“Laçın camaatında yurda bağlılıq güclüdür”

Müsahibimiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Laçın rayonu üzrə nümayəndəsi Tural Mirzəyevdir

Tural Mirzəyev Laçın rayonunun Ərdəşəvi kəndində ziyalı ailəsində anadan olub. Tanınmış müəllim olan atası İsaq Mirzəyev uzun müddət məktəb direktoru işləyib. Laçının işğalından sonra həmin məktəb Ərdəşəvinin Ağcabədi rayonu ərazisində yerləşən obasında fəaliyyətini davam etdirib. Daha sonra İsaq müəllimi Taxtakörpüdə yerləşən qəsəbə orta məktəbinə rəhbər təyin ediblər. Çoxsaylı çətinliklərə baxmayaraq qəsəbə məktəbi az vaxt ərzində rayonun ən seçilən məktəblərindən birinə çevrilib.

Tural özü yarımçıq qalan təhsilini bu məktəbdə tamamlayıb və hərbi xidmətə yollanıb. Tovuz rayonunda hərbi borcunu verəndən sonra yüksək balla Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə qəbul olub. Bir müddət rayon polis şöbəsində mülki işçi kimi çalışıb. Sonra mədəniyyət şöbəsində və Laçın rayon İH-nin Taxtakörpü qəsəbəsi nümayəndəliyində fəaliyyətini davam etdirib. Bu ilin yayından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Laçın rayon üzrə nümayəndəsi təyin edilib. Tural Mirzəyevlə görüşüb qəzetimizin suallarına cavab aldıq.

- Tural müəllim, işləriniz necə gedir? Çətinliklər çoxdur? 

- Çətinlik həmişə var. Buna baxmayaraq çalışırıq ki, üzərimizə düşən vəzifələri, səlahiyyətlərimizə aid işləri yüksək səviyyədə yerinə yetirək,  göstərilən  etimadı doğrulda bilək. Dövlətimizin başçısının diqqət və qayğısını daim hiss edirik. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev 50 yaşı tamam olanda öz ad gününü Taxtakörpüdə laçınlılarla qeyd etdi. Bu, bizim üçün qürurverici hadisə idi.   

- Nümayəndəlikdə yeganə işçisiniz...

- Bəli, təkəm. Çətinliklər də buna görə ortaya çıxır. Müraciət edənlər çox olur. Ancaq çalışıram ki, heç bir müraciət cavabsız qalmasın. Məsələlər yubanmadan həllini tapsın. Burdakı insanların prob­­lemləri təkcə maddi deyil. Mənəvi sıxıntıları da olur. Bəzən adam gəlir, oturub səbrlə qulaq asıram, görürəm, bu, elə dərdləşməyə adam axtarır. O günü biri gəlib, mənə şeirlərini oxuyurdu. Yaxşı da şeirlər idi. Bizim işimiz həm də narahatlıq yaşayan insana səbrlə qulaq asmaq, onun dərdinə şərik olmaqdır. Problemini həll eləmək mümkün olmasa belə, vətəndaşa diqqətlə yanaşanda o, real vəziyyəti başa düşür, səndən də narazı qalmır. Mən özüm yerli insanlarla eyni mühitdə yaşadığım üçün onların dərdlərini-qayğılarını yaxşı anlayıram. Ona görə, söhbətimiz tutur. Bir-birimizi başa düşürük. Əlimdən gələni edirəm ki, yanımdan heç kəs narazı getməsin. Vəzifə borcu kimi yerinə yetirdiyim işləri də vicdanla görməyə çalışıram. Adamlar bunu görəndə sevinirlər.    

- Əsas problem nədir?

- Ev problemi. Obalarda yaşayış yerləri rahat deyil. Qış vaxtı da lap çətin olur. İşıq mütəmadi verilsə də, qaz yoxdur. Yayda çox isti olur. Bu il yayda BMT-dən nümayəndə gəlmişdi, apardıq obalara. Dedi, eşitdiyimə görə, burda isti çox olur, amma indi sərindir, elə isti deyil. Dedik, tələsməyin, bir az gözləyin, gün çıxsın, görəcəksiniz. Gün çıxanda etiraf etdi ki, dözülməz istidir.

