Səni azərbaycanlı olduğun üçün öldürürlərsə...

Səni azərbaycanlı olduğun üçün öldürürlərsə...

...millətçi olmağa məhkumsan! Çünki başqa çıxış yolun yoxdur.

Gənc psixoloqun məlum statusu və videoları saytlarda və so­sial şəbəkələrdə müharibə möv­­­­­­­­­­zusunu bir daha gündəmə gətirdi. Necə deyərlər, atəşkəs yenə “pozuldu”. Minlərlə adam məsələyə münasibət bildirməyi özünə borc bildi.

Prosesi qismən izləsəm də, baş verənləri təhlil etmək fikrində deyiləm. Mən, sadəcə, bir nüansa diqqət çəkmək istəyirəm.

Bizdə hələ də Qarabağ hadisələrinin mahiyyətini anlamadan bu haqda danışan, fikir bildirən insanlar vardır. Əslində, başımıza gətirilən və zorla cəlb olunduğumuz bu konfliktin həlli nə qədər çətindirsə, tarixi qiyməti o qədər asandır. Özümüzünkülərə şübhə ediriksə, Qarabağ münaqişəsini yaxından araşdıran əcnəbi qələm adamlarına müraciət edək. Mə­sələn, Tomas Devalın “Qarabağ” kitabını oxuyaq.

Hərgah BMT-nin icra olunmamış qalan məlum qətnamələri vəziyyəti kifayət qədər dərindən anladır. Beynəlxalq aləm Azər­bay­cana “Müharibə etməyin, çalışıb sülh yolu ilə həll edək,” – deyə az qala yalvarır. Niyə? Çünki müharibə etmək haqqımız olduğunu yaxşı bilir.

Fransadan tutmuş Vatikana qədər bizim vəziyyətə düşüb əli­nə silah almayan Avropa ölkəsi olmayıb. Sadəcə, onların üstün­lüyü ordadır ki, bu gün düşmənləri ilə deyil, dostları ilə əhatə olunublar. Avropa orta əsrlərə xas kin-küdurətli torpaq iddialarını çoxdan unudub, sərhədsiz dün­yaya keçib.

Bəs Qafqazda necədir?

Kim kimdən torpaq iddia edir?

Kim-kimin ərazisini işğala məruz qoyur?

Azərbaycanı sevməyən ölkələr də ərazi bütövlüyümüzə qəsd olunduğunu etiraf edir. Etməyə bilmir. Amma öz içimizdə buna loyal yanaşan, bizim məğlubiy­yətimiz üzərində sülhü təmin etmək istəyənlər var.

Bu şəkildə əldə olunan sülh sülh deyil, məğlubiyyətin rəsmiləşməsi, etiraf olunmasıdır. Bu, tarixi bir utancdır.

Qonşu ölkənin millətçi-ekstremist qüvvələri iddia etdiyi torpaq­lardan iki-üç qat artığını tutublar. Biz bu şəraitdə sülh istəsək oynaya-oynaya razı olarlar. Kor nə istər?

Bizdən əvvəlki təcrübələr, tarixi-sosioloci biliklər günümüzü dəqiq qiymətləndirməyə əsas ve­rir. Əgər dünyada hansı millət har­da yaşayır, o ərazini iddia eləsə, qan su yerinə axar. Çünki ərazisində milli azlıq yaşamayan ölkə yoxdur. BMT-nin tanıdığı sərhədlər o deməkdir ki, dünya bununla razılaşıb. Yer kürəsinin torpaqları yer kürəsinin sakinləri arasında bölünüb, qurtarıb. Ağıllı adamlar torpağın nə olduğunu yaxşı anlayır və dünyanın heç bir xalqının bu məsələdə zərrə qədər güzəştə getmədiyini bilir.

Tarixdə iki cür müharibə vardır. Biri, ədalətli, o biri ədalətsiz. Ədalətsiz müharibə odur ki, başqasının ölkəsinə soxulub, orda müharibə aparırsan. Ədalətli mü­haribə odur ki, öz vətəninin ərazisində, özünü qorumaq, varlığını təhlükədən xilas etmək üçün vu­ruşursan.

Azərbaycan son yüz ildə, o cümlədən Qarabağda heç vaxt ədalətsiz müharibə aparmayıb. Məsələ bu qədər aydındır. Biz ədalətli müharibə aparırıq! Ümu­mi prinsip budur. Qalanı təfərrüatdır.

Mən millətçiliyi və hay-küylü vətənpərvərliyi sevmirəm. Lakin bir incə məqam var; səni azərbaycanlı olduğun üçün öldürürlərsə, millətçi olmağa məhkumsan! Çünki başqa çıxış yolun yoxdur.

Biz milli münaqişələrə və ərazi iddialarından yaranan silahlı konfliktə cəlb olunduğumuz halda analoci problemləri yüz il əvvəl həll edib özü üçün mütərəqqi dünya yaradan Qərb dövlətlərindən nümunə götürə bilmərik. O dəyərlər burda işləməz. O dəyərlərin burda işləməsi üçün zaman lazımdır. Nə yazıq ki, bir ölkənin rahat həyatı həm də onun qonşularından asılıdır. Bizim bu barədə bəxtimiz gətirməyib.

İtirdiyimiz torpaqlara qayıtmayınca sülhdən dəm vurmağımız gülməlidir.

Tarixdə sülh də iki cür olub: ədalətli və biabırçı. Bəli, məhz “biabırçı sülh müqaviləsi” deyə bir anlayış var.

Özümüzü buna layiq bilməyək.

Çünki bu cür alçalmamağımız üçün canını qurban verən oğullarımız olub.

 

https://www.aznews.az

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993