“Qarabağ məsələsində hamımız həmrəyik”

Müsahibimiz  Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, tanınmış şair-publisist Musa Uruddur.

- Qaçqınlıq və köçkünlük mövzusundan başlamaq istəyirəm. Bəzən, bu ifadələri qarışdırırlar.

- Qaçqınlıq və köçkünlük siyasi-iqtisadi mənada bir-birindən fərqlənsə də, insan iztirabları, insan əzabları baxımından eynidir. Sərhədlər sonradan qoyulub. İnsan olub, torpaq olub. Kiçik vətən deyilən bir anlayış var. İnsan əvvəl öz kiçik vətəninin övladıdır, sonra ölkəsinin, yəni böyük vətəninin. Kiçik vətəndən qovulmaq, böyük vətəndən qovulmaqdan dəhşətlidir. İnsan ata-babasının uyuduğu torpaqları itirəndə yetim qalır. Bir şeirimdə yazmışdım:

Atasız, anasız yaşamaq olur,

Qardaşsız, balasız yaşamaq olur,

Vətənsiz yaşamaq olmur, ilahi!

İnsan niyə yurddan didərgin düşür

İnsan niyə yurdda ölmür, ilahi!

Yurdda ölmək insan üçün daha rahatdır, nəinki yurddan ayrı yaşamaq. Bu ağrını 2006-cı ildə öz ruhumla, canımla yaşadım...

- Öz doğma kəndinizə gedəndə...

- Bəli. Elə bir şərait yarandı, mən İrəvana, ordan Sisyana, ordan da kəndimizə getdim. Bunu bir neçə yerdə demişəm, kitabımda da yazmışam; 1988-ci il avqustun 30-da mən Uruddan çıxmışdım, 2008-ci il iyunun 6-da qayıdırdım. Bu 18 ildə hər gecə o kənd yuxuma girib. Anamın da yuxusuna girib. Mənə həmişə deyir, bala, niyə bir dəfə də olsun Gəncəni, Bakını görmürəm, eləcə Urudu görürəm? 18 il sonra kəndimizə dönəndə elə bildim, yad bir yerdəyəm. Elə bil o kənd mənim dilimi başa düşmədi.

- Çox dəyişmişdi?

- Dəyişmək bir yana, kəndi mənə doğma edən ab-hava yox idi. Orda bizim dildə danışan və mənə doğma olan insanları görmədim. Yad adamlar, yad dil, yad insanlar gördüm. Hamı sənə düşmən kimi baxır, sən hamıya düşmən kimi baxırsan və hesab edirsən ki, o dağ da, daş da, torpaq da, ağac da, bulaq da əsirdir, azad olmaq üçün səni gözləyir. Sənsə getmisən, amma heç nə edə bilmirsən. Kitabın sonunda yazmışdım ki, məni hər kəs bağışlasa da, o ruhlar bağışlamayacaq. Çünki o ruhlar elə hiss elədi ki, mən gəlmişəm, burda qalam. Bu 18 ildə o ruhlar bizdən də artıq əzab çəkmişdi. Deməyim odur ki, vətən itirmək çox ağırdır. İstər məcburi köçkün olsun, istər qaçqın olsun. Amma bunların siyasi-iqtisadi anlamları fərqlidir. Qaçqın bir dövlətin ərazisindən o birinə, köçkün bir dövlətin daxilində bir ərazidən, başqa birinə gedəndir. Köçkünlərin bir fərqi də var ki, geri qayıtmaq ümidləri daha çoxdur. Qaçqınlarda bu inam bir az zəifdir. Öz ölkəmizin daxilindəki torpaqlara qayıdacağıq. Bunu hamı bilir. Qaçqınların qayıtması daha çətin görünür. Baxmayaraq ki, o yerlər də bizim tarixi torpaqlarımız olub...      

- İllər keçdikcə qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti xeyli düzəldi, lakin yurd ağrısı canlarından çıxmadı...