Təbii ki, dövlətimizin dəstəyi həmişə var. Vəziyyət on-on beş il əvvəllə müqayisədə çox yaxşıdır. Əvvəllər obalarda işıq da olmurdu.

- Taxtakörpü qəsəbəsində mənzil problemi demək olar ki, həll olunub. Çoxlu mənzillər tikilib və insanlara paylanıb. Obalar üçün belə bir layihə varmı?

- Obalarda da evlərin tikilməsi, yolun çəkilməsi nəzərdə tutulur. Ən çox da ağır vəziyyətdə yaşayanlara diqqət yetirilir. Zamanla hər şey yoluna düşəcək.        

- Siz həm də köçkünlərlə yerli məmurlar arasında bir əlaqələndirici funksiyası yerinə yetirirsiniz. Problemləri əsasən öz hesabınıza həll edirsiniz, yoxsa sizə kömək edən yerli orqanlar da olur?

- Hər üçüncü gün rayon icra hakimiyyətində qəbul günüdür. Bizim səlahiyyətimizə aid məsələlərlə bağlı o iclasa gedən, demək olar ki, yoxdur. Tək-tük hallarda olur, onda da bilməyən adamlar gedir. Mən çalışıram ki, özümüzə aid işdən ötrü başqa heç kimə müraciət etməsinlər. Mənə aid olmayan məsələlərdə isə vətəndaşlara düzgün istiqamət verməyə çalışıram. Bəzən vəzifə sahibləri nəyisə izah etməyə, başa salmağa ərinir, yaxud vaxt tapa bilmir, müraciət olunan məsələnin onun səlahiyyətində olmadığını deməklə kifayətlənirlər. Mən heç vaxt belə etmirəm. Kimə və necə müraciət etmək lazım olduğunu vətəndaşa başa salıram. Ona görə, yanımdan heç kim narazı getmir. İstəsəniz, özünüz soruşa bilərsiniz. Hər cür adam gəlir bura. Biri səbirsiz olur, biri problemdən sıxılıb danışıq tonunu bir az yuxarı qaldırır. Mən hamını başa düşürəm və mümkün qədər ədalətlə yanaşıram. Yenə deyirəm, insanların çoxu ilə oxşar həyat yaşadığım üçün onları asanlıqla başa düşürəm.

- Ən çox nə ilə bağlı müraciət olunur?

- Sənəd işləri çox olur. Bildiyiniz kimi, qaçqın və məcburi köçkünlərə ali məktəblərin ödənişli fakültələrində güzəşt tətbiq edilir. Bunun üçün ən etibarlı sənədi biz veririk. Müraciətlər çoxu bununla bağlı olur. Bəzən görürsən sənədləri uyğun gəlmir, bəzən görürsən uyğun gəlir, lakin tam deyil. Bəzənsə müxtəlif rayonlarda qeydiyyatda olanlar səhvən bura gəlir. İzah edirəm ki, hara müraciət eməlisiniz. Elə olur ki, yaşadığı ərazinin nümayəndəsi ilə danışıb vəziyyəti aydınlaşdırıram.

- Laçını xatırlayırsınız?   

- Hə. Laçından çıxanda yaşım az olsa da, orda gördüklərimi heç vaxt unutmuram.    

- Camaatda bu əhval necədir?

- Laçın camaatında yurda bağlılıq çox güclüdür. Aradan uzun zaman keçsə də, heç kim doğma torpaqları unutmur. Aprel hadisələrində bunu bir daha gördüm. Bizim rayondan Ülvin Məmmədov şəhid olmuşdu. Onun dəfnində böyük bir coşqu vardı.

- Söhbətimizin sonunda arzu-istəklərinizi eşitmək istərdik.

- Torpaqlarımız azad olunsun. Bu, hamının ən böyük arzusudur, eləcə də mənim. Bir də işlədiyim müddətdə insanlara vicdanla xidmət etməkdir arzum. Passiv işi xoşlamıram. Mənə doğma olan Laçın camaatına, az da olsa, xidmət göstərmək, əlimdən gələn köməyi etmək mənə mənəvi zövq verir. Arzu edirəm, insanlarımız yaxşı yaşasın. Problemləri olmasın. Bu məni rahatladır. İnşallah, torpaqlarımıza qayıdarıq, adamların yer-yurdla, ev-eşiklə bağlı heç bir dərdi olmaz.       

 

ŞƏRİF

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993