Fransalı qonaqlar Cocuq Mərcanlıya səfər ediblər

Qaçqınların və Məcburi Köç­­künlərin İşləri üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə qonaq gəlmiş Fransa­da Azərbaycanın Dost­ları Asso­­­­­­siasi­yasının nümayəndə he­yəti noyabrın 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub.

Uzun müddət Ermənistanın işğalçı qüvvələrinin nəzarəti altında qalan,  2016-ci ilin aprel ayında Azərbaycan ordusunun uğurlu əks-həmlə əməliyyatı nəticəsində azad edilən kənddə Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilmiş bərpa-quruculuq işləri barədə qonaqlara ətraflı məlumat verən Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib ki, respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış sakinlər artıq öz ata-baba yurdlarına qayıdaraq burada təhlükəsiz şəraitdə yaşayırlar. Cocuq Mərcan­­lıya qayıdış işğal altındakı digər ərazilərin də tezliklə işğaldan azad edilcəyinə və “Böyük Qayıdış”ın başlancağına ümid və inam yaradıb.

Cəbrayıl rayonunun icra haki­miy­yətinin başçısı Kamal Həsənov qonaqlarla görüşdə kəndə qayıtmış əhalinin sosial-iqtisadi vəziyyəti, məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən tədbirlər  barədə söz açıb. Qeyd edilib ki, burada iş yerlərinin yaradıl­­ması məqsədilə yerli və xarici təşkilatlar tərəfindən layihələr həyata keçirilir.

Daha sonra qonaqlar Cocuq Mərcanlı sakini Oqtay Həziyevin evində olublar. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hələ 1994-cü ildə aparılan uğurlu Horadiz əməliyyatından sonra işğaldan azad edilsə də, kənd işğalçı qüvvələrin yaxın məsafədəki mövqelərindən daim atəşə tutulurdu. Aprel döyüşləri nəticəsində təcavüzkarlar geri çəkilməyə məcbur edildilər. Hazır­­da müasir üslubda bərpa olunan kənddə rahat yaşayış üçün hər cür şərait yaradılıb.

Qonaqlar Cocuq Mərcanlıda inşa edilmiş Şuşa məscidinin bənzəri olan məscidə və digər infrastruktur obyektlərinə baş çəkib, yerli icma nümayəndələri ilə görüşüblər.

Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti, Fransa parlamentinin sabiq deputatı Jan-Fransua Mansel Cocuq Mərcanlı­da aparılan işləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, azərbaycanlı məcburi köçkünlərin məruz qaldığı humanitar faciənin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm tədbirlər görülməlidir. Assosisasiya və onun üzvləri də bu sahədə məqsədyönlü iş aparacaqlar.

Fransalı qonaqları səfərdə Paris-Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva müşayiət edib.

 

Nazilə XAQANİ

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993