«Azərbaycanın səbri tükənməz deyil»

Bunu Baş nazirin müavini Əli Həsənov Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşündə deyib

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dekabrın 15-də Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bord İvar Svendseni qəbul etmişdir.

Tanışlıq məqsədilə keçirilən görüşdə səfiri bu təyinatı münasibətilə təbrik edən Ə.Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla Norveç arasında, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə etmişdir.

Baş nazirin müavini Ə.Həsənov qarşılıqlı fikir mübadiləsi zamanı bir sıra sahələrlə yanaşı, səfirin ölkəmizə yeni təyin olunmasını nəzərə alaraq ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri, bu münaqişə nəticəsində 1 milyon 200 mindən çox vətəndaşımızın 22 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşaması, Azərbaycan dövlətinin istər münaqişənin, istərsə də ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat vermişdir.

Ermənistanın Azərbaycan qarşı zaman-zaman ərazi iddiasında olduğunu, indiki münaqişənin də bu iddiadan qaynaqlandığını diqqətə çatdıran Baş nazirin müavini Ə.Həsənov işğalçı ölkənin artıq neçə illərdir ki, münaqişənin həllində sərgilədiyi qeyri-konstruktiv mövqeyə beynəlxalq qurumların, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrlərinin laqeyd münasibətindən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalmasından təəssüfləndiyini bildirərək qeyd etmişdir ki, vəziyyətin bu cür davam etməsi uzun sürə bilməz və Azərbaycanın da səbri tükənməz deyil.

Norveçli diplomatın ölkəmizdəki qaçqın və məcburi köçkünlərin real vəziyyəti ilə yerində tanış olmaq istəyini nəzərə alan Baş nazirin müavini Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik qayğı və diqqətinin nəticəsidir ki, bu təbəqədən olan soydaşlarımız artıq dövlətin tam himayəsindədir və onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüş, Dövlət Neft  Fondunun vəsaiti hesabına indiyədək respublikamızın müxtəlif bölgələrində və Bakı şəhəri ətrafında bütün sosial-texniki infrastrukturu ilə birlikdə 89 müasir tipli qəsəbə və məhəllələr istifadəyə verilmiş, artıq 240 min qaçqın və məcburi köçkün bu qəsəbələrdəki mənzillərə köçürülmüşdür. Bununla yanaşı, hələ də 370 mindən çox soydaşımızın ağır şəraitdə yaşadığını, onların da doğma ocaqlarına qayıdanadək mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlərin mərhələli şəkildə davam etdirildiyini vurğulayan Ə.Həsənov bu istiqamətdə Norveçin ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlarının reallaşdırdıqları layihələri də müsbət dəyərləndirmişdir.

Fəaliyyətini ümumi maraqlar çərçivəsində davam etdirməsinə kömək məqsədilə verilən ətraflı məlumata görə minnətdarlığını bildirən norveçli diplomat ölkəmizdəki qaçqın və məcburi köçkünlərin real vəziyyəti ilə daha yaxından tanış olmaq üçün onların məskunlaşdıqları ərazilərə də baş çəkəcəyini bildirmiş, Azərbaycana hər gəlişində ölkəmizin hərtərəfli inkişafından məmnunluğunu dilə gətirmiş, fəaliyyəti dövründə ümumi mənafelər naminə əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyinə əminliyini ifadə etmişdir. 

Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışan səfir bu münasibətlərin gələcək illərdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

 

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993