“Aprel döyüşləri inamımı artırdı”

80 yaşlı şair Əşrəf Veysəllinin vətən həsrəti...

Ömrünün ahıl çağlarını doğulduğun torpaqlardan uzaqlarda yaşamaq da bir taledir. Lakin həyat eşqi, nə zamansa doğma yerlərə qayıtmaq arzusu, qohumlar, dostlar ən çətin anlarda insanın yaşamaq səbəbinə çevrilir. Üstəlik, yaradıcılıq, şeiriy­yət, kədərli anların özünü belə gözəlliyə çevirmək istedadı...

Bu il 80 yaşını qeyd edən şair Əşrəf Veysəlli Füzuli rayonunun Yuxarı Veysəlli kəndindəndir. Hazırda Sumqayıt şəhərində yaşayır və ordakı ədəbi mühitinin ağsaqqal simalarından biridir. Onunla görüşüb ömrünün payız xatirələrini dinlədik, gün-güzəranı ilə maraqlandıq. Əşrəf müəllim hamı kimi bizə də ümid və yaşamaq eşqi bəxş etdi.        

- Gəlin əvvəlcə doğma Füzulini yada salaq...

- Bildiyiniz kimi, mən Yuxarı Veysəlli kəndində, daha doğrusu kənddən 5 km yuxarıda yerləşən Ağbaşlıda anadan olmuşam. Ağbaşlı veysəllilərin yaylağı-istirahət yerləri idi. Üç tərəfdən dağlarla əhatə olunan, yaz gələnə qızılgül ətri ilə dərələri məst edən, ürəklərə bir gümrahlıq, sevinc bəxş edən gözəl bir məkan idi. Deyilənə görə, vaxtilə buradakı qızılgülləri araba ilə daşıyırmışlar. "Qaya bulağ"ın sorağı ətraf rayonları, kəndləri dolaşırdı, bulağın altındakı Xan çinar isə pir, ocaq idi. Gözlərim dünyaya oradan baxıb, təfəkkürüm, hisslərim, mənəviyyatım, dünyagörüşüm ilk olaraq Ağbaşlıda formalaşıb. Uşaqlığım və gəncliyimin böyük bir hissəsi o yerlərə bağlıdır. İlk şeirlərim də o cənnət guşədə yaranıb. İlk sevdalı günlərim, sevincli-kədərli, bəzən həyacanlı, qayğılı, bəzən də fikirli-xəyallı anlarımın şahidi o yerlər olub. İstəklərimi gözlərimdən oxuyan insanlar, büdrəyəndə əlimdən tutan, mənə çətin, mürəkkəb və kəşməkeşli həyat yollarında addımlamağı, yeriməyi öyrədən insanlar ilk dəfə o yerlədə qarşıma çıxıb. Həmişə əllərini kürəyimdə hiss etmişəm. Bir çox yaxınlarımın, doğmalarımın - babamın, nənəmin, atamın, bacımın, əmimin, iki dayımın və başqa qohum-əqrəbalarımın məzarı orada qalıb. 26 ildir onları ziyarət edə bilmirəm.

- Bildiyim qədər orta məktəbi Yuxarı Veysəllidə oxumusunuz?

- Bəli. Uşaqlıq dostlarımın əksəriyyəti Veysəlli kəndində yaşayırdı. Məktəb illərində bəzən qaranlıq düşəndə Veysəllidəki qohumlarımın evində gecələməli olurdum. Ağbaşlıdan, Qaya bulaqdan söhbət düşəndə, nədənsə, həmişə rəhmətlik Süleyman babamın danışdığı bir sözü xatırlayıram: “Hər Novruz bayramında “Ocaq çinar"ı, "Qaya bulağ"ı ilanların padşahı ziyarət edir”.

