Heç olmasa, unutqan olmayaq!

 

1988-ci ilin fevralında Yuxarı Qara­bağda ermənilərin əsassız iddialarla çıxış etməsi, hadisələrin qloballaşaraq beynəlxalq təşkilatların problemləri sırasına keçməsi dünənin və bu günün acı gerçəkliyi olmaqla, həm də Ermənistan adlanan əzəli türk torpaqlarından on minlərlə soydaşımızın cəmi bir neçə gündə ev-eşiyindən didərgin salınaraq təzadlı zamanın axarına atılması Yurd, Vətən itkisi və ağrısı ilə nəticələnmişdir.

Həmin ilin noyabrının 24-dən dekabrın 5-dək şər imperiyası əsgərlərinin və erməni şovinistlərinin əməl birliyi ilə Vətəndən qovulub Azərbaycana sığınan türklərin haqq, ədalət istəyi Moskvanın dövlət strukturlarında çoxdan eşidilməz olmuşdu. Ermənilərin yalanı, riyakar təbliğatları isə yenə də öz işini görürdü və ən acınacaqlısı odur ki, sapı özümüzdən olan baltalar daha iti, daha kəsici görünürdü. Xatırl­anması nə qədər ağır olsa da, 30 il öncə baş verənləri təkcə bu gün soydaşlarımızın Ermə­nistandan qovulduqları Tarixin növbəti ildönümündə deyil, hər vaxt yada  salmağa, unutmamağa borcluyuq. Ən azı ona görə ki, mutantlıq unutqanlıqdan başlayır.

Bu gün Azərbaycan siyasətində bir saylı problem və istiqamət olan Dağlıq Qarabağ kimi taleyüklü məsələylə bağlı fikir və mülahizələrdə ilk öncə "Ermə­nistan"da soydaşlarımızın üzləşdikləri faciələrin vurğulanması, bu günkü faciələrimizə aparan yolun məhz o günlərdən başlandığının qeyd edilməsi, əlbəttə, təqdirəlayiqdir və həm də gələcyimiz üçün önəmlidir.

El-oba həsrətiylə için-için göynəyən ağzıdualı ağbirçək də, ağsaqqal da, sağlam tərbiyə görmüş gənc də dərk edir ki, yağılar əlində bizdən imdad diləyən Vətən var. O, nə vaxtsa ayağa qalxıb qəti savaşa atılacağımızı gözləyir və hələ ki, bizə oğul deməyə dili gəlmir. Haqlıdır Göyçə də, Zəngəzur da, Ağbaba da, Pəmbək də, Qaraqoyunlu da, Vedi də. Axı, tariximizin ağlı-qaralı dərslərindən ibrət götürərək 88-ci ilin o müdhiş olaylarında qisas hissi ilə Yuxarı Qarabağa üz tutub erməniləri oradan çıxarmaq istəyən soydaşlarımızın önündə rus əsgərlərindən və yerli milislərdən canlı-qanlı divar çəkdirən Ə.Vəzi­rov, bu işi can-başla yerinə yetirən Telman Orucov kimiləri Millət, Vətən qarşısında hələ də cavab verməyiblər.

Ermənistandan qovulma barədə danışarkən bir məsələyə xüsusi diqqət yetirmək lazım gəlir. İstər 1988-ci ildə, istərsə də sonralar və elə indi də Millət, Vətən anlayışlarının mənasını özlərinin cılız hissləri, düşüncələri səviyyəsində başa düşənlər belə bir fikir söyləyirlər ki, guya soydaşlarımız "Ermənistan"da düş-mənlərə müqavimət göstərmədən, necə deyərlər, şəhərdə rahat həyat naminə gəliblər. Bu gülünc və ikrah doğuran fikrin sahibləri, görünür, hələ də el təbirincə desək, fil qulağında mürgüləyirlər. Ən azı həqiqət və ədalət naminə qeyd olunmağa dəyər ki, "Ermənistan"da yaşayan soydaşlarımız hələ Yuxarı Qarabağ separatizmi başlamazdan öncə Moskvaya, Bakıya məktublar göndərir, böyük təhlükə barədə həyəcan təbili çalırdılar. Amma hər bir müraciət cavabsız, demək həm də tədbirsiz qalırdı…

Tarixi danmaq özünü danmaq kimi şərəfsiz xüsusiyyətdir. Bu gün Tariximizin sinəsində nə qədər yaralar olsa da, bir danılmaz həqiqəti yenidən xatırlatmağa dəyər ki, Qərbi Azərbay­candan odan soydaşlarımız düş­mənə qarşı ciddi müqavimət göstərmişdilər. Onlar yaşadıqları rayonların, demək olar ki, hamısında mitinqlər, tətillər təşkil etmiş, "Qarabağ bizimdir!", "Tor­paqdan pay olmaz!" kimi şüarlarla düşməndə vahimə yaratmışdılar. Bu sətirlərin müəllifinin yaşadığı Qaraqoyunluda və qonşu Göyçə mahalında 1988-ci ilin iyun­unda keçən mitinqlər isə artıq özünü-müdafiə xarakterindən siyasi müstəviyə keçmişdi. "Göyçə və Qaraqoyunlu mahallarına muxtariyyət!" şüarları ilə keçən mitinqlər sözün həqiqi mənasında erməniləri vəlvələyə salmışdı və onların çoxu ailələrini Sevana, İrəvana qaçırmışdılar. Amma… bizə yenə Vəzirovun dayaz düşüncələrindən yaranan dərin yaralar vuruldu. Belə ki, bu gün Millət, Vətən barədə gen-bol danışan bəzi tanınmış ziyalılar bölgəyə gəlib erməni-Azər­baycan "dostluğun"dan, Moskva­nın, Vəzirovun "uzaqgörənliyindən", bizim isə haqsız olduğumuzdan, qarşıdurma yaratdığımızdan "leksiya" oxudular.

Bax, onda gördük ki, arxasız, yiyəsizik! Bax, onda bildik ki, arxalı köpək niyə Qurd basırmış!

Bəli, həqiqət tam aydınlığı ilə deyilsə, daha önəmlidir. Hələ­liksə, bir daha xatırlamağa dəyər ki, Vətən və Millət naminə görülən bütün işlər diqqət mərkəzində durmalıdır. Çox da uzaq olmayan keçmişimizdə əl-ələ, çiyin-çiyinə verib "Qarabağ bizimdir!" deyə istiqlal savaşlarına qalxıb tariximizə şərəfli səhifələr yazmağımızla sevinib Vətən, ana şərəfli oğluna baxıb sevinən kimi. Bəs, üzübəri köks ötürən yurdlardakı sönən ocaqlarımızı yandırıb onu yenidən sevindirə biləcəyikmi? Bu ağrılı sualın cavabını Tarixin hansısa döngəsində tapacağıq - özü də ağlımızın və qılıncımızın vəhdəti ilə! O yerlərə bir türk övladı kimi köhlənlərimizin nalları ilə əbədi möhür vuracağıq.

Nəhayət, nə qədər ağrılı olsa da, bir məqamı da qeyd etmək lazım gəlir: Bu günlərdə müxtəlif universitetlərdə oxuyan ermənistan kökənli10 tələbədən soruşduqda ki, soydaşlarımız Ermə­nistandan sonuncu dəfə nə vaxt qovulublar, heç biri düzgün cavab verə bilmədi. Bax, bu da bir faciədir. Ona görə də yenidən vurğulamalı olursan ki, mutantlıq unutqanlıqdan başlayır. Heç olmasa unutqan olmayaq!

 

Nəsib QARAMANLI

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993