İstiqlal yolumuz

Xalqımızın mübarizələrlə do­lu İstiqlalın zirvəsində da­yanması tarixin yaddaşında əbədilik qazanan həqiqətlər sırasındadır və bu, müxtəlif yozumlarla üzləşsə də, danılan, təkzibedilən deyil. Bu gün dövlətimizin imicinin yüksək səviyyədə olması isə onun əsasını qoyan millətin ölməz şəxsiyyətlərinin uzunillik zəhmətlərinin son­ralar yeni çalarlarla zənginləşmiş bəhrəsidir.

Millətin dövlət üçün deyil, dövlətin millət üçün yaradıldığı həqiqətini də buraya əlavə etsək, bir daha aydın olar ki, milli dü­şüncənin və aparılan uğurlu siyasətin vəhdətdə olduğu təkcə cəmiyyətimizdə deyil, beynəlxalq qurumlar tərəfindən də qəbul edilir və dəstəklənir. Qürurludur ki, Azərbaycan xalqının dövlətçilik tarixində milli özünüdərkdən başlayan olaylar dünyanın siyasi salnaməsində şərəfli yerlərdən birini tutur və bu, əlbəttə, asan başa gəlməyib.

Hələ xanlıqlar dövründə rus imperiyasının irticaçı siyasətinə və hərbi təcavüzünə qarşı ölüm-dirim mübarizəsinə qalxan, Və­tə­nin hər qarış torpağı uğrunda həm siyasi, həm də silahlı mübarizə aparan ulularımızın döyüşlərdə cismani məğlubiyyətləri olsa da bu, 1988-ci ildə yenidən başlayan milli özünüdərk və dirçəlişimizdə öyrədici, istiqamətverici amilə çevrilmişdir. Azərbaycan istiqlalının bu gününə qədər keçilən yolunun yolçularının adları hörmətlə, ehtiramla anılan, iftixarla çəkiləndir. Bu gün Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Cavad xanın, habelə  adları yalnız Ulu Tanrıya bəlli olan istiqlal şəhidlərinin ruhu önündə baş əyməklə yanaşı, həm də iftixar hissi keçiririk ki, qılıncla parçalanan Azərbaycanımızın bu gün də əqidəsinə sadiq oğulları var.

Bu baxımdan 1988-ci ilin 17 noyabrı təkcə Qarabağın yaralı səsinə səs verib meydana axışan, millətin çoxdan gözlədiyi Azadlıq yoluna çıxmasına ruhlandıran soydaşlarımızın qürur bayramı deyil, həmçinin qanlı "Gü­lüstan" müqaviləsindən üzübəri Vətəni bütöv və müstəqil görmək istəyənlərin, o cümlədən ötən əsrin 20-ci ilindən sonra sinəsində azad Azərbaycan amalı qür­bətdə qəribsəyən, 36-37-ci illərdə bir neçə dəqiqəlik saxta məhkəmədən sonra barələrində ən ağır hökm çıxarılan H.Cavidin, M.Müş­­­­­­­­­fiqin, Ə.Cavadın, B.Talıb­lının… onlarla azadlıq ideoloqunun və əsgərinin bayramıdır.

Dövrün ağırlıqları altında öm­rünü girov eləyənlər, bu yolda olmazın əzab-əziyyət çəkənlər, ruhu da Vətənə azadlıq gətirilməsinə köklənənlər zamanın istənilən anında olub və bundan sonra da olacaqdır. Vətən də məhz belə vətənpərvərlərilə qüdrətlənir, çi­çəklənir, sayılıb-seçilən olur.

Bu günkü milli müstəqilliyimizin özülünü qoyan milli dirçəlişimizin ayrı-ayrı fərdlərin bəşəri və milli özünüdərkindən başladığı həqiqəti bir daha deməyə əsas verir ki, müstəqilliyi qoruyub sax­lamaq, bəlkə də, onu qazanmaqdan çox çətin və eyni dərəcədə məsuliyyətlidir. Müstəqilliyini bər­pa etdikdən sonra Azərbay­ca­nımızda baş vermiş müxtəlif ictimai-siyasi olaylar xronologiyasına ötəri baxış belə, yuxarıda dediklərimizi bir daha təsdiqləyir. Müstəqilliyimizin, dövlətçiliyimizin təhlükə altında olduğu qanlı olaylarda Ulu Öndərimiz Heydər Əliyevin iradəsi və qətiyyəti, təşkilatçılıq səriştəsi özünü bir daha göstərib. Bu gün isə dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtidarı Ulu Öndərin ideyalarını, siyasi kursunu şərəflə davam etdirməkdə, ölkə vətəndaşlarının rifahını ildən-ilə yaxşılaşdırmaqda, qaçqın və məcburi köçkün problemini həll etməkdə, ən vacibi isə Ermə­nistan-Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsini çözməkdədir. Möhtərəm Prezidentimizin həm daxili, həm xarici siyasi kursunun bundan sonra da Millətin, Vətənin mənafeyinə xidmət edəcəyi isə hər kəsin arzusu olmaqla, həm də şübhə doğurmayan həqiqətdir. Özünüdərkdən yaranan İstiq­lalımızın bəhrəsi olan bu həqiqətin işığında yeni zəfərlərə imza atmaq isə sağlam düşüncəli hər kəsin tarixi borcudur.

 

Nəsib QARAMANLI

 

 

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993