“Qaldı sizdə gözüm, dağlar...”

Qubadlının şair oğlu Elbrus Qayalının söz dünyası

Həyat mübarizə meydanıdır – deyirlər. Lakin həyatda da sözün öz meydanı var.  Ağıllı insanlar bu meydanda öncə özlərini axtarır, təsdiq edir,  sonra  sözün zirvəsinə doğru addımlayırlar. Bir müdrik kəlamda deyildiyi kimi: “Ən böyük kəşf insanın özündə olanı tapmaqdır”. Özündə olanı isə o insanlar tapır ki, axtarışdan yorulmur, zəhmət çəkir, söz meydanında öz istedadını göstərə bilirlər. Bu böyük yolu seçib sözü cilalayaraq müxtəlif mövzularda oxucu şüuruna və qəlbinə ötürən insanlardan biri də Elbrus Qayalıdır.

Elbrus Qayalı (Dünyamalıyev) 1954-cü ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. Qubadlı rayonunda müəllim işləyib. Ermənistan silahlı qüvvələrinin Qubadlını işğal etməsindən sonra məcburi köçkün kimi Sumqayıta pənah gətirib. Yunan-Roma güləşi üzrə idman ustasıdır.

İlk şeirini orta məktəb illlərində yazıb. O vaxtdan da Söz dünyasından ayrıla bilməyib. Ədəbiyyata həyatın içindən gələn şairin könül rübabı Vətən, xalq, yurd-yuva həsrəti üstündə köklənib. Elbrus Qayalının yaradıcılığı çoxşaxəli olsa da yaradıcılığının ana xəttini Vətən mövzusu təşkil edir. Qələmə aldığı bütün şeirlərində həsrətində olduğu Vətəni vəsf edir. Dünyamızın dərdlərini, həyatımızın qayğı və problemlərini, acılı-şirinli xatirələrini sözə çevirən vətənpərvər, istedadlı şairin indiyədək 7 kitabı nəşr olunub: “Qubadlıdan nigaranam” (2001-ci il), “Dağlar  dağımdı mənim” (2002-ci il),  “Dağlar sizdə izim qaldı”(2005-ci il), “Könlüm ney səsi istəyir”(2012-ci il), “Ömür hara tələsir”?(2009-cu il), “Ziyarətə aparan yol”(2003-cü il), “Tanıya bilmədim səni” (2018-ci il).

2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “İlin nəğməkar şairi”, “Xalqın nüfuzlu ziyalısı”, “İlin vətənpərvər şairi”, “Qızıl qələm” , “Azərbaycan bayrağı” mükafatlarına layiq  görülüb.

Hazırda Qubadlı rayon N.Ərşadoğlu adına  Dondarlı kənd orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Ən böyük mükafatını oxucularının ona olan sevgisi bilir. Görünür, məhz ona görə də səmimi, səmimi olduğu qədər də təvazökar olan şair nəinki doğulub boya-başa çatdığı Qubadlıda, həmçinin onu tanıyan bütün insanlar tərəfindən sevilir.

Tahirə AĞAMİRZƏ

 

Elbrus Qayalının şeirləri

 

AZƏRBAYCANIM

 

Ləldi, cəvahirdi torpağı, daşı,

Qədrini biləmməz onun hər naşı.

Diz çök, səcdə elə, hər addımbaşı!

Sənin hər zərrənə qurbandı canım,

Gözəldən gözəlsən, Azərbaycanım!

 

Bir yan məğrur dağlar,

bir tərəf dəniz,

Bu tayda Bakımdı, o tayda Təbriz,

Millətim zəhmətkeş, qəlbləri təmiz.

Sevgim, məhəbbətim,

qaynayan qanım,

Qibləm, səcdəgahım,

                   Azərbaycanım!

 

Əzəldən haqq yolu olubdu yolun,

Qanmaza ağasan, qananın qulu.

Şairlər yurdusan, sinəsi dolu.

Anamla düz tənsən, Azərbaycanım,

Nə gözəl Vətənsən,

Azərbaycanım!

 

Gəzib dolansam da bütün cahanı,

Belə gözəl Vətən hardadı, hanı?

Səninlə xoş keçir ömrün hər anı.

Ümidim, pənahım, şöhrətim-şanım,

Sənə qurban olum,

Azərbaycanım!

 

BAYRAĞIM

 

Ucadan dalğalan, baxıb sevinək,

Kükrəyən sel kimi axıb sevinək,

Düşməni yandırıb, yaxıb sevinək.

Layiqsən ən gözəl taca, Bayrağım,

Ay mənim üçrəngli uca Bayrağım!

 

Şərəfli yolların olsa da çətin,

Yayılıb hər yana şanın-şöhrətin,

Sən güvənc yerisən bizim millətin.

Köksündə Ay -Ulduz qoşa

Bayrağım,

Dünya yaşadıqca yaşa,

Bayrağım!

