Norveçin Azərbaycandakı səfiri məcburi köçkünlərlə də görüşüb

Norveçin Azərbaycanda yeni təyin olunmuş səfiri Bord İvar Svendsen Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Ə.Həsənovla görüşündən bir gün sonra - dekabrın 16-da ölkəmizdəki məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdəki real vəziyyətlə yerində tanış olmaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun müşayiəti ilə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə və Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların şəraiti ilə yerində tanış olub.

F.Hüseynov səfirə məlumat verib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın yurdlarına qayıdanadək mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı və ona edilmiş Əlavələrə uyğun olaraq indiyədək respublikamızın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə bu cür 89 müasir tipli qəsəbə tikilib istifadəyə verilib, daha ağır şəraitdə yaşayan soydaşlarımız bu qəsəbələrə köçürülüb.

Sonra diplomat məhəllədə inşa olunmuş orta məktəb binası, uşaq bağçasında yaradılan hərtərəfli şəraitlə tanış olub. Səfirin diqqətinə çatdırılıb ki, müasir tipli bu qəsəbədə yaşayış binaları, orta məktəb, uşaq bağçası ilə yanaşı, klub-icma mərkəzi, poçt şöbəsi və digər zəruri sosial-texniki infrastruktur istifadəyə verilib.

Bord İvar Svendsen Zəngilan rayonundan məcburi köçkün Ərşad Piriyevin evindəki şəraitlə tanış olub, onunla söhbət edib. Səfir məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmağın onun üçün mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb.

Sonra Binəqədi rayonu ərazisində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşan məcburi köçkünlərlə də görüşən diplomat onların həyat şəraiti ilə yaxından tanış olub.

Azərbaycan dövlətinin belə ağır vəziyyətdə yaşayan vətəndaşlarının da mənzil-məişət şəraitinin yaxşılaşdırılması itsiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirdiyini diplomatın diqqətinə çatdıran F.Hüseynov onu da vurğulamışdır ki, bütün bunlar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş müvafiq Dövlət Proqramına və ona edilmiş əlavələrə uyğun şəkildə həyata keçirilir.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993