Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri ilə görüş keçirilib

Noyabrın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İş­ləri üzrə Dövlət Komi­tə­sinin sədri Rövşən Rzayev ölkəmizə səfərə gəlmiş Fran­sada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa parlamentinin sabiq deputatı  Jan-Fransua Mansel, assosiasiyanın baş katibi, Paris-Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və təşkilatın digər üzvləri ilə görüşüb.

Görüşdə Ermənistan-Azər­baycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış humanitar fəlakətin fəsadlarının aradan qaldırılması, öz tarixi torpaqlarından didərgin düşmüş 1 milyondan çox qaçqın və məcburi köçkünün sosial problemlərinin həll edilməsi üçün dövlətimizin gördüyü tədbirlər haqqında ətraflı söhbət açılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin sosial siyasətində bu məsələ prioritet istiqamətlərdəndir. Hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərlə təmin edilməsi Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nə­zarətindədir və bu məqsədlə ya­şayış kompleksləri inşa edilir.

Eyni zamanda, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasının vacibliyi vurğulanıb, bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların indiyədək yerinə yetirilməməsinin ciddi narahatlıq doğurduğu bildirilib.

Azərbaycan dövlətinin işğaldan azad ediləcək ərazilərdə bərpa-quruculuq işlərinə hazır olduğunu diqqətə çatdıran komitə sədri 2016-cı ilin aprelində ordumuzun apardığı əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayo­nunun Cocuq Mərcanlı kəndinin dinc həyata qovuşduğunu, yerli sakinlərin geri qayıtmasına hər cür şərait yaradıldığını və onların kənddə inşa edilmiş evlərdə yerləşdirildiyini, məşğulluq məsələlərinin həlli üçün tədbirlər görül­dü­yünü xatırladıb.

Vurğulanıb ki, Ermənistanın ərazi iddiası və işğalçılıq siyasəti barədə beynəlxalq ictimaiyyətin davamlı olaraq məlumatlandırılması və Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi vacibdir. Bu istiqamətdə Fransada Azərbaycanın Dostları Asso­sia­si­yasının üzvlərinin də fəallığı mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədri və Avropa İttifaqının əsas ölkələrindən biri kimi Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mü­naqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həllində fəal iştirakına böyük ümid bəslənilir.

Assosiasiyanın prezidenti Jan-Fransua Mansel Bakıda və Cocuq Mərcanlıda məcburi köçkünlərlə görüşəcəklərini və onların taleyi barədə həqiqətləri Fransada ictimailəşdirəcəklərini bildirib. O qeyd edib ki, dünya ictimaiyyətinin münaqişə qurbanlarının taleyinə biganə qalması yolverilməzdir.

Görüşdən sonra nümayəndə heyəti Yasamal rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada və Abşe­ron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksində vəziyyətlə tanış olub.

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993