“Böyük yubileylərimizi İrəvanda qeyd edəcəyik”

Müsahibimiz qaçqın həyatı yaşayan C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir.

Onunla 137 yaşlı teatrın tarixi keçmişi, dövlət statusu almasının 90 illiyi və bu günkü vəziyyəti barədə söhbət etmişik.

- İrəvan Teatrı Azərbaycanın ilk teatrlarındandır...

- Mirzə Fətəli Axundzadənin komediyaları ilə 1873-cü il, mart ayının 10-da Bakıda və elə həmin ildə Tiflisdə peşəkar Azər­baycan teatrının bünövrəsi qoyuldu. 1882-ci il 2 aprel tarixində isə, kasıb tələbələrə kömək məqsədi ilə, Məşədi İsmayıl və Vasaq Mədətovun “Tamahkarlıq düş­mən qazanır” əsərinin tamaşasını oynamaqla peşəkar fəaliyyətə qədəm qoyan İrəvan Teatrı, Firudin bəy Köçərlinin Qori Müəl­limlər seminariyasını bitirdikdən sonra 1885-ci ildə İrəvan şəhərinə gəlişi ilə öz həyatında ciddi dönüş yaratdı.

- Teatrınız bir dəfə də qaçqınlıq taleyi yaşayıb. 1918-ci ildə...

  - Teatrın taleyi çox keşməkeşli olub. Dəfələrlə düşmən qəsdinə məruz qalaraq qapadılıb, mərkəzdən əyalətə köçürülüb, hətta bir neçə dəfə, doğma yurdundan didərgin salınıb. 1918-ci ildə daşnakların növbəti qətliamı, hücumları teatra da təsirsiz ötüşmədi və kollektiv  İranın Xoy şəhərində məskunlaşdı. 1922-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra teatrın yenidən dirçəlməsi, inkişaf etməsi üçün yerli ziyalılar xeyli iş gördülər.

- Uğurlu nəticələr də oldu...

- Bəli, zaman-zaman inkişaf edərək formalaşdı, Qafqazda nüfuzlu teatrlar sırasında özünə yer tuta bildi. Məhsuldarlıq elə bir həddə gəlib çatdı ki, ideologiyanın teatr sənətinə böyük ehtiyacı olduğu o dövrdə, məhz bu teatrın aktiv fəaliyyəti, yenicə qurulmaqda olan sosialist sisteminin diqqətini özünə çəkdi. 1928-ci ildə İrəvan Azərbaycan Teatrına Dövlət statusu verildi. 1935-ci ildə isə teatr ölməz C.Cabbar­lının adını daşımaq haqqını qazandı.

Lakin erməni hökuməti teatrın ideoloci fəaliyyəti ilə yanaşı milli özünüdərketmə istiqamətindəki fəaliyyətini görüb, sanki dövlət statusu verməyinə peşman oldu və 1951-ci ildə onun qapadılması qərarını verdi. Yalnız 1967-ci ilin əvvəlində 15 illik fasilədən sonra teatr yenidən yerli ziyalıların səyi və böyük əzmi nəticəsində dövlət statusu almaqla öz bərpasına nail oldu.

- Sonra ikinci qaçqınçılıq həyatı başladı. Bu həyat daha uzun və daha ağır oldu...

- 1988-ci ildən başlayan etnik təmizləmə nəticəsində, Ermənistan SSR Mədə­niyyət Nazirliyinin məqsədli şəkildə, məcburi göndərişi ilə Neftçala rayonuna qastrol səfərinə sürgün edilmiş bu başı bəlalı sənət ocağının geri, İrəvana dönüşünə qadağa qoyuldu və beləliklə 1989-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərinə deportasiya olundu. Əvvəlcə Akademik Milli Dram Teatrının nəzdində “Teatr-studiya” kimi fəaliyyətini Xırdalan Mədəniyyət Sarayında davam etdirdi, bir müddət sonra, 1994-cü ildə ulu öndər Heydər Əliyevin qayğısı ilə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı öz yüksək dövlət statusuna qovuşdu.

- Əvvəllər Hüseynqulu Sarabski adına Mədəniyyət Sarayında idiniz...

- Dövlət statusu özünə qaytarılandan sonra, Nəsimi rayonunda yerləşən həmin sarayda məskunlaşdıq. Bu, teatrın tarixi keçmişinin qorunması, ənənələrinin da­vam etdirilməsi, ölməməsi, Qərbi Azərbay­canı özündə təcəssüm etdirən bir sənət məbədi kimi yaşaması istiqamətində atılan çox dəyərli, vacib bir addım idi. İrəvan Teatrı burada da həm repertuar planı, həm də fəaliyyət dairəsi ilə öz tamaşaçıları olan teatr kimi diqqət çəkdi. Teatr didərginlik həyatı yaşamasına baxmayaraq Azərbay­canın nəhəng teatrları ilə bir səviyyəyə yüksəldi. Teatrın 125-ci ildönümü dövlət səviyyəsində təntənəli şəkildə qeyd olundu. Yubiley tədbirləri həm Azərbaycanda, həm də Türkiyədə keçirildi. Yubiley tədbirləri zamanı ölkə rəhbərinin qayğısı ilə, tarixi boyu heç bir zaman öz binası olmadığı halda Azərbaycan hökuməti tərəfindən Binəqədi rayonun M.Rəsulzadə qəsəbəsində yerləşən böyük bir Mədəniyyət Sa­rayı İrəvan Teatrının balansına verildi. Binamızda yaxın günlərdə əsaslı təmir işlərinə başlanması nəzərdə tutulur.

- Siz özünüz 2000-ci ildən burdasınız...

