Gərnibasar mahalı, Qaraqoyunlu kəndi

Qədim yurdlarımızdan biri də Gərnibasar mahalının düzənlik hissəsində, Gərni çayının sağ tərəfində, Qəmərli qəsəbəsindən 8-10 km şimalda, İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun kənarında yerləşən Qaraqoyunlu kəndidir.

1918-ci ilə qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar. Sovet hakimiyyəti illərində kənddə həm də İran və Türkiyədən gəlmə ermənilər yerləşdirildiyindən 1949-cu ilə qədər kənd azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı kənd olub.  “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Gərni nahiyəsinin Yolkəsən kəndi kimi qeydə alınıb. “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Gərni nahiyəsinin Qaraqoyunlu kəndi kimi verilib, kəndin ikinci adının Yükkəsənçay olduğu göstərilib. Kənddə Veyis Məhəmməd oğlunun adına olan timardan dövlətin müxtəlif vergilər şəklində ildə 3 min ağça gəlir götürdüyü də həmin mənbədə qeyd olunub.

XVIII yüzilin ortalarından etibarən kəndin adı bütün mənbələrdə Qaraqoyunlu şəklindədir. Heç şübhəsiz, bu, kənddə yaşayan əhalinin tayfa mənsubiyyətindən irəli gəlir. Oğuz türklərinin tayfa birləşmələrindən olan qaraqoyunlular XIII yüzilin sonralında, daha dəqiq desək, 1284-1291-ci illərdə Hülaku hökmdarı Arqun (Ərhun) xanın zamanında Türküstandan Cənubi Azərbaycan vasitəsilə Qafqaza keçib, bu tayfa birləşməsinin tərkibinə daxil olan tayfalar (baharlı, qaramanlı, ağaçəri, bayramlı, əyinli, duhanlı, alpout və b.) Azərbaycan xalqının etnogenezində fəal iştirak ediblər.

Qaraqoyunlu dövləti (1410-1468) Azərbaycan tarixində güclü feodal dövlətlərindən biri olub, bu dövlət tariximizə Bayram Xoca, Qara Məhəmməd, Qara Yusif, Əbu Səid, Cahanşah kimi görkəmli şəxsiyyətlər verib. İrəvan xanlığı ərazisində vaxtilə Qaraqoyunlu adı ilə çoxlu kəndlər qeydə alınıb. Onlardan ikisi Aralıq nahiyəsində (Aşağı Qaraqoyunlu, Yuxarı Qaraqoyunlu), ikisi Vedibasar mahalında (Qaraqoyunlu, Cığın Qaraqoyunlu), ikisi Basarkeçər ərazisində (Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu) yerləşib. Bundan başqa, İrəvan xanlğının Dərəkənd-Parçenis mahalında, Sürməli qəzasında, Üçkilsə rayonunda da Qaraqoyunlu kəndləri qeydə alınıb. Ümumiyyətlə isə, XIX yüzildə Cənubi Qafqazda Qaraqoyunlu adında 16 kənd mövcud olub. Bu gün Azərbaycan Respublikası ərazisində də müxtəlif adlarla (Qaraqoyunlu, Tap Qaraqoyunlu, Çay Qaraqoyunlu, Xan Qaraqoyunlu və s.) neçə-neçə Qaraqoyunlu kəndləri vardır. Qərbi Azərbaycanın Dilcan dərəsi deyilən geniş bir ərazisində də müxtəlif adlarla 14 qaraqoyunlu kəndi yerləşirdi və həmin yer Qaraqoyunlu dərəsi adlanırdı. Sovet dövründə bu kəndlərin bir hissəsi Çəmbərək (Krasnoselo), digər hissəsi Karvansaray (İcevan) rayonlarının tərkibinə daxil idi.

1873-cü ilin statikasında isə kəndin əhalisinin ancaq Azərbaycan türklərindən ibarət olduğu göstərilib: 51 təsərrüfatda 355 nəfər (199 kişi, 156 qadın). Bu, söyləməyə əsas verir ki, 1828-1829-cu illərdə kəndə köçürülmüş ermənilər burada duruş gətirə bilməyib, başqa kəndlərə gediblər. Kəndin dəqiq coğrafi mövqeyi – Gərnibasar mahalının düzənlik hissəsində, çayın sağ tərəfində, poçt yolunun kənarında, İrəvan şəhərinin 20 verstliyində yerləşdiyi də həmin mənbədə göstərilib. 1886-cı ildə kənddə 63 təsərrüfatda 474 nəfər, 1905-ci ildə 432 nəfər, 1941-cü ildə 456 nəfər azərbaycanlı yaşayıb.

1918-ci ilin əvvəllərində erməni daşnak quldur dəstələri kəndi darmadağın edib, yandırıb, kənd əhalisinin bir hissəsini vəhşicəsinə qətlə yetirib, sağ qalanları doğma yurdundan didərgin salıblar. Bölgədə sovet hakimiyyətinin qurulması ilə bağlı kəndin qaçqın əhalisi – cəmi  178 nəfər kəndə qayıdıb, onların sayı 1931-ci ildə 246 nəfərə çatıb. Bu vaxt kənddə sovet hakimiyyətinin ilk illərində bura yerləşdirilən İrandan, Türkiyədən gəlmə ermənilər də yaşayırdılar.

1948-1949-cu illərdə kəndin bütün türk-müsəlman əhalisi Azərbaycana deportasiya olunub, kənddə yaşayan erməni ailələri köçüb qonşu kəndlərə gedib, kənd isə ləğv edilib. Xarabalıqları isə son zamanlara qədər qalmaqda idi...

 

Hazırladı:  SEVDA