Yayın qızmar günlərinin birində sərinləmək və "Qaya bulaq"dan su içmək üçün həmişə ocaq kimi ziyarət edilən, budaqları, şaxları insanların arzuları düyünlənmiş əski parçaları ilə bəzənən "Xan çinar"a doğru yön aldım. Çatanda nə görsəm yaxşıdır?! Nəhəng bir ilan - bəlkə də əcdaha "Qaya bulağ"ın novunda uzanıb. Ha baxdım, quyruğunu axıra kimi görə bilmədim. Diqqətlə baxanda nəhəngin tükdən buynuzlarını, bığlarını gördüm və rəhmətlik babamın dediklərini xatırladım. “Yəqin elə ilanların padşahı budur” - dedim. Dizlərim titrəməyə başladı, yavaş-yavaş geri çəkildim. Bir də ayıldım ki, nəhəng bir sıldırımın üstündəyəm. Əgər yarımca addım da atsaydım, müdhiş qurd ağızlı dərələrə yem olardım.

Mənə elə gəlir ki, həmin o buynuzlu əcdaha bu gün də Qarabağa gedən yolumuzun üstündədir. Bir zamanlar şeirimizin Araz dövrü indi də yerini Qarabağ mövzusuna verib.

- Təxəllüsünüzün tarixçəsini bilmək istərdik...

- İlk dəfə 1963-cü ildə Veysəlli imzasıyla çap olunmaq istədim. O vaxt Nəriman Həsənzadə ilə "Azərbaycan gəncləri" qəzetində gedən şəklimin altında imzamı öz xahişimlə Əşrəf Veysəlli kimi yazmışdılar. Arada bu qərardan vaz keçdim. Daha doğrusu, bu təxəllüsün zəhmindən çəkindim, ağırlığından ehtiyat etdim. Ancaq sonralar bibim oğlu Nemətin, uşaqlıq dostum Kamranın bu təxəllüsü götürmələri məni də ürəkləndirdi və 1986-cı ildən bu təxəllüslə çıxış etməyə başladım.

- Yer adlarından təxəllüs götürmək bir az məsuliyyətli işdir.

- Doğrudur. Gərək adın məsuliyyətini dərk edəsən, ona layiq olasan. Adamı bir az narahat edən və məsuliyyətini artıran da bu məsələdir. Hətta bu suala cavab olan bir şeirim də var:

Ay Əşrəf,  ömrü verdin bada sən,

Doğma yurdu necə qıydın yada sən?

O Nemətdir, o Kamrandır, bu da sən

Üç veysəlli bir Veysəlli deyilmiş,

- Deyirlər, yaş ötdükcə vətənsiz qalmaq daha da çətin olur.

- Bəli. İnsan yaşlaşdıqca daha çətin olur. Bunu yaşlanmaqda olan bütün məcburi köçkünlər yaxşı bilir.

Gözəl Qarabağın acı həsrəti

Ömrümü talayır, könlümü didir.

Orda uşaqlığım əsirlikdədir,

Burda qocalığım xəcalət çəkir.

- Füzulinin bizdə olan ərazilərində olursunuzmu?

- Əlbəttə, ən çox da xeyirdə-şərdə gedirəm. İşğaldan sonra soydaşlarımız ulduz kimi dünyanın hər yerinə səpələnib. Hamıyla əlaqə saxlamaq müşkül məsələyə çevrilib. Bəzən rast gəldiyimiz yaxın qohumlarımızı tanımırıq, elə bil, get-gedə cırlaşır, yadlaşırıq. Füzulinin Araz boyu aran kəndlərində çoxsaylı qohumlarım məskunlaşıb. Hərdən ziyarət edirəm.

- Sizin bölgədə çoxlu şairlər var. Dostlarınız kimlərdir?

- Adlarını saysam uzun siyahı alınar. Çoxları dünyasını dəyişib. Allah hamısına qəni-qəni rəhmət eləsin. Dostlarımdan məmnuniyyətlə Seyran Səxavətin, Ramiz Rövşənin, Vaqif Bəhmənlinin, Çingiz Əlioğlunun, Əbülfət Mədətoğlunun, İlham Qəhrəmanın, Nazim Əhmədlinin, Nadir Azayoğlunun, Lətif Vəlizadənin, Ənvər Məsudun və başqalarının adını çəkə bilərəm. Adlarını çəkmədiklərim inciməsinlər. İlk yadıma düşənlər bunlar oldu.

- Qaçqınlıq və şeir. Sizcə bunlar bir-birini necə tamamlayır.

