Qarakilsə rayonu, Comartlı kəndi

Cənubi Qafqazda ən böyük yaşayış məskənlərindən biri Qarakilsə (Sisyan) rayonudur. Rayon dörd tərəfdən Zəngəzur, Bərgüşad silsilələri və Sünik yaylası ilə əhatə olunub. Bazarçay çayı  rayonun ərazisindən keçir.

Qarakilsə bölgəsinin qədim tarixi var. Burada alban mədəniyyətinə məxsus çoxlu abidələr yerləşir. Təəssüf ki, həmin abidələrdən ermənilər öz maraqlarına uyğun istifadə edirlər. Ərazidəki bədii üsulla işlənmiş daşlar, qoç və qoyun heykəlləri İrəvan şəhərinə aparılır, onların üzərindəki Azər­baycan xalqına məxsus kitabə və təsvirlər məhv edilərək erməniləşdirilir.

Qarakilsənin azərbaycanlılar yaşayan kəndlərindən biri də Comartlıdır. Toponimin öz mənbəyini eyniadlı türk tayfasından götürdüyü bildirilir. “Comartlı” etnoniminin ilk komponenti “com” Azərbaycan dilinin Muğan şivələrində “tayfa, əqrəba“ mənalarında işlənir.

Rayon mərkəzindən 18 km qərbdə, dəniz sə­viyyəsindən 2500 metr yüksəklikdə yerləşən Comartlı təmiz havası, diş göynədən bulaqları, gözəl Alp çəmənliyi olan yaraşıqlı dağ kəndidir. Kəndin bulaqları axaraq Xırdaçay adlanan, kəndə xüsusi yaraşıq verən dağ çayını əmələ gətirir. Həmin çay Ərəfsə kəndindən keçən Dəliçaya qovuşur və rayon mərkəzi yaxınlığında Bazarçaya tökülür.

Comartlının binəsi  iki qardaş - Kərbəlayı Comart və Alagöz Məhəmməd tərəfindən qoyulub. Kənd əhalisi bu iki qardaşın törəməsidir. Müstəqil dövlətimizin banisi və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin atası Əlirza kişinin və anası İzzət xanımın ulu babaları da Kərbəlayı Comart olub. Kəndin yaşlı sakinlərinin dediyinə görə, Heydər Əliyevin iki yaşı olanda valideynləri Comartlıdan Naxçıvana köçüblər.

Comartlıda 1873-cü ildə 208 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914-cü ildə 405 nəfər azərbaycanlı yaşayıb. 1916-1918-ci illərdə azərbaycanlılar ermənilərin  soyqırımına məruz qalaraq deportasiya edilib. Qərbi Azərbaycanda (indiki Ermənistan) sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinlərinin bir hissəsi yenidən kəndə qayıdıb. Burada 1922-ci ildə 87 nəfər, 1926-cı ildə 87 nəfər, 1931-ci ildə 149 nəfər, 1979-cu ildə 860 nəfər azərbaycanlı yaşayıb. Comartlı kəndinin sakinləri 1988-ci ilin dekabr ayında Ermənistan dövləti tərəfindən zorla deportasiya olunublar.

...Comartlılar 1918-ci ilin yayında Andronikin daşnak qoşuna qarşı qəhrəmanlıqla döyüşüblər. Azərbaycan milli torpaqşünaslıq və ekologiya elmlərinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıcılarından biri, görkəmli ictimai-siyasi xadim akademik Həsən Əlirza oğlu Əliyev daşnakların törətdiyi qanlı qırğınların canlı şahidi kimi ömrünün son günlərinə qədər həmin hadisələri xatırlayırdı.  O, comartlıların qeyri-bərabər döyüşdə düşmənə qarşı necə fədakarlıqla döyüşdüyünü, kəndlərinin dağıdılıb yandırıldığını, bir əmisinin atın tərkinə aldığı 10 yaşlı oğlunun arxadan atılan erməni gülləsindən öldüyünü, digər əmisinin isə arvadı və südəmər körpə qızı ilə kəndin kənarındakı bir mağarada gizləndiyini, ermənilərin mağaraya hücumu zamanı son patrona kimi atışdığını, axırda isə daşnakların mağaraya girərək əmisini qətlə yetirdiyini, əmisi arvadını və südəmər uşağı isə süngü ilə minbir əzab verərək öldürdüyünü, Comartlı camaatının çoxlu itkilər verdikdən sonra Naxçıvana pənah apardığını danışırdı. Comartlı camaatı Taxta körpüdən keçib Qarakilsə yurdunu və Mərcanlı yaylağını aşaraq, Naxçıvana getmiş, Culfanın və Şərurun kəndlərində məskunlaşmışdılar. 1922-ci ildə kənd camaatının bir hissəsi yenidən Comartlıya qayıdıb və doğma kəndi bərpa edib. Comartlıda 1927-ci ildə dörd siniflik ibtidai məktəb açılıb, 1970-ci illərdə isə səkkizillik məktəbə çevrilib.

Kəndin ətrafındakı bütün yerlərin adlarını comartlılar özləri qoyduqlarına görə bu toponimlər təmiz Azərbaycan türkcəsindədir: Şırran bulaq, Əli bulağı, Sarı bulaq, Xırdaçay, Təknəgöl, Laləli bulağı, Sandıqdaş, Qoyundağılan, Çalayurd, Dəvəboynu, Ərzurum, Gamışuçan, Vənlidərə, Sallıq, Qara­vaşdaşı, Əhməd yoxuşu, Səlim gədiyi və s.

Böyük Vətən Müharibəsində 40-a yaxın comartlılı iştirak edib, onlardan 17-si geri qayıtmayıb.

1988-ci ilin dekabr ayında Qərbi Azərbaycanda olan bütün ellərimiz kimi, Comartlı kəndi də boşaldılıb.  Comartlılar  hazırda, əsasən, Naxçıvan, Bakı və Sumqayıt şəhərlərində məskunlaşıblar. Azərbay­canın bütövlüyü uğrunda gedən döyüşlərdə Co­martlı gəncləri də fəal iştirak ediblər. Onlardan 4 nəfəri – Faiq və Azər Əkbərov­lar, Elşən Cəbiyev, Elxan Rüstəmov şəhidlik zirvəsinə yüksəliblər.

Görkəmli fırça ustası, xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il aprelin 22-də Co­mart­lıda dünyaya göz açıb. O, uşaqlığnın keçdiyi doğma kəndinin füsünkar təbiətini öz rəsm əsərlərində ustalıqla təsvir edib.

... İndi əsarətdə qalan Comartlının adını təcavüz­kar Ermənistan hökuməti dəyişərək Tanahat qoyub. Qərbi Azərbaycandakı digər yurd yerlərimiz kimi, bu kəndin də öz tarixi adına və əsil sahiblərinə qovuşacağı gün gələcəcəkdir!

 

Hazırladı: Sevda SÜLEYMANOVA

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993