“Mixaylo”

Əfsanəvi partizan Mehdi Hüseynzadənin rəşadət dolu şərəfli həyat yolu bu gün də mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir

1941-45-ci illərin Böyük Və­tən müharibəsində 600 mi­­nə yaxın azərbaycanlı iştirak edib. Onların yarıdan çoxu geri qayıtmayıb. Soy­daş­la­rımız düşmənə qarşı mərdliklə vuruşublar: istər döyüşən orduda, istərsə də partizan hərəkatında böyük qəhrəmanlıqlar göstəribilər. Av­ropanın müxtəlif ölkələrində faşizmə qarşı müqavimət hərəkatına qoşulan azərbaycanlılar digər millətlər içərisində xalqımızın adını yük­səklərə qaldırıblar. Onların ən şöhrətlisi “Mi­xay­­­­­­­­­lo” ləqəb­li Sovet Ittifaqı  Qəhrə­ma­nı Mehdi Hüseynzadədir.

Mehdi Hənifə oğlu Hüseyn­zadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində dün­yaya gəlmişdi. Uşaq yaşlarında atasını itirmiş, əvvəlcə anasının, sonra isə bibisinin himayəsində yaşamışdı. 1925-ci ildə 77 saylı məktəbə gedən Mehdinin ilk müəllimləri məşhur yazıçı Süley­man Sani Axundov və görkəmli bəstəkar Səid Rüstəmov olmuşdular. O, 1932-ci ildə Rəssamlıq Texnikumuna, 1934-cü ildə komsomol sıralarına, 1936-cı ildə isə Leninqrad Xarici Dillər İnstitutuna qəbul edilmişdi. 1941-ci ildə könüllü olaraq hərbi xidmətə getmiş, 1942-ci ildə leytenant kimi Stalinqrad ətrafında ilk döyüşə girmişdi.

Kalaç şəhəri yaxınlığındakı döyüşlərdə ağır yaralanaraq düş­mənə əsir düşən Mehdi öz şücaəti sayəsində faşistlərin əlindən qurtulmağa nail olur və mü­qavimət hərəkatına qoşulur. O, Yuqoslaviya Xalq Azadlıq ordusunun 31-ci diviziyasının tərkibində kəşfiyyat-təxribat qrupu yaradır, “Mixaylo” ləqəbiylə məşhurlaşır. İgid partizanın rəhbərlik etdiyi qrup Dunay və Visla çayları boyunca düşmənin 43 hərbi obyektini, xeyli sayda canlı qüvvəsini məhv edib, yüzlərlə insanı faşist əsirliyindən qurtarıb… Böyük cəsarətlə həyata keçirdiyi əməliyyatlar Mehdi Hü­seynzadənin komandirlik bacarığını, döyüş sirrinin sərrast bilicisi olduğunu göstərirdi.  Faşistlər əfsanəvi partizanı ələ keçirmək üçün hətta böyük məbləğdə mükafat da təyin etmişdilər.

Mixaylo 2 noyabr 1944-cü ildə Qoritsa şəhəri yaxınlığındakı sursat anbarını partladıb geri qayıdarkən faşist patrulları ilə qarşılaşır. O, yolunu dəyişərək Vitovle kəndində gizlənsə də, burada faşistlərlə qeyri-bərabər döyüşə girməli olur. Onlarla düş­məni məhv edən Mehdi Hüseyn­zadə son gülləsini öz ürəyinə sıxır. Partizanın cəsədini döyüş dostları gizli əməliyyatla Çepo­vani kəndinə gətirib burada dəfn edirlər.

Əfsanəvi partizan Mixayloya 1957-ci ildə Sovet İttifaqı Qəh­rəmanı adı verilib. Bu, ilk növbədə, həmin vaxt dövlət təhlükəsizliyi orqanında yüksək vəzifədə işləyən ulu öndərimiz Heydər Əliyevin diqqəti və vətənpərvərliyi sayəsində mümkün olub. Belə ki, müharibə vaxtı əsirlikdən qa­çıb, Avropada müqavimət hərəkatına qoşulan azərbaycanlılarla bağlı materialları araşdırarkən Heydər Əliyev “Mixaylo” ləqəbli döyüş­çünün qəhrəmanlığını sü­but edən sənədləri toplayıb və onun xidmətlərinin dəyərləndirilməsi üçün  sovet rəhbərliyi qarşısında məsələ qaldırıb. 

Mixaylonun ölümü ilə bağlı bir məqamı da qeyd etmək istəyirəm. Yuqoslaviyada qəhrəman partizanın silahdaşı olmuş atam Yunis Musa oğlu deyirdi ki, dəs­təmizin qərargah rəisi Cavad Hə­kimli Mehdinin ölümünü öz gözləri ilə görüb, özü onu Çe­povani kənd qəbristanlığında dəfn edərək başdaşını da özü yazıb.

Müharibədən sonra vətənə qayıdan partizanlar – Mehdi Hü­seyzadənin silahdaşları məktublaşmış, görüşmüş, bir-biri ilə əla­qə qurmuşdular. Əslən Qərbi Azərbaycandan olan əməkdar rəssam Cabbar Quliyev, Mürsəl Məmmədov, zəngilanlı Yunis Mu­sa oğlu, Tapdıq Paşayev, ağ­damlı Ənvər Məmmədov, Fü­zu­lidən Məmməd Məmmədov, gürcüstanlı İsmayıl İsmayılov, Şamil Süleymanov, David Tutu­naşvili, bakılı Tağı Əlizadə, şa­maxılı Mustafa Zahidov, moskvalı Qriqori İlyayev, ukraynalı Ana­toli Dyaçenko və yüzlərlə başqaları Mehdinin qəhrəmanlığından  ağız­dolusu söz açırdılar.

Qədirbilən xalqımız öz igidlərini tarix boyu unutmayıb, unutmayacaq da… Mehdi Hüseyn­zadənin də adı əbədiləşdirilib, haqqında əsərlər yazılıb, kinofilm çə­kilib.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ona Bakıda heykəl qoyulub. Azər­­baycan Respubli­ka­­sının Prezi­denti İlham Əliyev isə Mehdi Hüseyzadənin 100 illik yubileyinin keçirilməsi haqqında 23 iyun 2018-ci il tarixli Sərən­cam imzalayıb. Sərəncamda qeyd edildiyi kimi, yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azər­baycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

 

İsa MUSAYEV

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993