- Allah rəhmət eləsin, Ümummilli Lider Heydər Əliyev bu kateqoriyaya aid olan insanların dərdini hamımızdan yaxşı duyurdu. Ona görə qaçqın və məcburi köçkünlərin problemlərini bir nömrəli prob­lem adlandırmışdı. Yadınızda olar, Biləsuvarda iki məcburi köçkün gəncin toyuna getdi və orda qol götürüb oynadı. Bu həm bir ata qayğısı, həm də humanist bir insanın hissiyyatı idi. O vaxtlar hansı nüfuzlu xarici qonaq gəlirdisə, onu hökmən çadır şəhərciyinə, fin evlərinə aparardı. Şəhidlər xiyabanını ziyarət edərdilər. Sonralar cənab Prezidentimiz İlham Əliyev də bu humanist ənənəni davam etdirdi. İnsanın 50 illik yubileyindən daha əziz günü ola bilərmi? İlham Əliyev ən böyük yubileyini Taxtakörpü qəsəbəsində laçınlı bacı-qardaşları ilə qeyd etdi. Dedi, mən həmişə sizinləyəm. Bu, dövlət başçısının çətin şəraitdə yaşayan insanlara xüsusi diqqət və qayğısı ilə yanaşı həm də bir mesac idi; mən lider olaraq bu insanların yanındayam, onlar da vətəndaş olaraq mənim arxamdadır. Bunlar çox incə məqamlardır. Prezident həm də şəxsi nümunə göstərirdi. Məsələnin sosial-iqtisadi tərəfinə gəlsək, indiyədək 3 milyon kvadratmetrədək mənzil tikilib, istifadəyə verilib. Ömür boyu insan özünə bir ev tikə bilir. Bəzən heç tikib başa gətirə bilmir. Ölkənin digər ağır problemləri – ordu, təhsil, səhiyyə, iş yerləri, diaspora və səfirliklərin qurulması və s. ola-ola ölkə başçısı qaçqın və məcburi köçkünlər üçün bu addımı atdı və atmaqda davam edir.

-  Çadır düşərgələr çoxdan ləğv olunub...

- 2003-cü ildə cənab İlham Əliyev prezident seçilərkən, mən də təbliğat qrupunda idim. Biz ekspert olaraq iki məsələyə olduqca ehtiyatla yanaşırdıq: 600 min iş yerinin açılması və çadır düşərgələrinin ləğvi. Cənab Prezident dediyini həyata keçirdi. 2 milyon iş yeri açıldı və çadır şəhərciyində bir nəfər də olsun ailə qalmadı. Yüzdən çox yeni qəsəbə salındı. Bu il Cənab Prezident qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində ciddi islahatlar həyata keçirib. İslahatlar öz nəticəsini göstərməkdədir. Məcburi köçkünlərə yeni mənzillərin verilməsində ədalət və şəffaflığın təmin olunur, onların müraciətlərinə daha diqqətlə yanaşılır...

- Musa müəllim, Siz Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini kimi səhiyyə məsələləri ilə məşğul olursunuz. Qaçqın və məcburi köçkünlərimizin bu sahədəki problemləri ilə bağlı işlər nə yerdədir?

- Azərbaycan yeganə ölkədir ki, burda əhalinin icbari tibbi dispanserizasiyası aparılır. Dispanseri­zasiya nədir? Xəstəliyin oldu-olmadı, səni dövlət hesabına müayinəyə çağırırlar. Eyni zamanda qaçqınlar və məcburi köçkünlərə xüsusi bir şərait yaradılıb. Müayinə üçün harasa getmələrinə ehtiyac yoxdur. Bakıdan xüsusi həkim heyəti yaşayış yerlərinə göndərilir və müalicə xərclərinin bir qismi dövlət tərəfindən ödənilir. Allah qoysa, bir neçə ilə biz icbari tibbi sığortaya keçəndə, bütün xərclər dövlət hesabına ödəniləcəkdir. Məsələ bununla bitmir. Götürək məşğulluq məsələsini. Qanunda bununla bağlı xüsusi kvota var. Birinci növbədə kimlər işlə təmin olunmalıdır? Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, qaçqın və məcburi köçkünlər, hərbi qulluqdan tərxis olunmuş şəxslər. Bu il özünəməşğulluq proq­ramı işə düşdü. Burda aztəminatlı ailələrin təsər­rüfatla məşğul olması üçün güzəştli qaydalar tətbiq edilir. Təbii ki, saydıqlarım dövlətin etdiklərinin hamısı deyil. Amma yenə deyirəm, onlara saraylar da versən, öz doğma yerlərində bir gecə yatmağın rahatlığını əvəz edə bilməz.   

