"Cocuq Mərcanlı" brendi ilə ...

İşğaldan azad edilmiş kənddə yaradılan təsərrüfatlar öz məhsullarını satışa çıxarırlar

İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbay­can­dakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində artıq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış istixanalarda və arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların satışı həyata keçirilir.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu­nunla əlaqədar oktyabrın 3-də Cocuq Mər­canlıda Tür­ki­yə­nin Azərbaycandakı səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), İqtisadiyyat Nazirliyi­nin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agent­li­yinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Döv­lət Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Tür­kiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB), "Ziraat Bank Azərbaycan" ASC-nin nü­mayəndələrinin və sahibkarların iştirakı ilə tədbir keçirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının iqtisadi inkişaf kursuna uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycan Prezidentinin yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birgə layihələrin icrasının Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin daha bir nümunəsi olduğunu vurğulayan Sahib Məmmədov belə layihələrin icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib, layihə çərçivəsində yaradılmış təsərrüfatlarda istehsal edilən məhsulların artıq "Cocuq Mərcanlı" logosu altında satışa çıxarıldığını diqqətə çatdırıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və TİKA-nın Bakı nümayəndəliyinin proqram koordinatoru Teoman Tiryaki Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafında əhəmiyyətini vurğulayıb, belə layihələrin bundan sonra da reallaşdırılacağını diqqətə çatdırıblar.

Tədbir çərçivəsində "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Dövlət Aqrar Ticarət Şirkəti" MMC, "Azərsun Holdinq", "Veysəloğlu" şirkətləri Cocuq Mərcanlıda fəaliyyət göstərən istixana və arıçılıq təsərrüfatlarında is­teh­sal edilmiş məhsulların satın alınmasını həyata ke­çi­rib. Bu təsərrüfatlardan əldə olunacaq məhsulların satışına dəstək göstərilməsi məqsədilə Kənd Təsər­rüfatı Nazirliyinin tabeliyindəki "Dövlət Aqrar Ticarət Şirkəti" MMC ilə Cocuq Mərcanlı fermerləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən Cocuq Mərcanlı kənd orta məktəbinə Neftçala Sənaye Məhəlləsində istehsal olunan "Xəzər" avtomobili hədiy­yə edilib.

Cocuq Mərcanlı sakinləri göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları istixana və arıçılıq təsər­rüfatlarında istehsal edilmiş məhsullarla və suvenir istehsalı müəssisəsinin tikintisi ilə tanış olublar.

 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!
XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 02.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993