüzü bil­diririk, Allah onlara can sağlığı versin. Onlar bizə dəstək olur, biz də onlara dəstək oluruq”, - Laçın rayonundan məcburi köçkün belə deyib.

Füzuli rayonundan məcburi köçkün Azər Əliyev isə Qaradağ rayonunun Puta qəsəbəsində acınacaqlı və ağır şəraitdə yaşayıb. İndi o, ailəsi ilə birlikdə ona verilmiş 3 otaqlı mənzildə yaşayacaq.

Laçın rayonundan məcburi köçkün Sənayə Ağalarova da Puta qəsəbəsində məskunlaşıb. Uzun müddət bir otaqda yaşayan ailə 26 il sonra 3 otaqlı, geniş və təhlükəsiz mənzilə qovuşmağın sevincini yaşayır. Sənayə Ağala-rova onun üçün bu şəraiti yaradan Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıq edib.

Füzuli rayonundan məcburi köçkün Cəlal Səfərov isə gözü­nü Qaradağda yerləşən hərbi şəhərcikdə açıb. Ermənis­tan silah­lı qüvvələrinin törətdiyi vəhşiliyin canlı şahidi olmasa da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış məhrumiyyətlərlə 23 il yaşayıb. “Gözümü açandan hərbi şəhərcikdə yaşayıram. Işıq, su problemimiz var idi. Şəraitimiz çətin, yaşadığımız bina isə qəzalı vəziyyətdədir.  Artıq öz mənzilim var və ailəmlə birlikdə orada yaşa­­­yacam. Prezidentimiz və Mehriban xanım sağ olsun ki, bizi bu çətin vəziyyətdən qurtardı”, - deyən Cəlalın ən böyük sevinci odur ki, azyaşlı övladı işıqlı və rahat mənzildə böyüyəcək.

Püşkatma mərasiminin ən sevinc­­lisi isə 6 yaşlı Rəsuldur. Vlideynlərinin sözlərinə görə, yeni mənzil xəbərinin eşidən Rəsul səhərə qədər yatmayıb. İnanırıq ki, bu balaca oğlan bundan da böyük sevinci tezliklə, babalarının doğma yurduna köçən zaman yaşayacaq. 

Xatırladaq ki, “Ümid” qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə qəsəbədə birinci mərhələdə 200 məcburi köçkün ailəsi üçün beş mərtəbəli 3 bina, 220 şagird yerlik məktəb tikilib istifadəyə verilib. İkinci mərhələdə isə ərazidə yaşayış binalarından əlavə, həmçinin bir ədəd 140 uşaq yerlik bağça, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və qazanxana inşa edilib.

 

Nazilə XAQANİ

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993