- Qaçqın və məcburi köçkünlər arasında yayğın olan xəstəliklər varmı?

- Elə bir xüsusi xəstəlik yoxdur. Amma təbii ki, bir çox özəlliklər müşahidə edilir. Xocalı hadisəsi baş verəndə mən Səhiyyə Nazirliyində idarə rəisi işləyirdim. Ordan gələnlərin hamısı stress içindəydi. O vaxt bilmədim, düz elədim, səhv elədim, bütün tibbi ko­missiyalara tapşırdım ki, Xocalı sakinlərinə əlillik də­rəcəsini bir az yuxarı yazın. Bunu ilk dəfədir deyirəm. Bəlkə də qanunu pozmuşam, amma düşü­­nürəm ki, düz eləmişəm.   

- Səhv etmirəmsə, tibbdə müharibə insanlarıyla bağlı xüsusi bir ifadə var.

- “Vyetnam sindromu” var. Amerika alimləri kəşf ediblər ki, Vyetnam müharibəsindən qayıdan insanlar cəmiyyətə adaptasiya ola bilmirlər. Sovet təbabəti bunu “əfqan sindromu” kimi qəbul etdi. Məncə, biz də “Qarabağ sindromu” kimi dəyərləndirməliyik. Müharibə heç kimdən izsiz ötüşmür. Bunu hamı nəzərə almalı və müharibədə olan insanlara anlayışla yanaşmalıdır. Eyni zamanda, yurd-yuvasını, yaxın adamlarını itirən adamlara...         

- Həm millət vəkili, həm də yazı adamı olaraq müşahidə etmişiniz yəqin. İnsanlarda doğma yurd-yuvalarına qayıtmağa inam varmı?

- İnam heç vaxt ölmür. İllah da o zamanda ki, güclü dövlətimiz var, güclü ordumuz var. Dediklərimi Aprel döyüşləri də təsdiq etdi. Biz dünyaya həm gücümüzü, həm də o torpaqlara qayıtmaq əzmimizi göstərdik. Lələtəpə və Talışdağ əməliyyatları bu qayıdışın qaranquşu idi. Biz qayıdacağıq. Mütləq qayıdacağıq! Qarabağa daha tez, o biri torpaqlarımıza da zamanla. Xalqımız Prezident ilham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya inanır. Bu, vacib şərtdir. Xalq öz liderinə inanırsa, güvənirsə və lider də xalqın inamını, güvəncini addım-addım doğruldursa, demək, heç bir problem qalmayacaq.       

 - Qarşıdan Həmrəylik günü və Yeni il gəlir. Sizcə, biz ən ağır dərdimiz olan Qarabağ probleminin həllində həmrəyikmi?

- Bütün dünya azərbaycanlıları arasında Qarabağ məsələsi ilə bağlı ikinci mövqe yoxdur və ola da bilməz. 7-dən 77-yə hamının fikri birdir. Çünki biz ədalət tərəfindən çıxış edirik. Heç kimi öldürmək istəmirik, heç kəsin torpağını tutmaq istəmirik. Öz yurdumuzu, ata-baba torpaqlarımıza qayıtmaq istəyirik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü bizim ən müqəddəs bayramlarımızdan biridir. Yeni il milli bayram olmasa da, hər halda təqvim dəyişir, il təzələnir. Hər iki bayram münasibəti ilə sizi, oxucularınızı, ümumən, bütün xalqımızı ürəkdən təbrik edirəm. Yeni il vətənimiz üçün, dövlətimiz üçün düşərli olsun!

 

ŞƏRİF 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993