Azərbaycanlı olmaq bizim üçün fəxarətdir!

Hər bir millətin siyasi, iqtisadi, hərbi, nəhayət, dövlətçilik uğuru onun birliyindən qaynaqlanır. İstənilən dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanılmasını, bu və ya digər ölkənin digərinə qarşı apardığı müharibənin taleyini həmişə əsasən hakimiyyyətlə xalqın yekdilliyi həll edir. Ona görə də tarixdə belə müharibələr ümumxalq müharibəsi, yəni qəbul olunmuş ənənəvi terminlə desək, Vətən müharibəsi adını alır.

Birinci Dünya müharibəsi zamanı Antantaya daxil olan ölkələr Osmanlı imperiyasına məxsus xeyli ərazini, Türkiyənin özünün isə şərq, cənub-qərb əyalətlərini işğal etdikdən sonra böyük öndər Mustafa Kamalın rəhbərliyi altında türk qardaşlarımızın istiqlal savaşı başlandı və bu, Vətən müharibəsi zəfərlə başa çatdı. Azərbaycan xalqının tarixində də milli birlik nümunəsi olan olaylar çoxdur. Ərəblərin hücumu və bu ərazilərin işğalından sonra Vətən müharibəsi kimi qəbul edilən Babək hərəkatı indi də tariximizin şərəfli səhifələrində yerləşir.

Bu da şərəflidir ki, 1980-ci illərdə formalaşmağa başlayan və getdikcə yeni çalarlarla zənginləşən milli istiqlal mübarizəsi 1989-cu il dekabrın 31-də dünyaya öz dönməzliyini əyani sübut etdi. Belə ki, həmin gün həm Türkiyə, həm də İranla sərhədlərdə tikanlı məftillər söküldü, uzun illər bir-birinə bu məftillərin arxasından baxaraq həsrətin nə vaxt sona yetəcəyini gözləyən, bu həsrətin bitəcəyini, bəlkə də, heç xəyallarına gətirməyən azərbaycanlıların həmin gün bir araya gəlməsi yenidən sübut etdi ki, milli birlik olan yerdə zəfər labüddür. Bu birliyin mənbəyi isə, əlbəttə, tarixin dərinliklərində, xalqın əxlaq və mübarizəsinin nüvəsini təşkil edən saf qanda, Vətənə sevgidədir.

31 dekabrdan sonra Azərbaycanda getdikcə genişlənən xalq hərəkatına ləkə vurmaq, əlbəttə, Moskva üçün çətin iş deyildi. Ona görə də öncə Bakıda erməni evlərinin talanı, Sədərəyə və ayrı-ayrı bölgələrə erməni hücumları təşkil olunurdu.

Mərkəzi televiziyanın həqiqəti deyil, Mosk­vanın və ermənilərin mənafeyinə uyğun dezinformasiyalar yayması isə bir xalqın təkcə ərazi bütövlüyünə deyil, həm də şərəfli adına ləkə vurulması məqsədini güdürdü. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının ağır texnikanın dəstəyi ilə Bakıya yeridilməsi nəticəsində onlarla həmvətənimizin qətlə yetirilməsindən sonra fövqəladə vəziyyət elan edilməsi isə SSRİ-nin tarixinə qara hərflərlə yazılmış antibəşəri olaylar sırasındadır. Bir yandan erməni separatçılarının sərhədyanı rayonlarımızı intensiv atəşə tutmaları, bir yandan Bakıda və ayrı-ayrı bölgələrdə mübariz oğul-qızlarımızın “antisovet fəaliyyət”ə görə həbs edilməsi sağlam düşüncəli hər kəsi narahat etməyə bilməzdi.

