Muğam Mərkəzində bir Qarabağ günü

İnsan duyğuları sonsuz sayda ilmələri olan rəngarəng xalçanı xatırladır. Sənətin gücü insan oğlunun yaşadığı bu hissləri birə-beş artırır, bizim xəyali xalçamızdakı ilmələri daha cazibəli edir. Duyğular bəzən kədərli olur, bəzən sevincli, bəzən ümidli olur, bəzən ümidsiz, bəzən gözəl olur, bəzən usandırıcı. Kədərin, ağrının, nisgilin, gözəlliyin və ümidin bir yerə toplaşdığı anlara da rast gəlirik.

Qaçqınların və Məcburi Köç­künlərin İşləri üzrə Dövlət Ko­mitəsinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muğam Mərkəzində təşkil etdiyi  “Bir gün Qarabağda” adlı bədii-musiqili tədbirdə məhz bu cür idi. Əl işlərinə baxdıqca insanın içində bir nisgil dolaşır, eyni zamanda bir ümid qığılcımı yanırdı. Mərkəzin foyesində, ək­­səri Qarabağdan olan məşhur mu­ğam ifaçılarının büstlərinin arasında Ağdamın məşhur “Çay evi” qoyulub. Ağdamlı gəncin kibrit çöplərindən hazırladığı bu qeyri-adi maketdən gözünü çəkə bilmirsən. İncə-incə, ilmə-ilmə toxunub. Baxdıqca vətənə-torpağa hüdudsuz sevgi hiss edirsən. Çox güman, əsərin müəllifi “Çay evi”ni görməyib. Onu şəkillərdən, videomateriallardan və yaxınlarının danışdığı xatirələrdən tanıyır. Amma necə görməyib? Adam görmədiyi yeri belə dəqiq­liklə yarada bilər? Yanında da qoşa minarəli Ağdam məscidi. Sağ minarəsinə quraşdırılmış düyməni basırsan, azan səsi ətrafa yayılır.

Ağdamın “Çay evi”ni də, məscidini də düşmən yerlə-yeksan edib. Hər ikisi yer üzündən silinsə də, yaddaşlarda yaşayır və bir gün hardasa, necəsə qarşına çıxır, içindən al-əlvan duyğular keçir.

İşğal olunmuş rayonların təbiətini, tarixi abidələrini əks etdirən ayrı-ayrı rəsmlər uzun dəhliz boyu geniş meydançayacan düzülüb. Birinin ardınca o biri gəlir. Birinin əksi gözlərindən tam silinməmiş başqa biri ilə qarşılaşırsan və doğrudan da özünü bir anlıq Qarabağda hiss edirsən.

Koridorun bitdiyi yerdə qonaqları Pənahəli xan qarşılayır. Şu­şa qalasının əsasını qoyan az­man sərkərdə! O, özündən danışır, Qarabağın qanlı-qadalı çağlarını yada salır, nəvələrini, nəticələrini müqəddəs diyara səsləyir.     

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru, əməkdar artist Teymur Məmmədovun qaytanlı səsi bizi bir anlıq tarixin gerçəkliyinə inandırır. Dalınca musiqi qanadlanır.

Sağda minbir ilməsi ilə mistik dünyaların sirrini əks edən məşhur Qarabağ xalıları asılıb. İlmələrin sehrinə dalıb getsən, saatlarla gözünü çəkə bilməzsən. Ən yaxşısı üzdən baxıb musiqi alətlərinə tərəf adlamaqdır.

Tar, kaman, qaval bir yandan muğamın rəmzidirsə, o biri yandan Qarabağın simvoludur. Kaş səsə də abidə qoymaq mümkün ola. Ya da kaş elə bir alət ixtira oluna ki, Xanın, Yaqubun, Qədi­rin, Səxavətin səsini çıxara bilə...

Qumdan rəsmlər lap gözlənilməz olur. Bunun gizli bir mənası da var. Dünya özü qumdan evciyə bənzəyir. Bir gün hər şey dağlıb, silinib gedir. Gənc rəssam Aydın Rəhimov əllərini işıqlı masada oynadır, Şuşanın Gövhər ağa məscidini yaradır. Yaradır və silir. Tarixin özü kimi amansızcasına!.. 

Kimlər yoxdur ziyarətçilərin arasında. Bir-birini axtaran burda tapır sanki. Millət vəkilləri, tanınmış ziyalılar, alimlər, müharibə veteranları, curnalistlər, işğal olunmuş rayonların ictimai fəalları və s. Hamı gözünü Şuşanın stendinin qarşısında kəlağayı ilə rəqs edən məktəbli qızlara dikib. Bu saat göyərçin kimi qanadlanıb Qarabağ səmalarına uçacaqlar.   

Hələ qonaqları təntənəli muğam konserti gözləyir. Zal ağzınacan doludur. Bir himə bənddir adamlar. Gözəl bir söz deyiləndə, şirin bir zəngulə vurulanda alqış sədaları havaya yüksəlir.

Millət vəkili, akademik Rafael Hüsey­nov giriş nitqi söyləyir. İnam dolu, ümid dolu danışır, bir gün o yerlərə qayıdacağımıza əmin olduğunu bildirir. Qələbə sevincini müjdələyən bu çıxışın xoş əhvalı zala da sirayət edir. Konsert bu əhvalla başlayır.

Günümüzün ən gözəl muğam ifaçıları burdadır; xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Səbuhi İbayev, Təyyar Bayramov, Ehtiram Hüseynov, Almaz Orucova, Babək Niftəliyev, İlkin Əhmədov, Firuz Səxavət, vokalçı Anar Şuşalı, gənc müğənni Tural Mustafayev.

Nəğmələr Qarabağ rəsmlərinin rəng ahəngini, xalçaların sirli ilmələrini tamamlayır, söz-söz, avaz-avaz göylərə yüksəlib doğ­ma yerlərin ab-havasını gətirir.     

Qarabağda talan var,

Zülfün üzə salan var,

Gedirsən, tez qayıt gəl,

Gözü yolda qalan var.

Nədənsə, ən çox bu bayatı yadda qalır o gecədən. Elə akademik Rafael Hüseynov da gecəyə son verəndə bu məqamı vurğu­layır, gözü yolda qalan doğma Qaraba­ğı­mızdan danışır.

Sən demə, Şuşada bir gədik varmış, ora çıxıb dərindən nəfəs alan adamın səsi açılırmış. İndi o gədik bizi haraylayır və Muğam Mərkəzindən qanadlanan musiqi o gədiyin harayına hay verir.

“Bir gün Qarabağda”. Tədbir adını doğrultmağı bacarır və öz iştirakçılarını, doğrudan da, bir günlük Qarabağa aparır. Musiqi nömrələri təbii olaraq “Qarabağ şikəstəsi” ilə başa çatır. Qarabağ musiqi məktəbinin azyaşlı ifaçılarının oxumaqdan çox ah-naləni xatırladan səsləri zalı sehrləyir. Hamı əl çalaraq ifaya ritm tutmağa çalışır. Hamı “Qarabağ şikəstəsi”nə qoşulur. Səsin qanadlarına göylərə qalxmaq istəyir.

Səsin ucalığından hər yer aydın görünür: İşğal altında qalan torpaqlar da, onu geri qaytaracağımız o böyük gün də!    

 

ŞƏRİF    

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993