- 1998-2000-ci illərdə, Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpa prosesinə rəhbərlik etmişəm. Bakıya qayıdanda Mədəniyyət Nazirliyi İrəvan Teatrında kadr islahatları aparırdı. Həmin ildən İrəvan Teatrına direktor vəzifəsinə təyin olundum.

Qeyd etməliyəm ki, Tiflis Azərbaycan Teatrının bərpa prosesində əldə etdiyim təcrübə İrəvan Teatrının yenidən qurulmasında çox önəmli rol oynadı. Bu teatrda geniş islahatlara başladıq.

İrəvan Teatrı və onun istedadlı kollektivi mənim üçün əvəzi olmayan bir anlam kəsb edir. İşimin məsuliyyətini dərk edirəm.

Bizim teatr Ermənistan adlanan dövlətə öz bədii kredosu ilə birbaşa meydan oxuyan, döyüşə çıxmağa hazır olan bir sənət ocağıdır. Bizim yaradıcılıq istiqamətimiz məhz bu yolu davam etdirməlidir. Ona görə də çalışırıq ki, repertuarımızda vətənpərvərlik ruhu aşılayan, dövlətçiliyimizi təbliğ edən, milli-ideoloci kriteriyalarımızı təlqin edən əsərlər daha geniş yer tutsun.

- Truppanızda gənclərə daha çox meydan verirsiniz.

- Bu, belə də olmalıdır, ona görə ki, gə­ləcək gənclərin çiyinlərində bərqərardır. Əlbəttə ki, yaşlı nəslə, onların tövsiyələrinə, təcrübələrinə daim ehtiyac vardır. Lakin gənclərin meydanı nə qədər geniş olsa, teatrda inkişaf da bir o qədər güclü olar. Çünki gənclikdə novatorluq, praqmatik düşüncə həm iti, həm də sağlam olur. Onların hədəfi daha yüksəklərə, daha uzaq­lara hesablanır. Böyük İsgəndər gənclərdən ibarət qurduğu ordu ilə dünyanı fəth etdi. Biz sənət fatehləri olmaq niyyəti ilə çalışırıq.

- Repertuarınız hansı prinsiplərə uyğun qurulur və hazırda nə kimi yeniliklər var?

- Azərbaycan və dünya dramaturgiyasının ən yaxşı əsərləri ilə yanaşı, məxsusi olaraq vətənpərvərlik mövzusunda olan əsərlərə geniş yer veririk. Çünki bu sənət ocağının öz yaradıcılıq strategiyası var. Hesab edirik ki, Ermənistan tərəfindən zəbt olunmuş Qarabağ torpaqları azad olunana, İrəvan Teatrı öz yurduna, İrəvan şəhərinə dönənədək teatrın repertuar siyasətini məhz bu məntiq üzərində qurmaq daha doğrudur. O ki qaldı görüləcək işlərə, niy­yətimizdə çoxlu layihələrin həyata keçməsi vardır. Binamızın əsaslı təmirindən sonra bu barədə geniş proqram təqdim edəcəyik.  Hazırda isə üç əsərin premyerasına hazırlaşırıq. Bu sırada tanınmış yapon dramaturqu Kobe Abenin “İsteh­kam”, böyük türk şairi Nazim Hikmətin “Qəribə adam” və yazıçı-publisist Sabir Şahtaxtinin Xocalı faciəsinə həsr etdiyi “Ölüm həsrəti” əsərləri hazırlanır. 2019-cu ilin repertuar planına isə görkəmli Azər­baycan dramaturqu, xalq yazıçısı Elçinin “Xüsusi sifariş”, ölməz M.F.Axund­zadənin “Molla İbrahimxəlil kimyagər”, yazıçı S.Elsevərin “Ürəyində arzu tut”, M.Meter­linqin “Korlar” tamaşalarını daxil etmişik.

- Bu il dövlət statusu almağınızın 90 illiyidir. Özünüzə nə arzulayardınız?

- Doğru buyurursunuz, bu il İrəvan Teatrının Dövlət statusu almasının 90 ili tamam olur. Dövlət statusu qazanmaq, bir də yad və düşmən mövqeli millət içində bu statusu almaq teatrın mükəmməl və yüksək peşəkar fəaliyyətinin nəticəsidir.

137 il əvvəl, 1882-ci ildən peşəkar fəaliyyətə başlamış, inkişafa doğru yüksələn dolğun və zəngin yaradıcılıq yolu 1928-ci ildə dövlət statusu alması ilə nəticələnən, dövlət statusu almasının 50 illiyi həm Ermənistan, həm də Azərbaycan sovet sosialist respublikalarında təntənəli şəkildə qeyd olunan, həmin vaxt kollektivinin üzvləri fəxri adlar alan, 1989-cu ildə erməni qəsbkarları tərəfindən dövlət statusu əlindən alınmaqla zor gücünə öz doğma yurdundan didərgin salınsa da, ümummilli liderimiz Heydər Əliyevin çox böyük diqqət və qayğısı ilə 1994-cü ildə yenidən dövlət statusu özünə qaytarılan, bu gün möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə himayə olunan, 2007-ci ildə imzaladığı ali sərəncamla peşəkar fəaliy­yətə başlamasının 125 illiyi həm respublikamızda, həm də Türkiyədə təntənəli şəkildə keçirilən teatrımız üçün ən ümdə arzum öz fəaliyyətinə İrəvanda davam etməsidir. Günbəgün çiçəklənən və qüdrətli bir ölkəyə çevrilən doğma Azərbaycanımızda bu arzumuza həqiqət kimi baxır və həyata keçəcəyinə şübhə etmirik. İrəvan Azərba­ycan Teatrı özünün böyük yubileylərini məhz doğma İrəvan şəhərində qeyd edəcəkdir!

 

ŞƏRİF

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993