Xalqın belə bir durumunda həqiqəti dünyaya olduğu kimi çatdırmaq, əlbəttə, asan deyildi. Amma Azərbaycan xalqının güvənc yeri də vardı. Xalqımızın müdrik ağsaqqalı Heydər Əliyev belə bir çətin vaxtda özü və ailəsi üçün, təhlükələr mövcud olsa da, respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gəlib 20 yanvar olaylarına siyasi qiymət verərək bu faciənin səbəbkarlarının  Mixail Qorbaçovun başçılığı ilə  SSRİ rəhbərliyi olduğunu vurğuladı. Ulu Öndərin qətiyyətli mövqeyi dünya ictimaiyyətinə bir daha aydın olmaqla, həm də yeni milli mübarizənin təməlinə çevrildi. Xalq öz ağsaqqalını Ümummilli Lider kimi qəbul edir və onun Bakıya dönməsini istəyirdi. Amma Moskvanın imperialist idareətmə sistemi və 20 Yanvardan sonra Bakıda hakimiyyəti sovet süngüsü üstündə qamarlamış Ayaz Mütəllibov və onun siyasi cəhətdən səbatsız komandası buna imkan vermədi. Ulu Öndər üz tutduğu Naxçıvanda hamının həm əziz soydaşı, həm də lideri olaraq qarşılandı, müdafiə edildi.

Bu da təkzibolunmaz həqiqətdir ki, milli birliyin təmin olunması üçün milli maraqlarla yanaşı, həm də də sayılıb-seçilən lider gərəkdir. 1969-82-ci illərdə Azərbaycana  rəhbərlik edərkən  xalqının milli-mənəvi dəyərlərinin inkişafına çalışan və buna nail olan Heydər Əliyevi naxçıvanlılar öncə millət vəkili, sonra isə Naxçıvan MR Ali Məclisinin sədri seçdilər. Bir az sonra isə Naxçıxan MP Ali Məclisi Ulu Öndərin təşəbbüsü ilə 17 noyabrı Milli Dirçəliş, 31 dekabrı Dünya Azərbaycanlılarının Həm­­rəyliyi günü kimi qəbul etdi.

1993-cü ildə ölkədə baş vermiş qarşıdurmanın vətəndaş müharibəsi həddinə gəlib çatdığı bir vaxtda xalq yenidən öz Öndərinə müraciət etməklə həm də tariximizin yeni şanlı səhifəsinin yazılmasına imza atdı.

   Öncə ölkədə qardaş qırğınının qarşısını alan Ulu Öndərimiz milli birlik yaradılması üçün gərgin fəaliyyəti başladı. Təkcə respublikanın özündə deyil, xaricdə yaşayan azərbaycanlıların da birliyinin vacibliyini dəfələrlə vur­ğu­­layan Ulu Öndərimiz bütün xarici səfərlərində soydaşlarımızla maraqlanır, onlarla görüşüb problemlərinin həllinə yardımçı olur, nəhayət, diaspora ilə məşğul olan ayrıca dövlət qurumu yaradaraq hər bir azərbaycanlının Vətən, Millət naminə əlindən gələni etməsinə şərait  yaradırdı. 2001-ci ildə dünya azərbaycanlılarının ilk qurultayının keçirilməsi isə bu yöndə görülən işlərin daha da genişmiqyaslı olmasına hesablanmış düzgün siyasi olay kimi yüksək önəmə malikdir.

   Bu gün isə bütün sahələrdə olduğu kimi, xaricdə yaşayan soydaşlarımızla iş üzrə də aparı­lan siyasət Ulu Öndərimizin siyasi kursuna tam uyğundur və Prezidentimiz cənab İlham Əliyev bu siyasətin yeni çalarlarla zən­gin­­­ləşməsi üçün çox işlər görür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahədə mühüm xidmətləri vardır. Yeri gəlmişkən onu da vurğulamaq yerinə düşər ki, xaricdə yaşayan soydaşlarımız da, öz növbələrində, Vətən üçün gərəkli işlərin müəllifi olmağa çalışır və çox vaxt buna nail olurlar. Hər il əlamətdar günlərdə xarici ölkələrdə keçirilən tədbirlər də məhz bu qəbildəndir.

Şübhə olma bilməz ki, azərbaycanlı olması ilə daim fəxr edən və bütün mənalı həyatını xal­qı­nın və Vətəninin tərəqqisinə həsr edən Ulu Öndərimizin siyasi kursu bundan sonra da cə­nab İlham Əliyev kimi qüdrətli liderin və sağlam düşüncəli hər bir azərbaycanlının vətən­pər­vərliyi sayəsində uğurla həyata keçiriləcəkdir.

 

Nəsib QARAMANLI

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993