Göy də ürəyimcə, yaşıl da, al da,

Səndən gözəl bayraq varmı

dünyada?

Uğurlar diləyək sənə bu yolda.

Qürur mənbəyisən bizə, Bayrağım,

Səni gəlməyəsən gözə, Bayrağım!

 

Sevincə, kədərə,aha əyilmə,

Heç bir hökmdara, şaha əyilmə,

Səni çox sevirəm, daha əyilmə.

Bir bax gözündəki yaşa ,Bayrağım ,

Axı yol gözləyir Şuşa , Bayrağım !

 

 

QADAN MƏNƏ

GƏLSİN, VƏTƏN

 

Bu nə tale, bu nə qismət,

Qadan mənə gəlsin, Vətən

Tapdalanır abır, ismət,

Qadan mənə gəlsin, Vətən.

 

Şum öküzün xışa gəlmir,

Bircə arzun başa gəlmir.

Düz sözün də xoşa gəlmir,

Qadan mənə gəlsin, Vətən.

 

Parça-parça paralandın,

Yurd-yuvandan aralandın.

Ürəyindən yaralandın,

Qadan mənə gəlsin, Vətən.

 

Çox şirinsən, acın yoxdu,

Göyçə təki tacın yoxdu.

Ağı deyən bacın yoxdu,

Qadan mənə gəlsin, Vətən.

 

Dərələyəz qan ağlayır,

Qarabağ qara bağlayır.

Ahın sinəmi dağlayır,

Qadan mənə gəlsin, Vətən.

 

Haray çəkdin, haxlamadıq,

Dost deyəni yoxlamadıq.

Sirr sözünü saxlamadıq,

Qadan mənə gəlsin,Vətən.

Qadan mənə gəlsin, Vətən.

 

DAĞLAR SİZDƏ

İZİM QALDI

 

Fürsət tapıb gələmmədim,

Qaldı sizdə gözüm, dağlar.

Sinən üstə bir nisgilli,

Xatirədir izim, dağlar.

 

Fikrim qalıb İstisuda,

Yaman pərişandı o da.

Atmısınız məni oda,

Qalmayıbdı dözüm, dağlar.

 

Yağılara düşdün əsir,

Bu ayrılıq söylə, nə sirr?

Qocalmışam, əlim əsir,

Yaxşı görmür gözüm dağlar.

 

Yaman düşdün duman-çənə,

Qadan-bəlan gəlsin mənə.

Yüz demişəm, deyim yenə,

Sizə qurban özüm, dağlar.

 

Macal tapıb görünəcəm,

Yenə sizlə öyünəcəm.

Qədəmində sürünəcəm,

Qanasa da dizim, dağlar.

 

Elbrusam, sönməz közəm,

Gah sıldırım, gah da düzəm.

Səmalardan axan sözəm,

Alovlanıb közüm, dağlar

 

AĞLAMA

ŞƏHİD ANASI

 

Şəhidlər Xiyabanında oğlunun məzarını qucaqlayıb fəryad edən bir ana gördüm…

 

Şəhid verib ucalmısan,

Şöhrətlənib tac almısan.

Yaman vaxtsız qocalmısan,

Ağlama, şəhid anası!

 

Xatırlayıb qoç Nəbini,

Qəbul edib hər təbini.

Keçib Əlyar məktəbini,

Ağlama, şəhid anası!

 

Ər igiddi, yalan deyil,

Tər çiçəkdi, solan deyil.

Təkcə sənin balan deyil,

Ağlama, şəhid anası!

 

Yatan qeyrət oyanacaq,

Ərlər öndə dayanacaq.

Düşmən qana boyanacaq,

Ağlama, şəhid anası!

 

Elin sözü yalan deyil,

Tökülən su dolan deyil.

Qisas yerdə qalan deyil,

Ağlama, şəhid anası!

 

VAR MƏNİM

 

Dostlar, fəxr edirəm Qubadlıdanam,

Əlyarım, Bəylərim,

Nəbim var mənim.

General Valehim, igid Aslanım,

Aqildən yazmağa təbim var mənim.

Dillərdə əzbərdi Dədə Süleyman,

Elin sevənlərə vəfam var mənim.

Dar gündə elimə, obama həyan,

Vasilim, Kərəmim,

Səfam var mənim.

Kamran Hüseynovum,

Eldar Baxışım,

Onların şəninə yazım var mənim,

Qəhrəman Şükürüm,

Həsən Qorxmazım,

Dəf düzüm, Gəyənim,

Yazım var mənim.

Qoçaq Kazımağa, cəsur Ələkbər,

İgidlər məskəni elim var mənim.

General Maisim qanında təpər,

Dağlar zirvəsində zilim var mənim.

 

Orda şıx Mirsədi, orda şux Mirim,

Neçə gözəl ayım, ilim var mənim.

Hər daşı səcdəgah, hər kolu pirim,

Orda gövhərim var,

           ləlim var mənim.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993