- Zənnimcə, adi halda şeir yazılmaz, onun yaranmasında ətraf mühitin, cəmiy­yətdə baş verən hadisələrin təsiri böyükdür. İnsan duyğularını dilləndirən heyrət, dərd , iztirab və bəzən də sevinc hissləri insanı bədii yaradıcılığa sövq edir. Bütün zamanlarda müharibənin törəmələri olan qaçqınlıq, köçkünlük, didərginlik haqqında çoxsaylı əsərlər yaradılıb, bundan sonra da yaradılacaq. Bunlar ədəbiyyatın əzəli və əbədi mövzularıdır. Əsas məsələ isə həmin mövzuların sənətkarlıqla işlənməsində və öz bədii həllini tapmasındadır.

- Sumqayıtda qəriblik çəkmirsiniz ki?

- Sumqayıt mənim ikinci ana yurdumdur. 5 övladımın, 6 nəvəmin və 1 nəticəmin dünyaya gəldiyi şəhər və qaçqınlıq-köçkünlük zamanı ana-bacılarımın, bir çox başqa qohumlarımın sığınacaq tapdığı məkandır. Ömrümün düz 55 ili bu şəhərdə keçib. Əldə etdiyim hər şeyə və dar məqamda dadıma yetişən, əlimdən tutan, köçkün qohum-əqrəbalarıma qucaq açan bu doğma ocağa - Sumqayıta borcluyam. Amma nədənsə Qarabağ məşəqqətləri yadımdan çıxmır. Tez-tez başımda buludlar oynaşır.

- Burda güzəranınız necədir? Necə yaşayırsınız? Təzə nə yazırsınız?

- Hamı necə, mən də elə. Az tapanda az, çox tapanda çox... Daha yaşlaşmışam. Düşəndə şeirlər yazıram, sağ olsunlar, hərdən məni də yada salıb çap edirlər. Facebook səhifəmdə də şeirlərimi paylaşıram.

- Yeri gəlmişkən, siz yaşda Facebook istifadəçiləri nadir hallarda olur. Özünüz girirsiniz, yoxsa səhifənizi oğul-uşaq idarə edir?

- Əsrimiz internet əsridir. Kompyuterimi özüm açıb, özüm bağlaya bilirəm (gülür). Həqiqətən də yazmağı, oxumağı, saytlara daxil olub məlumatlar əldə etməyi bacarıram. Ancaq sürətim zəifdir. Çox vaxt oğlum Şahini, nəvəm Emili köməyə çağırıram. Təəssüf ki, kompyuterin çox az funksiyalarından istifadə etməyi bacarıram.

- O doğma yerlərə qayıtmaq ümidiniz varmı?

- Qisas qiyamətə qalmaz deyirlər. İnanıram ki, dünyanın ən çətin ağrılarını yaşayan Qaradağlının, Xocalının və ümumən, Qarabağda şəhid olan kəndlərimizin, şəhərlərimizin qisası yerdə qalmayacaq. Azərbaycanımızın sürətli inkişafı, qüdrətli ordumuzda formalaşan vətənpərvərlik duyğuları, ölkəmizdə həyata keçirilən bir çox dünya əhəmiyyətli layihələr, doğma Bakımızın möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, beynəlxalq təşkilatların Azərbaycanımızın ərazi bütövlüyünü tanıması, balanslaşdırılmış xarici siyasət və ən başlıcası isə Aprel döyüşlərinin ürəkaçan nəticələri vətənə qayıtmaq ümidlərimi artırır.

ŞƏRİF

 

Əşrəf Veysəlli

 

ÜZÜ QARABAĞA TƏRƏF

 

Həsrət dəniz, xəyal yelkən,

Üzür Qarabağa tərəf.

Yurd-yuvasız tərlan könlüm

Süzür Qarabağa tərəf.

 

Dözdükcə səbrim daralır,

Üstümü boran-qar alır,

Gözümün kökü saralır

Gözü Qarabağa tərəf.

 

Qara yellər qalxan kimi,

Qara günlər sıxan kimi

Əydi günəbaxan kimi

Bizi Qarabağa tərəf.

 

Ah, gözlədim, sən gəlmədin,

Çox gözlədim, sən gəlmədin.

Pıçıldadım son kəlməni,

Sözü Qarabağa tərəf.

 

Yuva qurduq ahın altda,

Bir "Yetim Segah"ın altda.

Ölürük Allahın altda

Üzü Qarabağa tərəf.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993