Gözəllik, ismət, ləyaqət rəmzi

Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində Azərbaycan kələğayı sənəti  UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib

26 NOYABR AZƏRBAYCAN KƏLƏĞAYISI GÜNÜDÜR

2015-ci il. UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini təsdiqləyən sənədi Mehriban Əliyevaya təqdim edir.

Müstəqillik dövründə nail olduğumuz ən böyük uğurlardan biri də milli-mənəvi dəyərlərimizə, sözün əsl mənasında, sahib çıxmağımız, mədəniyyətimizi və incəsənətimizi, qədim xalq sənətkarlığını dünya miqyasında tanıtmaq, onların Azərbaycan xalqının milli mədəni irsi kimi dünyada təsdiqinə nail olmağımızdır.

Azərbaycanın ənənəvi xalq sənətinin ən mühüm sahələrindən biri də qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyü olan kələğayı sənətidir. Bu dördlük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla, yanaşı, Özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.

Bu barədə söhbət açarkən ilk yada düşən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva olur. Çünki məhz Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində ölkəmizdə aşıq sənəti, muğam, xalça, kəlağayı v s. UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilərək dünya mədəniyyəti inciləri sırasında layiqli yer tutub.

Azərbaycanın istər maddi-mədəni, istərsə də qeyri-maddi mədəni irs nümunələrinin layiqli yer tutması Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində nail olunub. 2014-cü il noyabrın 26-da Azər­baycan kələğayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumət­lərarası Komitəsində keçirilən iclasında “Kələğayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib. Kələğayı xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir.

Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kələğayı paytaxt Bakıdan 165 km. Şimal qərbdə yerləşən İsmayıllı rayonunun Basqal qəsəbəsində və elə həmin səmtdə, lakin 320 km. məsafədə olan Şəki şəhərində daha geniş yayılmışdır.

Qeyd edək ki, hələ sovet hakimiyyəti illərində elə bölgələrimiz vardı ki, orada qadınların baş örtüyü kimi istifadə etdikləri kələğayı həm də böyük rəmzi məna daşıyırdı. Kələğayının daha çox məhz bu bölgədə istehsal olunmasının və yüksək keyfiy­yətinin səbəbi, heç şübhəsiz Şəki ipəyidir. Kələğayının hazırlandığı bu unikal parçanın yaranması özü böyük prosesdir, tarixi isə çox qədimdir.

Bildiyimiz kimi, bölgələrimizin hər birinin özünəməxsus adət-ənənələri var.Tarixən qadınların baş örtüyü kimi istifadə etdiyi kələğayı Ağdamda bir neçə dəyəri özündə əks etdirirdi. Elə bu səbəblə də Ağdam rayonundan məcburi köçkün Bakının Zabrat qəsəbəsində müvəqqəti məskunlaşan 75 yaşlı Araz Bayramovun bu barədə fikirləri də maraqlıdır. O bildirdi ki, Şəkidə istehsal olunan kələğayıya bizim rayon camaatı çox həssas yanaşırdı. Hələ uşaq ikən evimizdə nənəmin, anamın, bacılarımın kələğayıdan baş örtüyü kimi istifadə etdiklərinin şahidi olmuşam.Yəni, bu 1959-60-cı illərə təsadüf edir. Yadımdadır ki, yaşlı və qoca qadınlar kələğayıdan çalma bağlayır, gənc qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimlərində qara, toy və şənliklərdə isə əlvan rəngli kələğayı örtərdilər.Gəlinin mindirildiyi atın boynuna narıncı, zoğalı kələğayılar bağlamaq Azərbaycanın milli adətlərindən sayılırdı. Toylarda bəylə gəlin mağarda bir yerdə oturardılar, gəlinin başına qırmızı kələğayı örtərdilər. Toya qonaq gələn qadınların da xonçasında ən dəyərli hədiyyə məhz kələğayı hesab olunardı. Onu da qeyd edim ki, rayonda yaşadığımız vaxtlarda Azərbaycan kino-film və teatr tamaşalarında rol alan qadın sənətkarlarımızın kələğayıdan baş örtüyü kimi istifadə etməsi qürur simvolu kimi yaddaşımıza həkk olunurdu...

Ümumiyyətlə, kələğayı qadının mənlik simvoluydu. Onu da qeyd edim ki, kələğayının rəngləri soğan qabığından alınırdı.

Yadımdadır ki, o vaxtlar iki nəsil arasında qan davası düşəndə qadınlardan biri kələğayısını ortaya atardı, hər iki tərəf geri çəkilərdi, bununla da qan davasına son qoyulardı. O zaman kələğayı Azərbaycan bayrağından sonra ən müqəddəs rəmz idi.

Elə söz düşmüşkən onu da qeyd etmək istəyirəm ki, 1988-89-cu illərdə ermənilər Qərbi azərbaycanlıları öz tor­paq­larından qovub çıxaranda bunu qəbul edə bilməyən Ağdam camaatı etiraz olaraq Xankəndiyə hücum eləmək istəyirdi. Am­ma əhalinin heç bir silahı yox idi. O vaxt kolxoz sədri işləyən Xuraman Abbasova bu axının qarşısını almaq üçün kələğayısını başından açaraq camaatın qarşısına atıb dedi ki, rus və erməni əsgərləri əli silahlı Əsgəran qalasında dayanıb. Əliyalın onların qarşısına çıxsanız, hamınızı güllələyəcəklər. Bundan sonra camaat kor-peşman geri qayıtdı. Yəni, bütün bunları xatırlamaqda məqsədim odur ki, o vaxtlar qadınların baş örtüyü olan kələğayı rayon yerlərində belə müqəddəs sayılırdı, yəni qadınların qeyrət simvoluydu. Kələğayı atılan yerə ayaq basılmırdı. Sonralar ölkəmizin şəhər və bölgələrində tədricən kələğayı yığışdırılır, şal örtükləri istehsal olunurdu. Şaldan da sonra “kasinka” deyilən balaça baş örtüyündən istifadə olundu ki, ağdamlılar kələğayının kəsinka ilə əvəz edilməsini heç cür qəbul eləyə bilmirdi. Çünki kələğayı bizim zonada müqəddəs sayılırdı. Müstə­qillik əldə etdikdən sonra yenidən milli adət-ənənələrə dönüş yarandı. Bir çox qə­dim sənətlərlə yanaşı, kələğayının yenidən istehsal olunmağa başlandı və vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə dünyada tanındı. Onu da xüsusi qeyd etmək istəyirəm ki, bu günlərdə Azər­bay­can Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva “Azərxalça” ASC-nin Ağdam filialının açılış mərasimində iştirak etmişlər. Görüş zamanı “Azərxalça” ASC-nin Ağdam filialının direktoru, Əmək­dar mədəniyyət işçisi Ceyran Əliyeva  Ağdamdan çıxarkən yadigar gətirdiyi qürur mənbəyi saydığı kələğayını Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təqdim etməsi bizi çox sevindirdi. Başda Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan xalqını 26 noyabr Azərbaycan Kələğayısı Günü münasibətilə təbrik edir, Ona bu müqəddəs vəzifəsində uğurlar diləyirik.

Tahirə AĞAMİRZƏ

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993